Şagirdlə müəllimin bərabər olduğu məktəb


Moskvanın 45 nömrəli orta məktəbini əvvəllər ittifaq, indi isə Rusiyanın pedaqoji mühitində tanımayan yoxdur. Bu populyarlığın banisi isə təhsil ocağının unudulmaz direktoru və yaradıcısı Leonid Milqramdır. Milqram düz 42 il ərzində bu məktəbi idarə edib. Onun direktor olduğu dövrlərdə siniflərdə Selinceri oxuyur, “ABBA”ya qulaq asırmışlar. Hələ SSRİ dönəmində ilk olaraq məhz bu məktəbin şagirdləri ABŞ-a səfər edə bilmişdilər. O vaxtın şagirdləri indi nənə və baba olaraq nəvələrini 45 nömrəli məktəbə oxumağa yola salırlar...

 

 

“Vətən xaini”nin oğlu

 

 

“Vətən xaini”nin oğlu və İtaliya Kommunist Partiyasının funksionerlərindən birinin kürəkəni olması səbəbindən partiyada Milqramın məktəb direktoru olmasına isti baxanlar yox səviyyəsində idilər. Onun dostları tez-tez zarafat edirmişlər ki, “sənin tərcümeyi-halın başına bəladır”. Bununla belə, 1960-cı ildə qərara alınır ki, L.Milqram məktəb direktoru vəzifəsinə təyin olunsun. Məktəbin çiçəklənmə dövrü də məhz Milqramın direktor olduğu qarşıdakı 42 ilə təsadüf edir.

 

Leonidin uşaqlığı çox qısa və olduqca çətin keçib. Atası, sovet kəşfiyyatçısı İsidor Milqram 1937-ci ildə həbs edilib və güllələnib. Buna baxmayaraq, L.Milqram hər zaman atası ilə fəxr edib və ona bənzəməyə çalışıb. Tezliklə ögey anası, aktrisa Yevlaliya Uspenskaya da həbs və sürgün edilir. Yay düşərgəsindən evə dönən Leonid qapılarının möhürlü olduğunu görür və tənha qaldığını başa düşür. Böyük çətinliklərlə o, Moskva Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur, ancaq müharibə başladığından təhsili yarımçıq qalır. Milqram müharibəni ilk günündən sonunadək 40 saylı artilleriya diviziyasında keçirir. Müharibədən sonra Leonid İtaliya kommunistlərinin liderlərindən birinin qızı Mirella Pastore ilə ailə həyatı qurur. Peşə fəaliyyətinə Arxangelskdə, texnikumda tarix müəllimliyi ilə başlayır. Ardınca Moskvadakı 106 nömrəli (sonra 45 nömrəli olur) məktəbə təyinat alır, burada böyük nüfuz qazandığından ona direktor olmağı təklif edirlər.

 

Etimad və nüfuz

 

 

Milqram məktəb direktorluğunun mənasını özünün dediyi kimi “insan yetişdirmək”də görürdü. Tez-tez deyirmiş ki, əsas məqsədi şagirdlərinin dünyagörüşündə bir yeniliyə səbəb olmaq, onların həyata və dünyaya gözlərini açmaqdır. İntellektuallara deyil, ziyalılara dərs demək istəyirmiş. Çünki məhz ziyalı digərləri üçün nə isə etməyə çalışır. Milqram ziyalı təbəqəsinin yetişdirilməsini özünün missiyasının başlıca bəndi sayırmış.

 

Bəs onun direktoru olduğu məktəbin əsas fəaliyyət prinsipləri nələr olub? Şagirdlərinin sözlərinə görə, məktəbdə qamçı ilə çörək bir-birini harmonik şəkildə tamamlayırmışlar. Direktor şagirdləri ilə sərt olub, ancaq ədaləti heç vaxt unutmadığından ondan incimirmişlər. “Milqram bizə qorxmamağı və öz hərəkətinə cavab verə bilməyi öyrədirdi. Sinfimizdə belə bir hal olmuşdu: Petya pioner qalstukuna xətkeşlə dəstək düzəldib altından çalışmanı köçürürdü. Bunu görən müəllim onu direktorun yanına apardı. Milqram Petyanı sərt danladı, sonra müəllimi dərsə yola saldı. Qayıdıb öz qalstukunu çıxarıb Petyaya bağışladı. Etdiyi “kəşf”ə görə. Belə incə yanaşma hər şeyin ağ-qara olduğu sovet dönəmi üçün çox nadir hal idi”, - deyə 1988-ci ilin məzunu Yekaterina Evdokimova danışır.

