Direktorluğa namizədlərin müsahibədə göstərdikləri bilik və bacarıq qaneedicidir


Avqustun 28-də dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsinə başlanılıb. Bu mərhələdə Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 114 namizədin iştirakı nəzərdə tutulur.

 

 

Ən çox vakansiya olan rayonlar üzrə

 

 

 

Məlumat üçün qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə bu ilin  iyulunda start verilib. Həmin ayın 13-19-da elektron sənəd qəbuluna başlanılıb. Direktor olmaq istəyən 3403 namizəd Təhsil Nazirliyinə elektron qaydada müraciət edib. Bu prosesdə iştirak edən  namizədlərdən 2273 nəfəri elektron ərizəsini təsdiqləyib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test mərhələsində 1643  namizəd iştirak edib. Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 800 nəfərə yaxın namizəd müvafiq keçid balını toplayıb. Müsabiqəyə 472 vakant yer çıxarılıb.

 

Test imtahanı mərhələsində uğur qazananlar ötən həftədən başlayaraq müsahibədədirlər. Avqustun 21-23 tarixlərində Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə, bu həftə isə Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib.150-yə yaxın namizəd ötən həftə, 114 namizəd isə bu həftə müsahibədən keçirilir.

 

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun sözlərinə görə, bu, əvvəlki illərin statistik rəqəmlərinə görə daha çoxdur. Test imtahanında iştirak edənlərdən  800 nəfərə yaxın namizəd müvafiq keçid balını toplayıb: “Bütün namizədlər mərhələli şəkildə müsabiqənin yekun müsahibə mərhələsinə qatılacaq. Müsahibələrə ilkin mərhələdə vakant yerlərin çoxluq təşkil etdiyi şəhər və rayonlar üzrə olan namizədlər dəvət edilib. Ötən həftə 150 nəfərə yaxın namizəd müsahibə mərhələsində iştirak edib. Bu həftənin sonunadək də müsahibələr təşkil olunacaq”.

 

 

“Stajı az olan namizədlərin elektron ərizəsinə imtina vermişik”

 

 

2019-2020-ci tədris ili üçün direktor vəzifəsi üzrə vakant yerlərə peşəkar və səriştəli direktorlar təyin ediləcək. E.Bağırov müsahibələrə təcrübəli müəllimlərin dəvət edildiyini deyib: “Əvvəlki illərlə müqayisədə gənc müəllim və direktorların sayı artıb. Amma ümumilikdə götürsək, orta yaşlı namizədlər çoxluq təşkil edir. Mövcud qanunvericiliyə əsasən, direktor olmaq üçün namizədin 5 il pedaqoji stajı olmalıdır. Ancaq hətta stajı az olan bir çox namizəd müsabiqəyə qatılmaq üçün müraciət edib. Təbii ki, stajı az olan namizədlərin elektron ərizəsinə imtina vermişik. Odur ki, müsahibələrə qatılan şəxslər təcrübəli namizədlərdir”.

 

Ancaq müsahibəyə dəvət olunmaq hələ direktor olmaq demək deyil.  Şöbə müdiri bildirib ki, bəzən keçid balından artıq bal toplayan namizədlər də müsahibə mərhələsində özlərini yetərincə, lazımi səviyyədə göstərə bilmirlər: “Nəticədə də onlarla bağlı qərar mənfi olur. Ümumilikdə, ildən-ilə dəyişən odur ki, namizədlərin həm test imtahanı nəticələri, həm müsahibədə göstərdikləri bilik və bacarıq əvvəlki illərlə müqayisədə daha qaneedicidir. Artıq Nazirlik tərəfindən ancaq yekun, müsahibə mərhələsi təşkil olunur. Namizədlərin sayının çox olduğunu nəzərə alaraq bunu mərhələli şəkildə həyata keçiririk”.

 

Müsahibələr avqustun 30-dək davam edəcək. Həm indiyədək keçirilən müsahibə nəticələri, həm də  növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək.

 

 

Ruhiyyə DAŞSALAHLI