“Gələcəyini qur” Gəncliyə dəstək layihəsi çərçivəsində uğur qazanaraq ali məktəbə qəbul olan tələbələrlə görüş keçirilib. Görüşdə  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, BP-nin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və digər şəxslər iştirak edib.

 

Qeyd edək ki, layihə BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları tərəfindən dəstəklənir. “Gələcəyini qur” layihəsinin məqsədi aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlanmasına dəstək olmaqdır. Layihə iştirakçılarına XI sinif şagirdləri, eləcə də fiziki imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan ali təhsil müəssisələrinin məzunları daxildir.

 

Onu da nəzərə çatdıraq ki, BP və tərəfdaşları ötən 3 il ərzində bu layihəyə dəstək verərək Qaradağ, Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayonlarında yaşayan 200-dən çox gəncin bu imkandan yararlanmasına şərait yaradıb. Bu il də layihəyə qoşulan gənclərin 78 nəfəri tələbə adını qazanıb.

 

Görüşdə çıxış edən layihə rəhbəri Bəhruz Hidayətzadə layihə çərçivəsində görülən işlərdən söhbət açıb. Layihədən yararlanaraq tələbə adını qazananları təbrik edib, onlara uğurlar arzulayıb.

 

BP-nin vitse-prezidenti B.Aslanbəyli çıxış edərək layihənin əhəmiyyətinə toxunub. Qeyd edib ki, BP layihənin dəstəyi ilə gələcək karyera yolunu seçən gənclərin uğurlarından məmnunluq hissi keçirir. Vitse-prezident layihənin builki nəticələrinin çox ürəkaçan olduğunu, layihədə iştirak edən məzunların qəbul imtahanlarında yüksək nəticələr əldə etdiyini sözlərinə əlavə edib. B.Aslanbəyli onu da qeyd edib ki, bu günə qədər  207 nəfər layihədə iştirak edib.  İştirakçılardan təxminən 188 nəfəri, ümumilikdə 91%-i tələbə adını qazanıb. Bu təşəbbüsün uğurlu nəticələrinə əsaslanaraq BP və tərəfdaşları layihəni növbəti ildə davam etdirməyi və onu daha da genişləndirərək Hacıqabul rayonunu  da əhatə etməyi qərara alıblar.

 

Görüşdə tələbə adını qazananlar da çıxış edib. Onlar layihədən yüksək şəkildə yararlandıqlarını bildiriblər. Eyni zamanda, layihənin onlar üçün açdığı geniş imkanlardan söhbət açaraq dərin minnətdarlıqlarını bildiriblər.

 

Sonra layihə çərçivəsində tələbə adını qazananlara hədiyyələr təqdim olunub. Hədiyyələr tələbələrə Təhsil nazirinin müavini M.Vəliyeva, B.Aslanbəyli və digər şəxslər tərəfindən  təqdim edilib.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

Niyazi RƏHİMOV