Sentyabrın 11-də təhsil işçilərinin respublika konfransı plenar iclasdan sonra panel sessiyalarla davam edib.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov qeyd edib ki, ilk panel sessiya təhsildə məzmun və qiymətləndirmə məsələlərinə həsr olunub. Onun sözlərinə görə, təhsilin uğuru məzmun və qiymətləndirmədən asılıdır. Çünki təhsilin səviyyəsi barədə etibarlı məlumatlar hər zaman, xüsusən təhsili idarə edənlərə, məktəb rəhbərlərinə çox vacibdir. Qiymətləndirmə bizə məktəbin düzgün qərarlar qəbul etməsində, inkişaf proqramlarının hazırlanmasında, gələcək strategiyaların müəyyənləşdirilməsində, eləcə də yaranmış problemlərin aradan qaldırılmasında çox vacib, etibarlı nəticələr verir.
Daha sonra birinci panel sessiyada Təhsil İnstitutunun direktoru Emin Əmrullayev “Təhsilin məzmunu, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları”, Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev “Qiymətləndirmədə buraxılış imtahanlarının yeni modeli: ilkin nəticələrin təhlili”, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Rəqəmsal sistemlər və səmərəli idarəetmə” mövzularında təqdimat ediblər.
Panel sessiyanın Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublunun sədrliyi keçən ikinci hissəsində Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev “İstedadlı uşaqlarla işin təşkili”, Təhsil İnstitutunun əməkdaşı İqrar Nəzərov “STEAM milli kurikulumun tərkib hissəsi kimi” və Peşə Təhsili üzrə Dövlət Agentliyinin eksperti Zaur Əliyev “Ümumi təhsil məktəblərində peşə yönümlü təmayüllərin tətbiqi” mövzularında təqdimatlar ediblər.
V.Yaqublu çıxışlara başlamazdan əvvəl müəllimlərin konfransda səsləndirilən fikirləri, təşəbbüsləri öz əməli fəaliyyətlərində nəzərə almağı, diskussiyalarda fəal iştirak etməyə dəvət edərək onları “Uğurlu məktəb üçün nə etməli” sualı ətrafında düşünməyə çağırıb.
Təqdimatlarda istedadlı uşaqlarla işin mahiyyəti, istedadlı uşaqların üzə çıxarılması yolları, istedadlı uşaqların əlamətləri, ölkəmizdə ilk dəfə olaraq Təhsil Nazirliyinin təşəbbüsü ilə sentyabrın 2-dən başlayan müəllimlər üçün STEAM yanaşma, məktəb məzunlarının əmək bazarına hazırlanması, bu sahədə mövcud yanaşmalar barədə geniş məlumatlar verilib.
Panel sessiyalar müəllimlərin fəal iştirakı ilə keçib, təhsil işçilərinin müvafiq sualları cavablandırılıb.
Builki konfranslarda yeniliyə imza atıldı
Nizaməddin Babanlı, Qazax Rayon Təhsil Şöbəsinin müdiri
- Bu gün biz regionlarda başa çatmış sentyabr konfranslarının yekunu olaraq Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən keçirilən təhsil işçilərinin ümumrespublika konfransında iştirak etdik. Konfrans barədə təəssüratlarımız olduqca zəngindir.
Konfrans bizə nə verdi? Əvvəla, builki konfranslarda yeniliyə imza atıldı, bu da regionlarda sentyabr konfranslarının birgə keçirilməsi oldu. Doğrudan da bir neçə rayonun təhsil işçilərinin bir yerə yığışaraq təcrübə mübadiləsi aparması, illik işlərə yekun vurması, bir-biri ilə diskussiyalara girməsi - bütün bunlar təhsilin inkişafına xidmət edən, eləcə də cənab Prezidentin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək sahəsində çox böyük addımlardır. Eyni zamanda, Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmri də yeni tədris ilində gələcək fəaliyyətimizin əsas istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Konfrans bu baxımdan biz təhsil işçilərinə çox şey verdi. Bu gün burada təhsil sahəsində fərqlənən məktəblərin direktorları da iştirak etdi. Konfrans gedişində də bizim fəal müzakirələrimiz oldu. Konfransda səsləndirilən fikirləri, məruzəçilərin çıxışlarını diqqətlə izlədik. Təhsilin inkişafı ilə bağlı yeni təşəbbüsləri region təhsil işçiləri olaraq öz aramızda müzakirə etdik. Biz elə buradaca belə bir qərara gəldik: rayona gedən kimi bütün məktəb direktorlarının genişləndirilmiş şura iclasını çağırmaq və burada məruzələrdə söylənmiş fikirlərə ciddi riayət olunmasını onlara tövsiyə etmək. Bundan əlavə, tədris ili ərzində vaxtaşırı olaraq monitorinqlər keçirməyi və bu konfransın tələblərinin yerinə yetirilməsinə nəzarət etməyi qərarlaşdırdıq.
