“TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən ümumtəhsil məktəblərində təlimlərə start verilib.

 

Təlimlərə Gəncədə fəaliyyət göstərən 49 ümumtəhsil müəssisəsindən 200-ə yaxın fiziki tərbiyə müəllimi cəlb olunub. TOPs metodologiyası üzrə təşkil oluan 3 günlük təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılır, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilir. Həmçinin, dərslərin səmərəli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilir.

 

Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticəsi müqayisə ediləcək.

 

Qeyd edək ki, TOPs layihəsi  Təhsil Nazirliyi,British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir. Layihə ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. TOPs metodologiyası vasitəsilə fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi də layihənin məqsədlərindəndir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

 

Azərbaycanda TOPs proqramının tətbiqinə pilot layihə kimi 2014-cü ildən start verilib. 2018-2019-cu tədris ilində Bakı, Sumqayıt şəhərləri, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonlarından olmaqla layihədə iştirak edən məktəblərin sayı 250-yə çatdırılıb. 2019-2020-ci tədris ilində proqramın ölkənin digər rayon və şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətbiqi davam etdiriləcək.