Sentyabrın 23-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə ikinci turun nəticələri açıqlanıb.

 

Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 1575 namizəd uğur qazanıb.

 

Müəllim adını qazanmış şəxslər sentyabrın 25-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifəsində işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti üzrə təqdim etməlidirlər.

 

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş müəllimlər müvafiq sənədlərini aidiyyəti ümumi təhsil müəssisəsinə, digər vakansiyalara yerləşən şəxslər isə aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Daha sonra namizədlər şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamalıdırlar. Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti müəssisə tərəfindən təsdiq olunmuş şəxslərin işə qəbulu rəsmiləşdiriləcək.