Sentyabrın 11-də təhsil işçilərinin respublika konfransı keçirilir.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb.
Konfransda Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, yerli təhsili idarəetmə qurumlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri, təhsil ictimaiyyətinin nümayəndələri və media qurumlarının rəhbərləri iştirak edirlər.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə "Təhsil" televiziyasının hazırladığı “2018-2019-cu tədris ili rəqəmlərdə” adlı videoçarx nümayiş olunub.
Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.
Hesabat məruzəsi ilə çıxış edən Ceyhun Bayramov son illərdə ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan Təhsil naziri YUNİSEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə də toxunub. Nazir qeyd edib ki, növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur.
Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də söz açıb. Ceyhun Bayramov qeyd edib ki, həyata keçirilən bütün tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırıb və 2019-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.
Təhsil nazirinin sözlərinə görə, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir.
İstedadlı uşaqlarla iş sahəsində görülmüş işləri vurğulayan Ceyhun Bayramov bildirib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla ümumilikdə 146 medal qazanıblar. Təhsil naziri həmçinin, tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin cari tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edildiyini söyləyib.
Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları nəzərə çatdıran Ceyhun Bayramov qeyd edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən çox şagirdi əhatə edəcək.
Qarşıda duran vəzifə və hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdıran Təhsil naziri bildirib ki, növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək. Eyni zamanda növbəti tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır. İlkin olaraq müxtəlif bölgələr əhatə olunmaqla 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq.
Təhsil naziri Ceyhun Bayramov çıxışının sonunda yeni tədris ilinin başlaması münasibətilə təhsil işçilərini təbrik edərək uğurlar arzulayıb.
Konfrans öz işini davam etdirir.