Prezident təqaüdçülərinin uğur hekayələri
Hər birimizin həyatında elə illər var ki, xatırlayanda insanı xoş hisslər bürüyür, bir neçə dəqiqəlik də olsa yenidən o günləri yaşayırsan. Etiraf edək ki, tələbəlik həyatı da məhz bizlərin sevə-sevə xatırladığı gözəl anlardandır.
Builki ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri yüksək nəticələrlə tələbə adına layiq görülən gənclərimiz də elə tələbəlik illərinin ilk günlərini yaşayırlar. Müsahibimiz olan tələbələr həm də Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə əhatə olunan gənclərdir. Belə ki, onlar dövlət başçısının müvafiq sərəncamına əsasən 2019-2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək ölkənin müxtəlif ali məktəblərinə daxil olmuş Prezident təqaüdünə layiq görülən 102 tələbənin siyahısında adları yer alan gənclərdir. Onlar da sələfləri kimi tələbə qəbulu imtahanlarında xüsusi fərqlənərək gəncliyimizin intellektual elitasını təmsil edirlər.
Ali məktəblərə qəbulda uğurlu nəticələrə nail olan gənclərimiz müəllim yanına getmədən belə yüksək bilik nümayiş etdiriblər. Həmsöhbətimiz olan tələbələr orta məktəbdə təhsil aldıqları 11 il ərzində dərslərə qarşı diqqətlə yanaşmağın vacibliyinə və digər məqamlara diqqət çəkiblər.
“Heç bir repetitor yanına hazırlığa getməmişəm”
Almaz ZEYNALLI: -22 iyul 2002-ci ildə Neftçala rayonu Xıllı qəsəbəsində müəllim ailəsində anadan olmuşam. 2008-ci ildə R.Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbdə, sonradan isə Biləsuvar rayonu Mübariz İbrahimov adına Bağça - Məktəb - Lisey Kompleksində təhsilimi davam etdirmişəm. Təhsilimi fərqlənmə attestatı ilə bitirmişəm. Bu il ali məktəblərə qəbul imtahanlarında 679.5 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıram.
Hələ məktəb illərində keçilən bütün fənlərə diqqətlə yanaşır, dərsləri mükəmməl öyrənməyə çalışırdım. Bilirdim ki, bunlar mənə gələcək təhsil həyatımda lazım olacaq. Məktəbdə oxuduğum illərdə fəal olmağa çalışmışam. Fənn olimpiadalarının respublika mərhələsində coğrafiya fənni üzrə 2017-ci ildə qızıl, 2019-cu ildə gümüş medala layiq görülmüşəm. Qəbul imtahanına hazırlaşarkən heç bir repetitor yanına hazırlığa getməmişəm. Bunun səbəbi isə sadədir - liseyimizdə keçirilən mükəmməl dərslər və təbii ki, əzmlə çalışmaq. Təhsil aldığım liseydə tədrisin keyfiyyəti hər zaman yüksək olub. Buna görədir ki, artıq neçə illərdir təhsil müəssisəmiz ali məktəblərə qəbul üzrə ölkə lideridir.
Bilirsiniz, hər bir abituriyent hazırlığa getmədən də yüksək nəticə əldə edə bilər. Bunu mən öz təcrübəmə əsasən deyirəm. Dayanmadan gecə-gündüz oxumamışam, sadəcə, mənə lazım olanları dərindən mənimsəyərək yadda saxlamışam və istirahətə də vaxt ayırmışam.
Qəbul imtahanlarına çox ciddi şəkildə hazırlaşmışdım və bunun üçün çox əziyyətlər çəkdim.Və sonunda əziyyətimin bəhrəsini gördüm. Təbii ki, bu, təkcə mənim yox, həm liseyimizin rəhbərliyinin, mənə dərs deyən müəllimlərimin, həm də hər zaman dəstəyini göstərən valideynlərimin uğurudur.