 

Milqramın məktəbinin bünövrəsi iki mühüm sütun üzərində bərqərar olmuşdu: şagirdlərlə münasibətdə etimad və nüfuz. “O, çox sərt, ancaq nüfuzlu idi. Mən onun fikirlərinə, tənbehinə çox böyük önəm verirdim. Hansısa səhv hərəkətimi tutsaydı, çox utanardım” - deyə Yekaterina davam edir. Yekaterina da daxil olmaqla heç bir şagird hər səhər saat 7:30-da direktorun onları məktəbin qarşısında gözlədiyini unutmayıblar. Hər səhər şagirdlər mütləq onunla salamlaşmalı, onun zarafat və tənbehlərini dinləməli idilər. Deyilənə görə, saçlarını vaxtında kəsdirməyən oğlanlara qarşı xüsusilə “amansız”mış. Özü keçəl olduğundan saçı uzun oğlanları saxlayıb deyirmiş: “Sən qəsdlə belə edirsən ki, mənim paxıllığım tutsun?”. Sonra həmin şagirdə 15 qəpik verib bərbərə göndərirmiş.

 

 

Direktorun maketi

 

 

Natalya Romanova xatırlayır: “Bir dəfə dərsə gəlirik, bir də gördük ki, sütunların birinin arxasından direktor Milqram bizə tərəf boylanır. Biz dərhal qaçdıq. Sən demə bu, onun özü deyil, maketi imiş. Heç vaxt tuta bilmirdik, bizi izləyən direktorun əslidir, ya surəti. Ona görə də dərsə vaxtında və hazır gəlmək lazım idi. Milqramın özü belə idi. Getdiyin yerdə bir də gördün səni möhkəm əlləri ilə saxladı: “Bəs salamlaşmaq?!”.

 

45 nömrəli məktəbin bütün məzunları təhsil ocağındakı yaradıcı mühitdən danışırlar. 20 il tərbiyəvi işlər üzrə direktor müavini işləmiş Yelena Podqornaya xatırlayır ki, bir dəfə Milqram Arbatda gənc rəssam oğlanla tanış olur və onu məktəbə gətirir. Göstəriş verir ki, bütün müəllimlərin, o cümlədən onun özünün şarjını çəksin. Bir neçə gündən sonra şarjlar məktəb divarlarını bəzəyir. “Yuxarı”lardan gələnlər hər dəfə şarjları gördükdə təəccüb içində qalırmışlar.

 

Milqramın kabinetinin qapıları şagirdlər üçün hər zaman açıq olub. Dəxli yoxdur, qəbulunda kim olur-olsun - müəllim, qonaq, hansısa tanınmış şəxs, - şagird gəldisə, direktorun diqqəti ona yönəlirmiş. “Sizin üçün mən məşğul ola bilərəm. Şagirdlər üçün isə hər zaman azadam” - deməyi sevirmiş. Milqram şagirdləri mütəmadi olaraq kabinetinə dəvət edər, yenilikləri müzakirəyə çıxarar və onların fikirlərini öyrənməyi sevərmiş. Şagirdlərin sözlərinə görə, heç kim sadəlöhv, ağılsız görünməkdən qorxmazmış, bilirmişlər ki, onları sonadək dinləyəcəklər. “Milqram bizdə qarşındakını dinləmək mədəniyyəti tərbiyə etmişdi. Bu münasibəti mən sonralar heç bir yerdə görmədim” - deyə 1966-cı ilin məzunu Viktor Doroxin xatırlayır. Az qala yarım əsr sonranın məzunu, məktəbi 2002-ci ildə bitirmiş Lev Borovkov da eyni qənaətdədir: “Biz həmişə özümüzə qarşı bərabərlik və hörmət hiss edirdik. Bu, imkan verirdi ki, bizə hörmət edənə biz də hörmət edək. Belə bir halın şahidi olmuşam: akt zalında hansısa məsələ müzakirə olunurdu, həmyaşıdlarımdan biri ayağa qalxıb direktorla mübahisə etdi. Milqram da tam bərabər şəkildə öz mövqeyini əsaslandırmağa çalışırdı. Axırda ortaq məxrəcə gəldilər”.

