Azərbaycan Dillər Universitetinə (ADU) qəbul olunmasına baxmayaraq ailədaxili problemləri ucbatından qeydiyyat problemi ilə üzləşən Orxan Bağırzadə tələbə adını qazanıb. Belə ki, Təhsil Nazirliyi rəhbərliyinin məsələyə xüsusi yanaşması nəticəsində problem həll olunub.

 

Universitetin Tərcümə fakültəsinin Fransız dili ixtisasına qəbul olan O.Bağızadə məsələyə aydınlıq gətirib. Orxan qeyd edib ki, atası ona təhsil almağa icazə verməyəcəyini dəfələrlə deyib. Amma Tərcümə sahəsi üzrə təhsil almaq arzusunda olan O.Bağızadə atasına bildirib ki, onu təhsil almaq hüququndan məhrum etməyə  haqqı yoxdur:  “Mən evdən çıxanda doğum haqqında şəhadətnaməni, hərbi bileti götürsəm də, attestatımı əldə edə bilmədim. Mənə dedilər ki, attestat onlarda deyil. Ona görə də, attestatla bağlı bir az problem var və hazırda attestat itmiş sayılır”.

 

O.Bağızadənin sözlərinə görə, Təhsil Nazirliyinin rəhbərliyinin  məsələnin həllində böyük rolu olub. Nazirlik tələbənin probleminin müsbətə doğru həll olunmasında mümkün variantların hər birindən istifadə edib.

 

O.Bağırzadə onu da əlavə edib ki, ADU-nun da bu məsələdə böyük dəstəyi olub.  Ona yardım edən hər kəsə dərin minnətdarlığını bildirən O.Bağızadə təhsilə olan marağı və gələcək planlarından da söz açıb. O, qeyd edib ki, ali təhsil almağa uşaqlıqdan həvəsi olub və heç vaxt hazırlıq kurslarına  getməyib, ev şəraitində hazırlaşıb. Hətta çalışmağına baxmayaraq, gecədən səhərə kimi dərsləri ilə məşğul olub. O, bundan sonra da təhsili ilə işini paralel aparmağı hədəfləyir.

 

Tələbə sonda Təhsil Nazirliyinə, Bakı Şəhəri  üzrə Təhsil İdarəsinə, eləcə də Dillər Universitetinin rəhbərliyinə və ali məktəbin Tələbə Qəbul Komissiyasına təşəkkürünü bildirib.

 

 

Şakir CƏFƏROV