Mənə dərs demiş bütün müəllimlərə minnətdaram. Amma sırf abituriyent dönəmində bizə dərs deyən müəllimlərimin adlarını xüsusi vurğulamaq istərdim. Üzeyir Əliyevə (coğrafiya fənni üzrə), Gözəl Məhərrəmovaya, Feyruz Məmmədova (riyaziyyat fənni üzrə), Ziya Mirzəyevə (tarix fənni üzrə), Əsmər Məmmədovaya, Rövşən Adıyevə (Azərbaycan dili və ədəbiyyat fənni üzrə), həm ingilis dili müəllimim, həm də hər zaman ən böyük dəstəkçilərimdən biri olan anam Nüşabə Zeynalovaya və digər müəllimim Firuzə İbayevaya dərin təşəkkürümü bildirirəm. Adlarını sadaladığım müəllimlərimin həm də mənim şəxsiyyət kimi formalaşmağımda danılmaz rolu var.
Bir də ki, özümə hər zaman inanmışam və bu hiss gərgin və həyəcan dolu imtahan günündə belə məni tərk etməyib.
Adımı Prezident təqaüdçülərinin siyahısında görəndə çox sevindim. Liseyimizin builki məzunları arasında 4 nəfər Prezident təqaüdçüsü var. Sevinir və əlbəttə, qürur duyuram ki, onlardan biri də mənəm. Hər zaman istedadlı gənclərə xüsusi diqqət və qayğı göstərən ölkə başçısı İlham Əliyevə minnətdaram. İnanıram ki, bizlər də bu etimadı doğruldacağıq.
Bu gün ali məktəblərə hazırlaşan şagirdlərə nəyi demək istərdim? Sadəcə uğura inanın. İnansanız, ona doğru addımlayacaqsınız və bu zaman heç bir maneə sizə ciddi görünməyəcək. Arada fasilə verin, sevdiyiniz işlərlə məşğul olun. Özünüzü həmişə hər şeyin yaxşı olacağına əmin edin.
Ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi ixtisasını seçməyimə səbəb burada mükəmməl təhsil alaraq, müəyyən təcrübə topladıqdan sonra ölkə iqtisadiyyatının inkişafına öz töhfəmi verməkdir.
“Prezident təqaüdünə layiq görülməyimi çox arzulayırdım”
Nərmin SADIQOVA: - 22 may 2002- ci ildə Şamaxı rayonu Göylər kəndində anadan olmuşam. Bu il Göylər kənd 1 nömrəli orta məktəbi fərqlənmə attestatı ilə bitirərək Bakı Dövlət Universitetinn Hüquq fakültəsinə 675.3 balla qəbul olundum.
Bölgələrdə, xüsusilə kənd məktəblərində təhsilin aşağı səviyyədə olması fikri ilə razı deyiləm. Heç kim deməsin ki, kənd məktəbidir, burada təhsil alanlar yüksək nəticə əldə edə bilməz. Bunun üçün sadəcə çox çalışmaq, səy göstərmək lazımdır. Uşaqlıqdan hüquqşünas olmağı arzulamışam və düşünürəm ki, əslində oxuyan üçün kənd və ya şəhərin fərqi yoxdur. Fikrimcə, oxumaq, məqsədinə nail olmaq istəyən harada yaşamasından asılı olmayaraq öz arzusuna çatacaqdır. Elə mənim kimi. Hüquq fakültəsinə qəbul olmağı çox istəyirdim. Yüksək bal toplamağı isə hələ məktəbdə oxuduğum illərdə özüm üçün hədəfləmişdim.
Hec bir repetitor yanına getmədən ali məktəblərə keçirilən qəbul imtahanına müstəqil olaraq hazırlaşdım. Ciddi hazırlığım və çəkdiyim əziyyət yerdə qalmadı.
Mənə yüksək savad verən müəllimlərim Xoşqədəm İsrafilovaya, Əsmər Əliyevaya, Mail Qasımova, Nuriyyə Abdullayevaya, Yeganə Məmmədovaya və hər zaman dəstəkçim olan, uğurlu nəticə göstərəcəyimə inanan məktəbimizin direktoru Əlyusif Qəniyevə sonsuz təşəkkürlərimi bildirirəm. Məktəbimizdə yüksək səviyyədə dərs keçilir. Məhz bunun nəticəsidir ki, hər il çoxlu şagird yüksək balla universitetlərə qəbul olur.
