“Bilik günü” münasibətilə 261 nömrəli məktəb-liseydə tədbir keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov, məktəb rəhbərliyi, sabiq məzunlar, valideyn və şagirdlər iştirak edib.
“Bilik günü” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Məktəbin direktoru Abuzər Əsədov sevinc və həyəcan içində olan şagirdlərə yeni tədris ilində uğurlar diləyib. Sonra müəssisə rəhbəri yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri uğurlardan bəhs edib.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev yeni tədris ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb. Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə islahatların uğurla həyata keçirildiyini bildirən idarə müdiri Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısından danışıb. R.Tağıyev şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı diləyib.
Xətai RİH başçısının müavini Etibar Əhmədov çıxışı zamanı ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər və bu sahədə Xətai rayonunda həyata keçirilən tədbirlər barədə danışıb.
Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Birincilərin ifasında şeirlər səsləndirilib.