Avqustun 10-da Heydər Əliyev Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) bağlanış mərasimi keçirilib.

 

Əvvəlcə cari ilin fevral ayında məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) yerli və beynəlxalq təşkilat komitələrinin Bakıya gəlişinə həsr olunmuş qısa videoçarx nümayiş olunub.

 

Təhsil naziri, “IOI 2019”-un sədri Ceyhun Bayramov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik edib, yarışın yüksək səviyyədə təşkil olunması ilə bağlı təşkilatçılara, qlobal sponsor “Acer” şirkətinə və əməyi keçən digər şəxslərə təşəkkürünü bildirib.

 

İKT bilik və bacarıqlara yiyələnmənin vacibliyini diqqətə çatdıran Təhsil naziri ölkəmizin təhsil sahəsində yeni innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqindən söz açıb.

 

IOI 2019 olimpiadasının Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafına töhfə verəcəyini qeyd edən Ceyhun Bayramov çıxışının sonunda olimpiada qaliblərini təbrik edib və bütün iştirakçılara uğurlar arzulayıb.

 

Tədbirdə olimpiadanın bürünc, gümüş və qızıl medala layiq görülmüş iştirakçıları mükafatlandırılıb. Bildirilib ki, iştirakçılardan 28 nəfər qızıl, 54 nəfər gümüş,  81 nəfər isə bürünc medal qazanıb.

 

Təhsil naziri Ceyhun Bayramov tərəfindən ən yüksək nəticə göstərmiş iştirakçı, ABŞ komandasının üzvü Benjamin Qiyə qızıl medalla yanaşı xüsusi mükafat da təqdim edilib.

 

IOI prezidenti Qreq Li beynəlxalq olimpiadanın bağlanış bəyannaməsini diqqətə çatdırıb.                   

 

Bağlanış mərasimində iştirakçıların mükafatlandırılması ilə yanaşı, növbəti ilin 19-26 iyul tarixlərində yarışın Sinqapurda keçiriləcəyi elan edilib. Təhsil nazirinin müavini Firudin Qurbanov və “IOI 2019”-un fəxri həmsədri, ADA Universitetinin rektoru Hafiz Paşayev tərəfindən  Beynəlxalq İnformatika Olimpiadasının bayrağı Sinqapur Milli Universitetinin professoru Tan Sun Tekə təqdim olunub.

 

Daha sonra ölkəmiz haqqında qısa film nümayiş edilib.

 

Tədbir bədii hissə ilə davam etdirilib.

 

Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirdilər.

 

Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilib. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, “Azercell Telekom” tədbirin “İstedadların Rəqəmsal Sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verib.

 

Bilik yarışmasının media tərəfdaşı İctimai Televiziyadır (İTV).