Dünya fənn olimpiada suallarının hazırlanması olimpiada ilə bağlı yaradılan beynəlxalq elmi komitə tərəfindən hazırlanır, suallara yüksək səviyyəli mütəxəssislər tərəfindən dəfələrlə baxılır. Buna görə də Beynəlxalq Informatika Olimpiadasında suallarla bağlı problemin, yaxud texniki problemin olması ehtimalı yoxdur. Amma olarsa, bununla bağlı beynəlxalq təşkilat komitəsi rəy verəcək. Bunu Təhsil naziri Ceyhun Bayramov Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında suallarla bağlı hər hansı problemin ola bilməsi ehtimalı barədə danışarkən deyib. Nazir bildirib ki, olimpiadanın ilk müsabiqə günündə iştirakçılara 3 tapşırığın veriləcəyi gözlənilir. Onların cavablandırılması üçün iştirakçılara 5 saat vaxt veriləcək: “Avqustun 8-də müsabiqənin ikinci günü olacaq. Həmin gündə də 3 tapşırıq üçün 5 saat vaxt veriləcək. Böyük ehtimalla avqustun 8-də günün sonuna yaxın nəticələr təsdiq ediləcək, avqustun 9-da isə nəticələr açıqlanacaq”.

 

C.Bayramov qeyd edib ki, Azərbaycanda beynəlxalq olimpiada fənlərindən başqa digər fənlər üzrə də respublika olimpiadaları keçirilir. Azərbaycanda 8 fənn üzrə respublika olimpiadası təşkil olunur. Şagirdlərin olimpiadaya cəlbi, eyni zamanda istedadlı uşaqları daha erkən yaşda aşkarlamaq üçün respublika fənn olimpiadalarından əlavə, ölkədə respublika fənn müsabiqələri də keçirilir.