Avqustun 28-də peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başlayıb.

 

Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə təşkil olunur. İkinci turla bağlı sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.

 

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

 

Sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək. Nəticələrin sentyabrın 6-da elan olunması nəzərdə tutulur.

 

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə birinci mərhələdə 8 808 nəfər qəbul olunub. Onlardan 7 923-ü qəbul olunduqları peşə təhsili müəssisələrində qeydiyyatdan keçib.