UNEC-in struktur bölmə rəhbərləri, əməkdaşları və magistrləri Alman Akademik Mübadilə Xidmətinin (DAAD) layihəsi çərçivəsində Almaniyanın Siegen universitetində təcrübə mübadiləsi keçəcəklər.
Siegen Universitetinə ezam olunan nümayəndə heyəti ilə görüşən rektor, professor Ədalət Muradov DAAD-ın maliyyələşdirdiyi “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsinin uğurlu təşkilindən söz açıb. 4 illik layihə müddətində UNEC-lə Siegen Universiteti arasında əlaqələrin davamlı inkişaf etdiyini, bakalavr və magistrlər üçün yay və qış məktəblərinin təşkil olunduğunu, hər iki universitetdə gənc tədqiqatçıların elmi araşdırmalar apardığını, professor-müəllim və inzibati heyətinin iştirakı ilə Bakıda və Siegendə seminarların, həmçinin aktiv tələbə-müəllim mübadilələrinin həyata keçirildiyini bildirib.
Rektor nümayəndə heyətinə Siegen universitetinin beynəlxalq əməkdaşlıq, tələbə mobilliyinin təmin olunması, tədrisin və imtahan prosesinin keyfiyyətli təşkili, müasir tələbləri ödəyən elmi tədqiqatların aparılması və digər istiqamətlərdə təcrübəsinin öyrənilməsinin faydalı olacağını vurğulayıb.
Sonra iştirakçıların sualları cavablandırılıb.