2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesi avqustun 20-də başa çatıb. Prosesin davam etdiyi 15 gün ərzində peşə təhsili müəssisələrində oxumaq istəyən 11000 nəfərdən artıq şəxs qeydiyyatdan keçib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, müraciət edənlər 145 ixtisas arasından ən çox aşpaz, dərzi, aqroservis mütəxəssisi, kompüter operatoru, heyvandarlıq mütəxəssisi, elektrik mantyoru, elektrik qaz qaynaqçısı, turizm təşkilatçısı, xalçaçı, turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisaslarına üstünlük veriblər.
Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul prosesinin rahatlığını və şəffaflığını təmin etmək məqsədilə artıq dördüncü ildir ki, qəbul Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılır. Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Bu il də peşə təhsili almaq istəyən vətəndaşlar harada qeydiyyatda olmağından və ya yaşamağından asılı olmayaraq, hətta istirahət etdiyi yerdən belə, yaxınlığında olan “ASAN xidmət” mərkəzinə yaxınlaşmaqla istədiyi təhsil müəssisəsinin ixtisaslarını seçib.
Ruhiyyə DAŞSALAHLI