Etiraf edim ki, Prezident təqaüdçüsü olmağımı çox arzulayırdım. Prezident təqaüdünə layiq görülən 102 tələbənin siyahısında adımı görəndə nə qədər sevindiyimi sözlə ifadə etmək çox çətindir. Necə deyərlər “qanadım olsaydı uçardım”.
Ali məktəbə qəbul olmaq istəyən hər kəs ilk öncə məktəbdə fənlərini yaxşı oxumalıdır. Şagirdlərimiz özlərinə güvənməli, əzmlə çalışmalıdırlar. Çəkilən əziyyət hər zaman qiymətləndirilir, yetər ki, qarşıya qoyduğunuz hədəfləriniz olsun.
Mənə bəslənən ümid və etimadi doğrultmaq, uğurlarımla valideynlərimi, eləcə də müəllimlərimi sevindirmək istəyirəm.
“Ali məktəbə yüksək balla daxil olmağın sirri heç də repetitorla hazırlaşmaqda deyil”
Seyid Bəyim HÜSEYNOVA: - 3 yanvar 2002-ci ildə Moskva şəhərində anadan olmuşam. Atam vəfat etdikdən sonra 6 yaşımda ailəmlə Göyçaya gəlmişik. İbtidai təhsilimi 2008-ci ildə Göyçay rayonu Məhəmməd Füzuli adına 6 nömrəli tam orta məktəbdə almışam. Sonra təhsilimi Göyçay rayonu 1 nömrəli tam orta məktəbdə davam etdirmişəm.
Məktəb illərində bir çox rayon tədbirlərində iştirak və çıxış etmişəm. 2017-ci ildə Bakıda keçirilən IV Beynəlxalq Uşaq Forumunun iştirakçısı olmuşam. Həmcinin, 2018-ci ildə İctimai Televiziyada yayımlanan “Əlaçı” verilişində iştirak etmişəm.
Builki ali məktəblərə qəbul imtahanlarında 680.2 bal toplayaraq rayon birincisi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşam.
Niyə məhz hüquq fakültəsi? Bu sual mənə çox verilir. Mənim üçün həyatda əsas amil ədalətli bir vətəndaş olmaqdır. Özümü hər zaman insanların müdafiəçisi kimi görürəm. Kimsəsizlərə, qocalara, fiziki cəhətdən qüsurlu insanlara yardım etmək, onların hüquqlarını qorumaq, problemlərini həll etmək istəyirəm.
Son illər cəmiyyətdə bir fikir də formalaşıb ki, repetitor yanına getmədən ali məktəbə qəbul olunmaq mümkünsüzdür. Düşünürəm ki, bu, yanlış və eyni zamanda ali məktəbə qəbul olmaq istəyənləri ruhdan salan bir fikirdir. Əslində repetitor yanına getmədən belə ali məktəbə qəbul olmaq olar. Bunun üçün isə hələ ibtidai təhsil dövründən təməl düzgün qurulmalıdır. Məktəbə gələn şagird bilik almaq arzusunda olmalı, keçilən fənlər arasında fərq qoymamalı, dərslərdə hazırlıqlı iştirak etməlidir. Planlaşdırılmış şəkildə oxumaq və istirahətə də vaxt ayırmaq vacibdir. Şəxsən tələbə kimi mən indi də bunlara ciddi riayət edirəm.
Əlbəttə, əldə etdiyim uğur, eyni zamanda 11 il təhsil aldığım doğma məktəbimin də nailiyyətidir. Bitirdiyim məktəbdə çox gözəl təlim-tərbiyə mühiti var. Savadlı və yüksək biliyə malik müəllimlərdən dərs aldığım üçün özümü şanslı məzunlardan sayıram.
