Təhsil Nazirliyinin kollegiyasının qərarı tələbələrə təhsil haqlarını yarımilliklər üzrə ödəmək imkanı verəcək


Ali məktəblərə qəbul olunan və ödənişli təhsil alan tələbələr təhsil haqlarını yarımilliklər üzrə ödəyə biləcək.

 

Tələbələri sevindirəcək bu qərar Təhsil Nazirliyinin kollegiyasında verilib. Kollegiyanın qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki,  ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratsınlar.

 

 

Universitetlər belə bir qərara hazırdırmı?

 

 

Məsələ burasındadır ki, dünyada da qəbul olunmuş mövcud qaydalara görə, birinci kurs da daxil olmaqla, təhsilalanların hər semestr üçün tədris planı müəyyənləşdirilərkən onların istəyi nəzərə alınmalıdır. Neçə fənn götürdüyünə və ödəyəcəyi pula tələbə özü qərar verməlidir. Ancaq buna əməl edib-etməməyə universitetlər qərar verdiyindən hər il təhsil haqqını ödəyə bilmədiyi üçün xeyli gənc təhsildən kənarda qalırdı. Ancaq müasir dünyanın qəbul etdiyi qaydalardan xəbərdar olanlar, bununla  razılaşanlar və artıq tətbiq edənlər də vardı.

 

Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru Əfqan Abdullayev ali məktəbə daxil olan şəxslərə  “Birinci kursun pulunu ver, sonra sənədlərini qəbul edim” prinsipi ilə yanaşmanı doğru saymır. Bu yanaşmanın universitetdə çoxdan tətbiq edildiyini deyən prorektorun fikrincə, təhsilalan onsuz da bu vəsaiti ödəyəcək: “Bir də ki, insan götürdüyü fənnin pulunu verməlidir. Axı, tələbə universitetə bir il əvvəldən niyə pul ödəməlidir? Bəlkə heç ilin sonunadək təhsil almayacaq, birinci semestrdən sonra çıxıb getmək istəyəcək. Belə faktlar da var ki, birinci kursun ikinci semestrindən xaricə çıxıb gedən tələbə ödədiyi təhsil haqqının yarısının geri qaytarılmasını tələb edib. Tələb etməkdə də tamamilə haqlıdır. Çünki oxumadığı fənlərin pulunu ondan əvvəlcədən alıblar. Ümumiyyətlə, qeydiyyat hər semestrdə aparılmalıdır. Tələbə qeydiyyatdan keçərkən həmin semestrdə hansı və neçə fənni oxumaq istədiyini bildirməlidir. Biz bütün birinci kurslara 6 fənn təklif edirik. Ancaq onların hamısı bu fənləri oxumaya da bilər. Tutaq ki, 4 fənn götürüb ancaq onun pulunu ödəmək istəyini bildirər və bu istəyində tam haqlıdır”.

 

Ə.Abdullayev hesab edir ki, sadəcə təhsil haqqı deyil, hətta günün hansı saatında və neçə saat dərs keçməsinə də təhsilalan qərar verməlidir: “20- 22 yaşında gəncin təhsil haqqını niyə valideynləri ödəməlidir? Gənclər həm işləyib, həm də oxumaq istəyə bilər. Ona görə də tələbənin götürdüyü fənlərin sayını, vaxtını məhz iş saatına uyğunlaşdırmaq istəməsi normal qarşılanmalıdır”.

 

Ə.Abdullayev bildirib ki, nəinki təhsilalanların, elə təhsilverənlərin də tədris planı illik tərtib edilməməlidir: “Təhsil alan ikinci yarımildən başqa təhsil müəssisəsinə keçmək istəyə bilər. Eyni zamanda, hər hansı fənni tədris edən müəllimdən imtina edər. Ona görə də, nəinki tələbənin, elə müəllimlərin də tədris planı yarımillik tərtib olunmalıdır”.

