Yeni direktorlar məktəb idarəetməsində


Azərbaycanda kənddən-şəhərə bütün məktəblər dəyişir. Təhsil müəssisələrinin görünüşü müasirləşir, müəllimləri gəncləşir. Təbii ki, belə məktəbləri idarə edənlər də çevik, səriştəli, bacarıqlı və peşəkar olmalıdırlar.  Məktəblərə  məhz  bu  tələblərə  cavab  verən layiqli direktorların göndərilməsi üçün mərhələli seçim prosesi həyata keçirilib və 4 mərhələni uğurla başa vuran müəllimlər direktor kimi işə başlayır. Bu günlərdə, konkret desək, sentyabrın 13-də 61 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsində işə başlayıb.

 

2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqənin nəticəsinə əsasən aparılan bu təyinatlardan biri Lənkəran rayonu Tükəvilə kənd tam orta məktəbi ilə bağlıdır. Belə ki, sözügedən məktəbin də yeni tədris ilindən gənc, çevik, təşəbbüskar, fəal, səriştəli direktoru var.

 

Günay İsmayılova məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir. 12 il əvvəl Lənkəran Dövlət Universitetini bitirib məktəbə gələndə ilk dəfə sinfə daxil olduğu günü belə xatırlayır: “2007-ci ildə ali məktəbdən məzun olub məktəbə təyinat aldım. Amma ailə vəziyyətimlə bağlı bir il sonra təyinat yerimdə işə başlaya bildim.

 

Siniflərdə şagirdlər arasında qızların sayının nisbətən az olması diqqətimdən yayınmadı. Məktəb direktorunun təlimatı ilə evlərə gedir, ailələrlə söhbət edirdim. Gənc olaraq məktəbdə işə başlayan kimi qızların məktəblərə göndərilməsi üçün hər fürsətdə valideynlərlə söhbət edirdim. Həm məktəbdə gənc qadın müəllimin olması, həm də söhbətlərimiz işə yaradı və yavaş-yavaş siniflərdə qızların sayı artmağa başladı. Təsəvvür edin ki, 2010-cu ilə qədər kənddən bir qız belə ali təhsil almamışdı. Amma artıq hər il məktəbimizdən ali məktəbə qəbul olunan olur”.

 

Özü də qız anası olan Günay İsmayılovanın hazırda VIII sinifdə oxuyan yeganə övladı da bu məktəbin şagirdidir: “Qızımı da özümlə rayon mərkəzindən 23 kilometr uzaqda olan məktəbə aparıb gətirirəm. Əslində, başqa məktəbə qoymaq üçün vaxtım imkan vermədiyi üçün öz məktəbimizə aparmaq məcburiyyətində qalmışam. Ancaq deyə bilərəm ki, məktəbimiz də verdiyi təhsilə görə başqa məktəblərdən geri qalmır”.

 

“Etimada layiq olmaq üçün əlimdən gələni edəcəyəm”

 

Məktəbin keçmiş direktorunun təqaüd yaşına çatması ilə Günay müəllimin direktorluq məsələsi gündəmə gəlib. O vaxta qədər təşkilati işlərin yerinə yetirilməsində fəallıq göstərdiyi üçün direktor vəzifəsinin icrası da məhz ona tapşırılıb: “3 ildir ki, direktor vəzifəsini icra edir və direktorların işə qəbulu imtahanlarına qatılırdım. Nəhayət, bu il müsabiqədə göstərdiyim nəticələr mənə etimad göstərilməsinə imkan verdi. Belə bir şərait yaratdığına görə də dövlətimizə, Təhsil Nazirliyinə minnətdaram. Təyinatla gəldiyim üçün imtahan verib işə başlamağın məsuliyyətini hiss etməmişdim. Direktorların işə qəbulu üzrə müsabiqə bu həyəcanı və imtahanla, seçimlə vəzifəyə təyin olunmağın qürurunu mənə yaşatdı. Təbii ki, mən də bu etimada layiq olmaq üçün əlimdən gələni edəcəyəm”.

 

Gənc direktorun sözlərinə görə, 2014-cü ildə istifadəyə verilən ən müasir məktəbdə 28 nəfərlik müəllim kollektivinə rəhbərlik etmək onun üçün bir başlanğıcdır: “Artıq bir neçə ildir ki, məktəbimizin göstəriciləri yüksəlir. Bu il 14 məzunumuzdan 4 nəfəri ali məktəbə, 1 nəfəri Tibb Kollecinə, 2 nəfəri isə peşə məktəbinə daxil oldu. Ötən il 2 qız məzunumuz ali məktəb tələbəsi adını qazandı. Onlardan biri 622 balla Azərbaycan Tibb Universitetinə daxil oldu. Bu, bizim indiyədək olan ən yüksək göstəricimiz olub”.

