Müsahibə mərhələsində 3728 namizəd iştirak edəcək
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə iyunun 24-də elektron sənəd qəbulu ilə start verilib. Orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış ölkə vətəndaşlarının və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslərin qatıldığı müsabiqə artıq son mərhələsindədir.
23 mindən çox namizəd vakansiya mərhələsində
Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb. Bu mərhələdə builki və ötənilki müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayan, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, 3 ildən az olmayan müddətdə işdən ayrılan, diaqnostik qiymətləndirilmədən keçmiş 23609 namizəd qatılıb. Ancaq vakant yer seçən 23 mindən artıq şəxsin hamısı elektron yerləşdirmədə iştirak edə bilməyib. Çünki yalnız elektron ərizəsini təsdiqləmək şərtinə əməl edənlər elektron yerləşdirilirlər. Beləliklə, elektron ərizəsini təsdiqləyən 14003 namizədin qatıldığı elektron yerləşdirmənin nəticələri də artıq bəllidir.
7 mindən artıq vakant yer
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələrinə görə, 3728 namizəd vakant yer tutub. Elektron yerləşdirmənin nəticələri barədə məlumat həmin namizədlərin şəxsi səhifələrinə göndərilib və onlar sonuncu - müsahibə mərhələsinə dəvət olunublar. Müsabiqənin bu mərhələsinə avqustun 19-da start veriləcək. Müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Qeyd edək ki, müsabiqəyə ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yer çıxarılıb.
Ruhiyyə BİLALQIZI