Azərbaycanda 3000-ə qədər namizəd daimi əsaslarla işə qəbul edilib. Bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə “Təhsil” televiziyasının “Həftənin sualı” verilişində açıqlama verib.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə toxunan müdir müavini bildirib ki, bu il müəllimlərin işə qəbulu üzrə test imtahanlarında 41 mindən artıq namizəd iştirak edib. Müsabiqənin müsahibə mərhələsində iştirak üçün 3728 namizəd seçilib. “Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 54 min nəfər  müraciət etmişdi. Ərizəsi təsdiq olunan 52 min nəfərdən 48 min nəfəri test imtahanlarına dəvət almışdı. İyulun 8-24-də keçirilən imtahan mərhələsində 41 mindən artıq namizəd iştirak etdi. Bütün fənn və bütün regionlar üzrə 7310 vakant yer 3728 namizəd müsahibəyə çağırılsa da, həmin namizədlərin 3180-i müsahibə mərhələsində iştirak edib. Dünən elan edilmiş nəticələrə əsasən, 3000-ə qədər namizədə müsahibədən uğurla keçməsi barədə bildirişlər göndərilib”-, deyə M.Camalzadə vurğulayıb.