Avqustun 20-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini izləmək üçün Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.

 

Mediatur iştirakçılarına bildirilib ki, bu gün Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif və rus dili müəllimi olmaq istəyən 750 namizədin müsahibə mərhələsində iştirakı gözlənilir. Avqustun 23-dək davam edəcək müsahibə mərhələsində vakant yer tutmuş 3 728 nəfərin iştirakı nəzərdə tutulub.

 

Bildirilib ki, müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim edirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

 

Mediatur iştirakçılarının diqqətinə çatdırılıb ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.

 

Ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yer müsabiqəyə çıxarılıb. Musiqi, təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42,  fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı isə 42 müəyyən edilib. 

 

Digər fənlər üzrə isə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 48 müəyyən edilib.

 

Qeyd edilib ki, müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilib. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

 

Mediatur zamanı jurnalistləri maraqlandıran digər suallar cavablandırılıb.