Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) 2019-2020-ci tədris ilində qəbul olunan tələbələrin qeydiyyatı prosesi artıq başa çatıb. Məlumat üçün bildirək ki, 2019-2020-ci tədris ilində ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 8 fakültə, 22 ixtisas üzrə 2293 nəfər tələbə qəbul olunub. 1441 nəfər tələbə dövlət sifarişi əsasında, 852 nəfər tələbə isə ödənişli əsaslarla  ADPU-da təhsil alacaq. ADPU builki tədris ilində də tələbə qəbulunda uğurlu nəticələr əldə edib. Bu il ADPU-ya qəbul planı 96,4% dolub.

 

Qeyd etmək lazımdır ki, son illər yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilən  ADPU-nu seçənlərin sayı artıb. Bu il 325 nəfər gənc 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Onlardan 183 nəfər Filologiya, 64 nəfər Tarix və coğrafiya, 40 nəfər Riyaziyyat, 27 nəfər Kimya və biologiya, 11 nəfər İbtidai təhsil fakültəsində oxuyacaq.

 

Məlumat üçün onu da qeyd edək ki, yeni tədris ilində ADPU-nun Şəki Filialına 9 ixtisas üzrə 220 nəfər, Quba Filialına 6 ixtisas üzrə 202 nəfər, Ağcabədi Filialına 5 ixtisas üzrə 137 nəfər, Şamaxı Filialına 5 ixtisas üzrə 143 nəfər, Cəlilabad Filialına 4 ixtisas üzrə 131 nəfər qəbul olunub. Filiallara 833 nəfər tələbə qəbul olunub. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) 9 illik təhsil bazasından 592 nəfər, 11 illik təhsil bazasından 292 nəfər, ümumilikdə isə 884 nəfər tələbə qəbul olunub. Bütövlükdə ADPU-ya filiallar və kolleclə birlikdə 4010 nəfər tələbə qəbul olunub.

 

ADPU-nun 5 filialı üzrə 27 nəfər 500-dən çox, 2 nəfər isə 600-dən çox bal toplayıb. Bütövlükdə bu il ADPU-ya filiallarla birlikdə 500-dən çox bal toplayaraq qəbul olunan tələbələrin sayı 352 nəfərdir. Cari tədris ilində filiallarla birlikdə 3 nəfər gənc 600-dən çox bal toplayaraq ADPU-da təhsil alacaq.

 

2019-2020-ci tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində qəbulun nəticələri də qənaətbəxşdir. ADPU-ya ali təhsilin magistratura səviyyəsində 20 ixtisas, 22 ixtisaslaşma üzrə 310 nəfər (125 nəfəri dövlət sifarişi əsasında, 185 nəfəri isə ödənişli əsaslarla) qəbul olunub. Magistraturaya qəbul planı 91,4% dolub. Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat, həm də magistratura səviyyəsində uğurlu göstəricilərdir.