Sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçiriləcək. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək.
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.
Müsahibəyə gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin, ona əlavənin əslini (xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamənin, cari ilin məzunları ali və ya orta ixtisas təhsili müəssisəsini bitirdiyini təsdiq edən arayışın əslini) gətirmələri tələb olunur.