Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 17 377 ərizənin onlayn qeydiyyatı (30.08.2019-cu il tarixinə saat 09:30-a olan məlumata əsasən) aparılıb. 

 

Məktəbəhazırlıq qruplarına şagird qəbulu  https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilir.

 

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq. 

 

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

 

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. 

 

Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar(2014-cü il təvəllüdlü) qəbul olunurlar. Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət etmək olar.

 

Xatırladaq ki, 2019-2020-ci tədris ilində bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb.

 

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.