 

Prorektor onu da əlavə edib ki, Təhsil Nazirliyinin kollegiyasında verilən qərarın yerinə yetirilməsi universitetlər üçün məcburi xarakter daşıdığından bundan sonra bu məsələ problemə çevrilməyəcək və qərar bütün təhsil müəssisələri üçün qüvvədə olacaq.

 

 

Təhsilə əlçatanlığın artırılmasına xidmət edəcək daha bir şərt

 

 

Beləliklə, hər il ali təhsil müəssisələrinə qəbul prosesinin sonunda onlarla gəncin təhsil haqqının ödənilməsi problemi ilə üz-üzə qalması və hər il eyni prosesin təkrarlanması Təhsil Nazirliyini əlavə addımlar atmağa sövq etdi. Bəs, bu qərarın nəticəsi nə olacaq?

 

Təhsil Nazirliyinin kollegiyasında qəbul edilən qərarın yerinə yetirilməsinin gözlənilən nəticəsi təhsil almaq istəyənlərin qarşısındakı bir əngəlin də aradan qaldırılmasıdır. Belə ki, ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olunan tələbələr bütün dünyada qəbul edilmiş mövcud qaydalara görə, götürdüyü semestrin, fənnin pulunu verməlidir. Tələbə 4 ildə 240 kredit toplamalıdır. Bu proqram tamamlanmadan təhsilalana təhsil haqqında sənəd - diplom verilmir. Yəni, təhsilin qiymətini ödəməyən tələbə diplom ala bilmir. Deməli, tələbənin yarımildə, ya da il ərzində nə qədər kredit ödəməsi, təhsilini hansı müddətdə tamamlaması universitetin büdcəsinə hər hansı formada zərər vurmur. Ancaq təhsilalanlara gücü çatdığı miqdarda kredit götürməyə, ona uyğun vəsait ödəməyə və gücü imkan verdiyi şəkildə təhsil almağa şərait yaradır.

 

 

“Bu, dövlətin təhsilimlə bağlı mənə verdiyi ikinci böyük şansdır”

 

 

Göründüyü kimi, yeni qərar təhsilə əlçatanlığın artırılmasına xidmət edəcək bir şərtin yerinə yetirilməsinin önündə universitetlərin yaratdığı əngəlləri aradan qaldırır. Təhsili daha da əlçatan edən qərarın sevinclə qarşılanacağı şübhə doğurmur. Bunu tələbə adı qazanan Nərgiz Mərdanzadənin sözlərindən də anlamaq çətin deyil: “Bu ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində sənayenin təşkili və idarə olunması ixtisası üzrə təhsil alacağam. Subbakalavrlara verilən müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq imkanından yararlanaraq 25 yaşımda yenidən tələbə oldum. Seçdiyim dövlət sifarişli yerlərin heç birini tuta bilmədim. Qəbul olunmağıma sevinsəm də, təhsil haqqını birdəfəyə ödəməli olacağım fikri məni narahat edirdi. Bu qərar barədə eşidəndə çox sevindim. Çünki illik təhsil haqqını birdəfəyə ödəmək güzəranımı xeyli ağırlaşdıracaqdı. Mətbuatdan nə qədər gəncin pul ucbatından təhsildən kənarda qaldığından, qazandığı yerdən bu səbəbdən imtina etməyə məcbur olduğundan xəbərdar idim. Ona görə də Təhsil Nazirliyinin bu qərarının  mənim kimi yüzlərlə gənci, hətta ailəni sevindirəcəyinə əminəm. İllik təhsil haqqını tamamlamaq və birdəfəyə ödəmək qayğısından xilas etməsi, məncə, bir gənc olaraq, dövlətin bu il təhsilimlə bağlı mənə verdiyi ikinci böyük şansdır. Həm müsabiqədənkənar tələbə oldum, həm də təhsilhaqqını birdəfəyə ödəmək məcburiyyətindən azad oldum”.

 

 

Ruhiyyə DAŞSALAHLI