2019-2020-ci tədris ili üzrə 145 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparılacaq. Həmin ixtisasların 23-ü tam yenidir.
Bu barədə “Azərbaycan müəllimi” qəzetinə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili məlumat verib. O bildirib ki, yeni ixtisaslar əsasən sənaye sahəsi üzrədir. Həmin sahə üzrə kadrlar Koreya standartları əsasında yeni yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsili Mərkəzində hazırlanacaq: “Yeni ixtisaslar, əsasən sənaye sahəsi üzrədir. Belə ki, “Torna və frezer dəzgahların operatoru”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Veb dizayner və proqram təminatçısı”, “Avtomatika üzrə usta” “Torna və frezer dəzgahların operatoru” ixtisasları üzrə hazırlıq Koreya standartları əsasında yeni yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsili Mərkəzində həyata keçiriləcək”.
A.Əlili nəzərə çatdırıb ki, informasiya texnologiyaları, turizm, aqrar sahə üzrə olan başqa yeni ixtisaslar da var: “Yeni ixtisasların 14-ü peşə təhsili təsnifatına yeni daxil edilib, 9 ixtisasın adı isə indiyədək peşə təhsili təsnifatında olsa da, onlar üzrə kadr hazırlanmayıb. Həm ödənişli, həm də dövlət sifarişi əsasında hazırlığı təşkil ediləcək “İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Plastik boru qaynaqçısı”, “Üzlükçü dizayner”, “Turizm təşkilatçısı”, “Torna və frezer dəzgahların operatoru”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Rəngsaz və suvaq ustası”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Elektronika ustası”, “İnşaat ustası”, “Veb dizayner və proqram təminatçısı”, “Avtomatika üzrə usta”, “Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi” ixtisasları peşə təhsili təsnifatına yeni daxil edilənlərdir. 9 ixtisasın - “Çörək ustası”, “Daş frezerçisi”, “Gəmi tornaçısı”, “Hərəkət tərkibinin təmiri çilingəri (Metropoliten üzrə)”, “Misgər”, “Növbə matorçusu”, “Növbə matrosu”, “Paylayıcı qurğuların təmiri və istismarı üzrə elektrik montyoru”, “Yüksəkgərginlikli hava xətlərinin və kontakt şəbəkələrinin quraşdırıcısı üzrə elektrik montyoru-xətçi” ixtisaslarının adı peşə təhsili təsnifatında olsa da, indiyədək onlar üzrə kadr hazırlanmayıb. Beləliklə, peşə məktəblərində növbəti tədris ilində hazırlığı təşkil ediləcək 145 ixtisasdan 23-ü yenidir”.
Xatırladaq ki, avqustun 5-dən peşə təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün ərizə qəbuluna başlanılıb. Bu il də peşə təhsili müəssisələrinə sənəd qəbulu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Peşə təhsili müəssisələrinə ərizə qəbulu avqustun 20-dək bütün “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçirilir.
Ruhiyyə