 

Gənc məktəb direktoru işə fəal başlayacaq. Məktəbini idman meydançalarında da, yaradıcılıq sərgilərində də, bilik yarışlarında da eyni dərəcədə uğuru görmək istəyir: “Məktəblilərimiz 2 ildir ki, olimpiadalara qatılır. Doğrudur, hələ yer tuta bilməmişik, ancaq bu yolda davam etməkdə qərarlıyıq.  Sərbəst güləş üzrə rayon səviyyəsində keçirilən yarışlarda Ramal adlı şagirdimiz birincilik qazanıb. Rəsm müsabiqələrinə də qatılan, ancaq hələlik yer tuta bilməyən şagirdimiz var. Onun bu bacarığından məktəbimizdəki tərtibat işlərində istifadə edirik”.  

 

“Direktor olaraq hədəflərimə nail olacağam”

 

Ələşrəf Bağırov Səmədabad kəndində doğulub, bu məktəbdə hərfləri, sözləri öyrənib. Ali təhsil almaq üçün kənddən  çıxıb, təhsilini tamamlayan kimi  geri qayıdıb. Azərbaycan Beynəlxalq Universitetinin məzunu kimi... Sözügedən universiteti Tarix-ictimaiyyat müəllimliyi ixtisası üzrə tamamlayıb. Rayon mərkəzindən 27 kilometrə qədər məsafədə yerləşən kənd məktəbində müəllim kimi işə başlayıb və qısa müddətdə nüfuz qazanıb. Nüfuzu yavaş-yavaş rayon mərkəzinə doğru yayılıb. Nəticədə sentyabrın 13-dən başlayaraq Goranboy rayonunun Səmədabad kənd tam orta məktəbində direktordur.

 

Əslində, direktorluğa 2017-ci ilin dekabrından başlayıb, əvəzedici şəxs olaraq. Səmədabad kənd tam orta məktəbinin müəllimi 2011-ci ildən həm də Goranboy Rayon Təhsil Şöbəsində metodist idi. Fəallığı ilə nəinki məktəbdə, elə rayon ərazisində də fərqlənirdi.  Sonra gənc müəllimin direktorluğa namizədliyi verilib: “Ailəmdə müəllim çoxdur. Atamla anam da müəllim idilər. Evdə onlardan, məktəbdə müəllimlərdən öyrəndim. Sonra məndən böyük bacılarım da müəllim oldu. Evin ən kiçiyi idim. Odur ki, gözümü açandan hamını müəllim kimi gördüyümdən, başqa ixtisasın olmadığına inandım. Böyüyüb mən də müəllim oldum”.

 

Ailədən gələn müəllimlik, deyəsən növbəti nəsildə də davam edəcək. Belə ki, Ələşrəf müəllimin uşaqları da müəllim ailəsində böyüyür. Həyat yoldaşı da özü kimi müəlimdir. Magistraturanı tamamladıqdan sonra o da rayona qayıdaraq pedaqoji fəaliyyətə başlayıb: “Bir qızım, bir oğlum var. Ancaq, düzü, bilmirəm hansı müəllim olacaq. İndiki uşaqlar bizim kimi deyillər. Kurikulumla dərs keçirik onlara. Yeni təhsil proqramı ilə uşaqlar sərbəst böyüyür, fikrini istədiyi şəkildə ifadə edirlər. Heç bir məsələdə onları yönləndirmək mümkün olmur, öz istəyimizi diqtə edə bilmirik”.

 

Səmədabad kəndində 220 yerlik məktəb binası 2011-ci ildən istifadəyə verilib. Beşyaşlı məktəbəhazırlıq qrupu da daxil olmaqla hazırda burada 163 şagird təhsil alır: “Builki məzunlarımızdan yüksək nəticələr gözləyirik. Ümumiyyətlə, şagirdlərimizin hazırlığına xüsusi diqqət yetiririk. Bu il və ötən il ali məktəblərə qəbul olunan məzunlarımıza sevindik. Hər il gözümüzü güldürəcək şagirdlərimizin sayının artmasını istəyirik. Bunu hədəfimizə çevirmişik. Builki 1 məzunumuz ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etdi və Gəncə Dövlət Universitetinə qəbul olundu. Ötənilki məzunlarımızdan isə biri Bakı Dövlət Universitetinə daxil olmuşdu”.

 

Ələşrəf Bağırov məktəbin göstəricilərini yaxşılaşdırmaq üçün  əlindən gələni edəcək: “Müəllimlər məktəblərə imtahanla göndərilir. Həm müəllimlər, həm də direktorlar imtahanla seçilir. Şəffaf şəkildə keçən bu prosesin sonunda bacarığı olanlar vəzifəyə təyin olunurlar. Bu prosesin ən yaxşı tərəfi odur ki, imtahanın nəticələri dərhal bəlli olur. Mən də həyəcanlı günləri arxada qoydum. Ümid edirəm ki, direktor olaraq hədəflərimə nail olacaq, bir neçə il içərisində rəhbərlik etdiyim məktəbin nəticələrinin yaxşılaşdırılmasını təmin edə biləcəyəm. Çünki məndən gözlənilən budur. Ancaq bu yolla göstərilən etimadı doğrultmaq mümkündür”.

 

Ruhiyyə DAŞSALAHLI