Təmayül siniflər məktəbimizdə uğurla tətbiq edildi
Rəhilə Baxşıyeva, Bakıdakı 149 nömrəli tam orta məktəbin direktoru
- Bu gün Təhsil Nazirliyinin keçirdiyi təhsil işçilərinin ümumrespublka konfransında hamımız birmənalı şəkildə böyük ruh yüksəkliyi ilə iştirak etdik. Demək olar ki, konfrans ölkənin bütün regionlarından olan müəllimləri, məktəb idarəedicilərini bir araya gətirib. Konfransda Təhsil naziri Ceyhun Bayramov çıxış etdi. O, çıxışında tədris ili ərzində görülən işlər, olimpiada qaliblərindən, təhsilimizin uğurlarından, hədəflərimizdən geniş şəkildə məlumat verdi. Biz təhsil işçiləri də məlumatlanaraq ruh yüksəkliyi ilə yeni tədris ilimizə başlayacağıq.
Konfransda, əlbəttə, bizim məktəbdə təmayül siniflərinin tətbiq olunmasından geniş məlumat verildi. Çox xoşbəxtəm ki, rəhbərlik etdiyim 149 nömrəli tam orta məktəbdə artıq bir neçə ildir ki, təmayül siniflərdə tədrisin tətbiqi uğurla davam etdirilir. Bunun nəticəsidir ki, başa vurduğumuz tədris ilində şagirdlərimizin 150 nəfəri XI sinfi uğurla bitirib. Onlardan 10 nəfər 600-dən yuxarı bal toplayaraq müxtəlif ali məktəblərə daxil olub. Düşünürəm ki, bu sistem uğurla davam edəcək və qarşıda hələ daha yüksək uğurlara imza atacağıq. Bundan əlavə, qeyd edildiyi kimi, artıq 6-7- ci və 8-ci siniflərdə də tətbiq olunan təmayül siniflər bizim məktəbdə də ötən ildən uğurla tətbiq olundu. Və həmin siniflər bu il imtahanlar, müxtəlif monitorinqlər nəticəsində keyfiyyətin yüksəlməsi barədə artıq dəqiq məlumatlar əldə etməyə sövq edir. Düşünürəm ki, bugünkü konfransdan əldə etdiyimiz məlumatlar bizi daha da ruhlandıracaq və yeni tədris ilində fəaliyyətimizi bu istiqamətdə davam etdirəcəyik. Konfransda qarşıda olan hədəflər bir daha vurğulandı, o hədəflərə çatmaq üçün əlimizdən gələnu əsirgəməyəcəyik. Hesab edirəm ki, yeni tədris ili daha uğurlu olacaq.
Psixoloji xidmətin genişləndirilməsi vacib istiqamətdir
Hikmət Əlizadə, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Təhsil Şurası İctimai Birliyinin sədri
- Bugünkü konfransda səsləndirilən çıxışları çox diqqətlə dinlədim. Ötən tədris ili təhsil sahəsinə bir çox yeniliklər gətirmişdi. Əslinə qalsa, təhsil işçilərinin bugünkü konfransı Təhsil Nazirliyinin il ərzində gördüyü işlərə bir baxışdır, qiymətləndirmədir. Görülmüş işlər təhlil edildi, uğurlar sadalandı, nöqsanlar açıqlandı və gələcək fəaliyyət üçün yeni strategiyanın istiqamətlərinə dair təqdimat dinlənildi. Mən konfransın işini çox uğurlu sayıram. Təhsil naziri Ceyhun Bayramovun çıxışında təhsil ictimaiyyəti üçün mühüm maraq və əhəmiyyət kəsb edən bir çox məsələlərə toxunuldu. Çıxışlarda məktəb psixoloqları, “Məktəblinin dostu” layihələri, təmayül siniflər, peşə təhsili ilə bağlı qiymətli fikirlər səsləndi.
Ötən il “Təhsil haqqında” Qanunda mühüm dəyişikliklər edilmişdir. Qanunda məktəb psixoloqu, ümumiyyətlə, psixoloji xidmət haqqında xüsusi maddə də yer alıb. Bu, psixoloji xidmətin genişləndirilməsi üçün çox dəyərli istiqamətdir. Hesab edirəm ki, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi təhsil işçilərinin qarşısında duran mühüm vəzifələrdən biri kimi qiymətləndirilməlidir. Psixoloji xidmətin imkanları çox genişdir, bu xidmətin səmərəli təşkili şagirdlərin inkişafı üçün böyük imkanların reallaşmasına yol açır. “Məktəblinin dosti” layihəsi də çox önəmlidir. Məktəbdə şagirdlərin həyat və fəaliyyətinin daha düzgün təşkil olunmasında mühüm əhəmiyyət daşıyır.
Təhsil sahəsində mühüm hadisələrdən biri isə ötən həftə baş verdi. Təhsil Nazirliyi yanında İctimai Şura yaradıldı. Mən də bu şuranın üzvü seçildim. Məlumdur ki, bir neçə ay əvvəl Təhsil naziri Ceyhun Bayramov İctimai Şuranın yaradılması barədə müvafiq əmr imzalamışdı. Müsabiqə elan olundu və ötən həftə çox şəffaf və obyektiv bir seçki həyata keçirildi. Hesab edirəm ki, İctimai Şura Təhsil Nazirliyinin qərarlarının ictimaiyyətə və ictimaiyyətin təkliflərinin nazirliyə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyacaq.
Oruc MUSTAFAYEV