 

 

Milqramdan soruşanda ki, onun metodu nədən ibarətdir, belə bir cavab verirmiş: müəllim seçimində! O hesab edirdi ki, məktəbdə dərsi yalnız istedadlı adamlar deyə bilər. Milqram bu və ya digər səbəbdən iş yerini itirmiş istedadlı müəllimləri işə götürməkdən çəkinməzmiş. Deyirmiş ki, müəllim məndən savadlı olsa belə, yanımda işləməlidir: “Əsas odur müəllim missiyasının daşıyıcısı olsun”.

 

 

Sərhədsiz təhsil

 

 

45 nömrəli məktəb uşaqları tək mühiti ilə cəlb etmirmiş. L.Milqramın ideyalarla dolu, təşəbbüskar, maraqlı insan olması valideynlərlə yanaşı, məktəblilərin də ürəyincə idi. İttifaqın, hətta bir sıra xarici ölkələrin tanınmış yazıçıları, incəsənət, mədəniyyət və hətta siyasət adamları məktəbin qonağı olurmuşlar. Milqram sübut etməyə çalışırdı ki, təhsilin heç bir sərhəddi olmamalıdır, uşaq azad oxumalıdır. 45 nömrəlidə güclü ingilis dili dərsləri olub. O vaxtın reallıqları üçün bu, bəlkə də qeyri-adi görünə bilər, ancaq Milqramın məktəbində ingilis dili dərslərində uşaqlar Selinceri oxuyur, “ABBA”nın mahnılarının sözlərini tərcümə edirdilər. ABŞ-a gediş-gəlişin qadağan olunduğu dövrdə 45 nömrəli məktəbin şagirdlərinin okeanın o tayına səfəri təşkil olunmuşdu. Özü də bu səfərin çox maraqlı tarixçəsi var. Moskvadakı Amerika səfirliyinin əməkdaşlarının uşaqları 45 nömrəli məktəbdə təhsil alırmışlar. Səfir o vaxtkı prezident Ronald Reyqana təklif edir ki, belə bir səfər təşəbbüsü ilə çıxış etsin. Reyqan razılaşır. Nəticədə 45 nömrəli məktəb düz 14 il Vaşinqtondakı “Bethesda Chevy Chase” dövlət məktəbi ilə əməkdaşlıq edir.

 

45 nömrəli novator təhsil ocağı kimi Rusiyadan Beynəlxalq Bakalavriata qəbul edilmiş ilk məktəb olaraq tarixə də düşüb. Podqornaya deyir: “10-cu siniflərdə 72 şagirdimiz, 72 tədris proqramımız var idi. Uşaqlar qrup halında nə ilə maraqlanırdılarsa, onu öyrənirdilər”.

 

Milqram adına 45 nömrəli məktəbin direktoru olmuş Mixail Şneyder birgə işlədikləri günləri belə xatırlayır: “Mən təyin olunanda məktəb akademik nöqteyi-nəzərdən ən yaxşılardan idi. 1993-cü ildə hər məktəbdə kompüter yox idi, ancaq 45 nömrəlidə informasiya texnologiyalarının öyrənilməsi ilə bağlı proqramlar mövcud idi. Uşaqlarla müəllimlər arasındakı səmimi münasibətlər dərhal nəzərə çarpırdı. Müəllimlər hər bir uşaqda şəxsiyyət görməyə çalışırdılar. Milqram heç vaxt humanizm prinsiplərindən bir addım belə geri atmazdı. Axı baza dəyərləri olmayan texnologiya bəşəriyyət üçün təhlükədir!”.

 

Milqram əsl direktor kimi ən xırda detalları belə diqqətsiz qoymazdı. Şagirdlərini tək-tək tanıyardı. Hətta təqaüdə çıxandan sonra belə şagirdlərini evində qəbul edib onlara zarafatla attestat verərmiş...

 

 

Rüstəm QARAXANLI