Prezident təqaüdçüləri dövlət dəstəyindən razılıq edirlər
Son illər ölkəmizin təhsil sistemində aparılan məqsədyönlü işlər ümumtəhsil məktəblərimizdə təhsilin keyfiyyət göstəricilərinin ildən-ilə yaxşılaşması ilə müşayiət olunmaqdadır. Keyfiyyətli tədris mühiti, peşəkar müəllim faktoru orta məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəricilərində də özünü göstərib. Və bu il ali məktəblərə istər paytaxt məktəblərindən, istərsə də regiondakı təhsil müəssislərindən qəbulun göstəriciləri yaxşılaşmaqdadır. Bu il təhsil nailiyyətləri ilə seçilən 102 gənc dövlətimizin təhsilalanlara diqqət və qayğısı sayəsində Prezident təqaüdünə layiq görülüb. Prezident təqaüdçülərinin bir qrupu ilə söhbətdə onlar göstərilən dövlət dəstəyindən razılıqlarını bildiriblər.
"Adımı siyahıda görəndə çox sevindim"
Vüqar Rufulla,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
6 yanvar 2002-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə İlham Məmmədov adına 261 nömrəli məktəb-liseyin 1-ci sinfinə daxil olub. 2018 və 2019-cu illərdə Respublika fənn olimpiadalarında tarix fənni üzrə qızıl medal qazanaraq "Birincilər birincisi" nominasiyasına layiq görülüb. Orta məktəbi qızıl medalla bitirib.
- 2018/2019-cu tədris ilində ali məktəblərə qəbul imtahanında iştirak edərək 677 bal topladım. Hədəfim hüquqşünas olmaq idi. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Hüquqşünaslıq" ixtisasına qəbul olundum. Prezident təqaüdünə layiq görülən 102 şagirddən biri oldum. Adımı siyahıda görəndə çox sevindim. Çünki çəkdiyim zəhmətin bəhrəsini görmüşdüm. Yüksək bal toplayan şagirdlərin biliyini qiymətləndirərək onlara əlavə təqaüd təyin etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bundan əlavə, bu nailiyyəti qazanmaqda mənə dəstək olan bütün müəllimlərə və valideynlərimə təşəkkürümü bildirirəm.
"Bu, mənim üçün bir stimul olacaq"
Murad Yusifli,
Azərbaycan Tibb Universitetinin tələbəsi
2002-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-ci ildə 220 nömrəli məktəb-liseyin 1-ci sinfinə daxil olub. 2019-cu ildə Respublika Fənn Olimpiadalarında biologiya fənni üzrə 1-ci yerə layiq görülüb. Elə həmin ildə 220 nömrəli məktəb-liseyi qızıl medalla bitirib. Ali məktəblərə keçirilən qəbul imtahanlarında 679.5 bal toplayaraq Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsinə daxil olub.
- 9 sentyabr 2019-cu ildə ölkə başçısının müvafiq sərəncamı ilə 102 tələbə Prezident təqaüdünə layiq görüldü. 102 tələbənin arasında öz adımı görmək, sözsüz ki, qürur verici idi. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə əldə etdiyim üçün bu nailiyyəti qazanacağıma ümid edirdim. Sözsüz, gələcək nailiyyətlərimə gedən yolda bu mənim üçün bir stimul olacaq. Bu sevincli anı 11 il təhsil aldığım və qızıl medalla bitirdiyim 220 nömrəli məktəb-liseyin kollektivi ilə bölüşdüm. Qələbələrimdə müəllimlərimin zəhməti danılmazdır. Bu xoş xəbəri aldıqda valideynlərimin gözlərində sevinc və qürur hissini görmək mənim üçün dünyalara dəyər idi.
"Fəxr edirəm ki, belə bir uğurlu nəticə göstərmişəm"
Təhmin Muradov,
Azərbaycan Tibb Universitetinin tələbəsi
2002- ci ildə Bərdə şəhərində anadan olub. 2008- ci ildə Bərdə şəhər şəhid Alı adına 5 nömrəli tam orta məktəbin I sinfinə gedib. 2018-2019-cu tədris ilində adıçəkilən məktəbdən məzun olub.
- Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 695 bal toplayaraq Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakültəsinə qəbul olunmuşam. Ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görüldüm. Fəxr edirəm ki, belə bir uğurlu nəticə göstərmişəm. Ali məktəbi də yaxşı nəticələrlə bitirəcəyimə ümid edirəm.
Tələbə olmaq istəyən həmyaşıdlarıma da tövsiyə edirəm ki, qəbul imtahanına hazırlaşan zaman dərsdən əlavə şeylərə daha az vaxt ayırsınlar, boş vaxtlarında düzgün istirahət etsinlər. Yüksək uğur qazanmağımda, əlbəttə ki, üzərimdə hər bir müəllimin və valideynlərimin əməyi əvəzsizdir.