Mənə ən çox yardımçı olan isə tarix müəllimi Telli İbrahimova, Azərbaycan dili və ədəbiyyat müəllimləri Tehranə Hacıyeva və Fəridə Mahmudova, riyaziyyatdan isə Zülfiyyə Kərimova olub. Müəllimlərimə həyatım boyunca borcluyam, çünki onların mənim üzərində əziyyətləri böyükdür. Və həmçinin bizə keyfiyyətli təhsil almağımıza şərait yaratdığına görə məktəbimizin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.
Bu il mənim üçün düşərli oldu. Belə ki, həm tələbə adını qazandım, həm də Prezident təqaüdünə layiq görüldüm. Bir gənc üçün bundan gözəl nə hədiyyə ola bilər? Mənə olan bu etimadı layiqincə doğrultmaq istəyirəm.
Bu günün şagirdlərinə deyəcəklərim var: “Ali məktəbə yüksək balla daxil olmağın sirri heç də repetitorla hazırlaşmaqda deyil. Bunun üçün öyrənmək, oxumaq, iradəli olmaq və zəhmət çəkmək lazımdır”.
“Uğur qazanmaq üçün özünə güvənli olmaq lazımdır”
Qızbəs SƏFƏRZADƏ: - 1 avqust 2002-ci ildə Sumqayıtda anadan olmuşam. Atam və anam ixtisasca müəllimdirlər. 2008-ci ildə Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyaya qəbul olunmuşam. Sonradan təhsilimi Füzuli rayonu 54 nömrəli tam orta məktəbdə davam etdirmişəm və orta məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. 2019-cu ildə keçirilən respublika fənn olimpiadalarında kimya fənni üzrə rayon turunun qalibi olmuşam.
Uşaqlıqdan xəyalımdakı peşə həkimlik idi. İnsanlara kömək etmək, onların sağlamlığının keşiyində durmağı arzulayırdım. 684 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olundum.
Fikrimcə, uğur qazanmaq üçün özünəgüvənli və iradəli olmaq lazımdır. Yalnız güclü iradəyə malik, eyni zamanda məsuliyyətli olan şagird məqsədinə çata bilər. Heç bir müəllim hazırlığından keçmədən belə ali məktəbə yüksək balla qəbul olunmaq olar. Yetər ki, bunun üçün istək, arzu olsun.
Oxuduğum 11 il ərzində müəllimlərim və valideynlərim tərəfindən hər zaman dəstək görmüşəm. Mənim üzərimdə əməyi keçən müəllimlərimdən Faidə Abbasovaya, Aynur Soltanovaya, Məlahət Xankişiyevaya, Şəriqə Hacıyevaya minnətdaram ki, mənə qəbul imtahlarında yüksək nəticəyə nail olmaq üçün yüksək savad və bilik veriblər.
Yüksək bal toplayacağıma inanırdım, çünki imtahanlara məsuliyyətlə və olduqca ciddi hazırlaşmışdım. İnanmaq bacarmağın yarısıdır. İnam olmazsa, uğur əldə etmək də olmaz.
Prezident təqaüdünə layiq görülməyim isə məsuliyyətimi daha da artırıb. Ölkə Prezidentinin diqqət və qayğısını biz gənclər hər zaman hiss edirik.
Əsas məqsədim universiteti əla nəticələrlə bitirərək ixtisaslı kadr kimi xalqımıza layiqincə xidmət etmək, insanların sağlamlığının keşiyində durmaqdır.
Bu danılmaz həqiqətdir ki, repetitorsuz, müstəqil hazırlaşmaqla da yüksək nəticə əldə etmək olar... Öz bilik və dərin zəkaları, eyni zamanda gərgin zəhmətləri hesabına, müəllim yanına getmədən belə, yüksək nəticələr göstərərək ali məktəbə qəbul olunmaları ilə uğur hekayələrini yazan tələbələrimizin nəticələri bir daha son illər orta ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəlməsindən, müəllimlərimizin işlərinə daha məsuliyyətlə və peşəkarcasına yanaşmasından soraq verir.
Samirə KƏRİMOVA