7000-dən artıq şəxs peşə məktəblərinə üz tutdu


Peşə təhsili müəssisələrində oxumaq istəyən 7000-dən çox şəxsin müraciəti qeydə alınıb. Müraciət edənlər 145 ixtisas arasından 5 ixtisas seçirlər. İndiyədək seçilən ixtisasların tərkibi fərqlənir. Aqroservis və ya heyvandarlıq mütəxəssisi olmağı hədəfləyənlər bu günlərdə kifayət qədər çoxdur. Ancaq aşpaz və dərzi 2019-cu ilin də ən çox seçilən peşələri siyahısındadır.

 

Bu statistika avqustun 5-dən başlayan 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesinin indiyədək olan nəticələrinə əsaslanır.

 

 

Qəbul prosesində rahatlıq təmin edilib

 

 

Yeri gəlmişkən qeyd edək ki, qəbul prosesi artıq dördüncü ildir ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilir. Vətəndaşlar harada qeydiyyatda olmağından, harada yaşamağından asılı olmayaraq, istənilən “ASAN xidmət” mərkəzinə yaxınlaşaraq ixtisas seçib peşə təhsili ala bilər. Bu prosesdə vətəndaşların rahatlığını təmin etmək üçün bütün tədbirlər görülüb. Məsələn, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılıb.

 

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında həyata keçirilir. Müsabiqə müvafiq fənlərin orta balı nəzərə alınmaqla aparılır.

 

 

Yeni ixtisaslar yeni mərkəzdə tədris olunacaq

 

 

Qəbul prosesinə ölkəmizdəki bütün peşə təhsil müəssisələrinin həm ödənişli, həm də dövlət sifarişi əsasında hazırlıq aparılan ixtisasları daxil edilib. Ümumilikdə 145 ixtisasın 23-ü yenidir. Yeni ixtisaslar, əsasən sənaye sahəsi üzrədir.

 

Həmin sahə üzrə kadrlar Koreya standartları əsasında yeni yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzində hazırlanacaq. Mərkəzdə “Torna və frezer dəzgahların operatoru”,  “Avtomobil diaqnostikası və təmiri ustası”,  “Sənayedə quraşdırma işləri üzrə usta” ,  “Elektronika ustası” , “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”,  “İnşaat ustası”,  “Veb dizayner və proqram təminatçısı”, “Avtomatika üzrə usta” ixtisasları üzrə kadr hazırlığı təşkil edilir.

 

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan bu yeni Peşə Təhsil Mərkəzinə aparılan elektron sənəd qəbulu göstərir ki, məktəbin reytinqi kifayət qədər yüksəkdir. Müraciətlər daha çox “Veb dizayner və proqram təminatçısı” və “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisasları üzrədir. Ancaq “Torna və frezer dəzgahların operatoru”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “Elektronika ustası” ixtisaslarına da seçim üstünlüyü verilib.

 

Qeyd edək ki, bu tədris ilindən fəaliyyətə başlayacaq mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Sözügedən təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Tədris prosesi üçün nəzərdə tutulan kurikulumlar koreyalı ekspertlər və özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.

 

Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə adıçəkilən 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür.

 

 

Peşə məktəblərinə qəbul olunmaq üçün son bir neçə gün

 

 

Bakı Peşə Təhsil Mərkəzi də daxil olmaqla, ölkəmizdəki bütün peşə məktəbləri üzrə ərizə qəbulu avqustun 20-dək davam edəcək. Dəyişən dünyamızda peşə seçiminin önəmini nəzərə alaraq, son bir neçə günlük şansdan yararlanmağınız tövsiyə olunur. Necə deyərlər, özünüzə peşə seçin ki, işsiz qalmayasınız.

 

 

Ruhiyyə DAŞSALAHLI