"Əziyyətimin layiqincə qiymətləndirilməsi gənclərə göstərilən diqqət və qayğının bir nümunəsidir"
Jalə Əhmədzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi
22 aprel 2002-ci il tarixində Sumqayıtda anadan olub. İlk təhsilinə 2008-ci ildə Sumayıt şəhər Təbiət elmləri təmayüllü Gimnaziyada başlayıb. Bu il gimnaziyanı qızıl medalla biririb.
- Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunuyam. Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə birinci yeri tutaraq qızıl medala layiq görülmüşəm. "Əlaçı" televiziya verilişinin qalibi olmuşam. Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 676.3 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil olmuşam. Prezident təqaüdünə layiq görülmüşəm.
Prezident təqaüdünə layiq görülmüş tələbələr sırasında olmaq həqiqətən də qürurverici hisdir. Həmin siyahıda olduğumdan xəbər tutanda, əlbəttə, çox sevindim. Əziyyətimin layiqincə qiymətləndirilməsi gənclərə göstərilən diqqət və qayğının bir nümunəsidir.
"Bu təqaüd təhsildə fərqlənən tələbələrə həm maddi, həm də mənəvi dəstəkdir"
Elza Qurbanova, Bakı Ali Neft Məktəbinin tələbəsi
2002-ci il 26 iyun tarixində Rusiya Federasiyasında anadan olub. 2008-ci ildə Quba rayonu 1-ci Nügədi kənd tam orta məktəbin birinci sinfinə gedib. Ali məktəblərə keçirələn qəbul imtahanlarında 682.9 bal toplayaraq Bakı Ali Neft Məktəbinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına qəbul olub.
- Prezident təqaüdünə layiq görülmək, öz adını Prezident sərəncamında görmək çox qürurverici hissdir. Bu təqaüd təhsildə fərqlənən tələbələrə həm maddi, həm də mənəvi dəstəkdir. Bu baxımdan, bzi tələbələrə göstərdiyi dəstəyə, diqqət və qayğıya görə Prezidentimiz İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Gələcəkdə Prezident təqaüdünə layiq görülmək istəyən abituriyentlərə də məsləhətim ondan ibarətdir ki, öz əzmkarlıqları ilə məqsədlərinə doğru inamla addımlasınlar.
"Prezident təqaüdünə layiq görüldüyümü biləndə çox sevindim"
Taleh Tağıyev,
Azərbaycan-Fransız Universitetinin tələbəsi
1 yanvar 2002-ci il tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-ci ildə 47 nömrəli tam orta məktəbin I sinfinə gedib. 2016-cı ildə akademik Zərifə Əliyeva adına liseyə qəbul olub. 2019-cu ildə həmin liseyi fərqlənmə attestatı ilə bitirib.
- Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 676,6 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul oldum. Hazırda UFAZ-da kompüter elmləri ixtisası üzrə təhsil alıram.
Prezident təqaüdünə layiq görüldüyümü biləndə çox sevindim. Dövlətim mənim zəhmətimi yüksək qiymətləndirdiyi üçün qürur hissi keçirirəm. İlk növbədə valideynlərimə mənim əziyyətimi çəkdikləri üçün borcluyam. Eləcə də bütün müəllimlərimə minnətdaram. Bundan sonra da əzmlə çalışaraqyüksək səviyyədə təhsil alıb, yaxşı mütəxəssis olmaq, ölkəmizə və xalqımıza layiqincə xidmət göstərmək arzusundayam.
"11 illik əziyyətimin bəhrəsini gördüm"
Nərmin Hüseynova, Bakı Dövlət Universitetinin tələbəsi
2002-ci il 20 fevral tarixində Ağdam rayonunun Təzəkənd kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır. İbtidai təhsilini Sabunçu rayonu 71 nömrəli tam orta məktəbdə alıb. Sonra təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində davam etdirib. 2019-cu ildə liseyi bitirib.
- Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 687 bal toplayaraq Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsinə qəbul oldum. Prezident təqaüdünə layiq görüldüyümə görə çox sevindim. Çünki 11 illik əziyyətimin bəhrəsini gördüm. Buna görə Prezidentimizə çox minnətdaram. Təhsildə qazandığım uğurlara görə mənə çox dəstək olduqları üçün valideynlərimə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllim kollektivinə minnətdaram. Hüquq fakültəsinə daxil olmağı çox istəyirdim. Buna görə də ən yaxşı hüquq təhsilinin BDU-da olduğuna görə bu universiteti seçdim.
"Bu, məndə qürur və fəxarət hissi oyadır"
Sadiq Hacılı, Bakı Dövlət Universitetinin tələbəsi
2002-ci ildə Sumqayıt şəhərində anadan olub. 2008-ci ildə I sinfə daxil olub.2019-cu ildə Bakıdakı 82 nömrəli tam orta məktəbi bitirib.
- 2019-cu ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 692 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşam. Göstərdiyim yüksək nəticəyə görə ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşəm. Buna görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu, məndə qürur və fəxarət hissi oyadır.
Oruc MUSTAFAYEV