Azərbaycan Tibb Universiteti (ATU) 18 yaşından sonra valideyn himayəsindən məhrum olan tələbələri (23 yaşınadək) dəstəkləyir. Həmin tələbələr təhsil aldıqları müddətdə, yəni 23 yaşınadək universitetdən orta müvəffəqiyyət göstəricisinə əsasən təyin olunmuş təqaüdün iki mislini alacaq.
"Azərbaycan müəllimi" qəzetinə ATU-dan verilən məlumata görə, bu qərar Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin təşəbbüsü ilə Elmi Şurada müzakirə olunaraq qəbul edilib.
Bu humanist addımın məqsədi tələbələrin sosial müdafiəsini gücləndirmək, onların tədris fəaliyyətini fəallaşdırmaq, təhsildə nailiyyət qazanmasını stimullaşdırmaqdan ibarətdir.
18 yaşından sonra Valideyn dəstəyindən məhrum olan tələbələrə Təqaüd Fondu hesabına əlavə yardım olunur. Bu qərar artıq 2017-2018-ci tədris ilinin yaz semestrindən qüvvədədir.
Qeyd edək ki, ATU-da 2017-ci ilin dekabrında Təqaüd Fondu yaradılıb. Elə həmin vaxt Universitetin Elmi Şurasının iclasında valideyn dəstəyindən məhrum olan tələbələrə təqaüd ayılması qərara alınıb. Artıq ATU-nun onlarla tələbəsi bu imkandan yararlanıb.