Oktyabrın 2-də Avropa İttifaqının maliyyələşdirdiyi və YUNİSEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimat mərasimi keçirilib.

 

Tədbirin keçirilməsində məqsəd məktəbəqədər təhsilin əhəmiyyətini və bu sahədə ötən 1 il ərzində görülən işləri ictimaiyyətin diqqətinə çatdırmaq olub.

 

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin müavini Min Yuan, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

 

Əvvəlcə layihənin təqdimat videosu nümayiş edilib.

 

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biri olan məktəbəqədər təhsilin əhəmiyyətindən və bu sahədə əldə edilmiş nailiyyətlərdən danışıb. Təhsil nazirinin müavini erkən yaş dövründə öyrənilən hər bir bacarıq və vərdişin uşağın məktəbdə oxumasına, eləcə də sonrakı həyatı boyu necə öyrənməsinə böyük təsir göstərdiyini vurğulayıb.

 

Nazir müavini qeyd edib ki, Azərbaycanda məktəbəqədər təhsil səviyyəsinin inkişafı istiqamətində mühüm addımlar atılır və son üç ildə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb göstəricisi 24 faizdən 75 faizə kimi artırılıb.

 

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev çıxış edərək layihə ilə bağlı ətraflı məlumat verib. Emin Əmrullayev bildirib ki, layihə çərçivəsində 10 rayonda 50 icma seçilib, hər icmada orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq layihəyə cəlb olunub.

 

YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin müavini Min Yuan icrasına başlanılan bu yeni təşəbbüs sayəsində ölkədə uşaqların məktəbəqədər təhsilə cəlbinin əhəmiyyətini vurğulayıb. Min Yuan əlavə edib ki, YUNİSEF hər zaman məktəb yaşına çatmamış uşaqlar üçün yeni kurikulum və tədris materiallarının işlənib hazırlanmasında, yeni metodologiyalar üzrə təlimlər keçirilməsində Təhsil Nazirliyinə dəstək göstərib. 

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə öz növbəsində deyib ki, Azərbaycanda uşaqların məktəbəqədər təhsildən yararlana bilməsi üçün imkanlar yaradır və bunun üçün Avropa ölkələrinin ən yaxşı modelləri axtarılır.

 

Daha sonra layihə ilə bağlı təqdimatlar olub, digər çıxışlar dinlənilib.

 

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakını təmin etmək, şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.

 

2018-2019-cu tədris ilində icma əsaslı məktəbəqədər təhsil qrupları Bakı şəhəri və 10 rayonda 100 icmada 2 mindən çox uşağı əhatə etməklə fəaliyyətə başlayıb. Cari tədris ilində isə bu qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur.