Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin yekun nəticələri bəlli olub. 

 

Müsabiqənin müsahibə mərhələsində uğurlu nəticə göstərən 404 nəfərin 246-sı vakansiya seçimi prosesinin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanıb. Onlardan 35-i təlim-tərbiyə işləri üzrə direktor müavini, 26-sı tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 8-i gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 18-i psixoloq, 16-sı uşaq birliyi təşkilatı rəhbəri,  116-sı laborant, 27-si kitabxanaçı vəzifəsinə işə qəbul olub.

 

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, kitabxanaçı, uşaq birliyi təşkilatı rəhbəri, laborant vəzifəsi üzrə işə qəbul hüququ qazanmış şəxslər şəxsi işləri ilə birlikdə müvafiq ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər.

 

Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələrinə işə qəbul hüququ əldə etmiş şəxslər əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən dəvət ediləcək.

 

Müsahibə mərhələsində uğurlu nəticə göstəməsinə baxmayaraq müsabiqədə iştirak edən digər iştirakçıların daha yüksək nəticə göstərməsi səbəbindən seçdikləri vakansiyalar üzrə yerləşə bilməyənlər yeni vakansiyalar yarandıqca işə qəbul üçün dəvət ediləcək.

 

Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.