Bu gün 460 müəllim müsahibədən keçib
Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb. Bu mərhələdə ərizəsi təsdiq edilmiş 763 müəllim iştirak edir. Müsahibələr 26-27 aprel 2018-ci il tarixlərində təşkil olunacaq.
Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlər üçün müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilir. Müsahibələrdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edir.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib ki, 2017-ci ildə müəllimlərin işə qəbulu ilə bağlı test imtahanı mərhələsində müvafiq keçid balı toplayan, lakin vakant yerə qəbul ola bilməyən müəllimlər bu tədris ili ərzində yeni yaranan vakant yerlərə, yaxud müsabiqədə tutulmayan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə cəlb olunublar. Ölkə üzrə belə müəllimlərin sayının 2 mindən çox olduğunu deyən nazirlik rəsmisinin sözlərinə görə, həmin müəllimlərin işə qəbulu prosesinin mərkəzləşmiş qaydada həyata keçirilməsi məqsədilə onların proqram təminatı vasitəsilə elektron qeydiyyatı aparılıb və müraciət edən müəllimlərin daimi əsaslarla işə qəbulu məsələsinə baxılması qərara alınıb: “Martın 29-dan aprelin 4-dək elektron qeydiyat keçirilib. 2800-ə yaxın müəllim qeydiyyatdan keçsə də, 800-ə yaxın müəllim müsahibəyə dəvət olunub. 2017-ci ildə müəllimlərin işə qəbulu ilə bağlı test imtahanı mərhələsində müvafiq keçid balı toplasa da, vakant yerlərə qəbul ola bilməyən müəllimlərin cəlb edildiyi müsahibələr iki gün davam edəcək. Müsahibənin ilk günündə ibtidai sinif, musiqi və fiziki tərbiyə müəllimlərindən ibarət 460 nəfərə yaxın namizəd iştirak edib”.
Müsahibələrin nəticələri gələn həftənin əvvəlində açıqlanacaq. Bu barədə hər bir namizədin şəxsi səhifəsinə məlumat yerləşdiriləcək.
Ruhiyyə DAŞSALAHLI