Orta ümumtəhsil məktəblərində peşəyönümü işinin təşkili və təmayülləşmə ilə bağlı layihə hazırlanır. Layihə çərçivəsində 20 ümumtəhsil müəssisəsində peşə üzrə təmayülləşmiş siniflərin yaradılması nəzərdə tutulub.

 

Bu barədə “Azərbaycan müəllimi” qəzetinə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili məlumat verib. O bildirib ki, layihə iqtisadiyyatın mövcud prioritet sahələri  və regionun xüsusiyyətləri nəzərə alınmaqla tətbiq ediləcək: “Məsələn, turizm bölgəsindəki məktəblərdə turizm, kənd təsərrüfatının inkişaf etdiyi regionlarda aqrar sahə üzrə tələb olunan ixtisasların hazırlığı həyata keçiriləcək. Hazırlıq  ilk peşə təhsil səviyyəsi üzrə təşkil ediləcək”.

 

Direktor müavini onu da qeyd edib ki, cəmiyyətdə peşəyönümü işi mütəmadi aparılmalıdır: “Harda təhsil almağından, ümumiyyətlə təhsil alıb-almamağından asılı olmayaraq, insanların əmək bazarındakı yeni ixtisaslar barədə məlumatlı olması məqsəduyğundur”.

 

 

Ruhiyyə