322 adda 5668865 nüsxə çap edilib


Dərsliklərin ilbəil keyfiyyətinin və məzmununun təkmilləşdirilməsi Təhsil Nazirliyinin qarşısında duran əsas istiqamətlərdəndir. Bu məqsədlə hər il olduğu kimi, növbəti tədris ili üçün də Təhsil Nazirliyinin sifarişi əsasında yeni dərsliklər və metodik vəsaitlər çap edilib. Qeyd edək ki, 2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5668865 nüsxə dərslik və metodik vəsait çap olunub.

 

Bir neçə dərsliklər məzmun və dizayn baxımdan təkmilləşdirilib. Təkmilləşdirmə ölkənin dövlət ümumtəhsil müəssisələrinin IV və VIII siniflərinin istifadəsində olan dərslikləri əhatə edir. Qeyd edilən siniflər üçün dərsliklər yeni tədris ilinə məzmun və dizayn baxımından təkmilləşdirilib və əsaslı şəkildə yenilənib. Nazirlər Kabinetinin qərarına uyğun olaraq  Təhsil İnstitutunda dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün “Azərbaycan dili (tədris dili)” və “Riyaziyyat” fənləri üzrə yeni baza (ehtiyat) dərsliklər hazırlanıb.

 

Dünya səviyyəli “Macmillan” Şirkəti tərəfindən I siniflər üçün “İngilis dili (əsas xarici dil)” fənni üzrə tərtib edilən “Happy Campers” adlı dərslik komplektinin ölkəmizdəki təhsil proqramlarına adaptasiyası həyata keçirilib. Hər 3 dərslik komplektinin yeni tədris ilində ölkənin seçilmiş məktəblərinin pilot siniflərində sınaq istifadəsi planlaşdırılır. Sınaq istifadə bu istiqamətdə həyata keçirilən ilk təcrübədir və nəticələr mütəxəssislər tərəfindən təhlil edildikdən sonra  dərsliklər üzərində müvafiq təkmilləşdirmələr aparılacaq. Yalnız bundan sonra onlar kütləvi istifadəyə veriləcək.

 

 

Dərsliklər avqustun 25-nə qədər məktəblərə çatdırılacaq

 

 

Dövlət ümumtəhsil müəssisələri üçün çap edilən dərsliklərin 25 avqust 2019-cu il tarixinədək yerli təhsil idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur.

 

Dərsliklər həmin tarixdən sonrakı 10 gün müddətində, yəni 4 sentyabra qədər yerli dövlət ümumi təhsil müəssisələrinə, həmin məktəblər tərəfindən isə sentyabrın 6-dək  şagirdlərə çatdırılacaq.

 

Dərslik çatışmazlığı ilə üzləşən şagird bu barədə dərhal məktəb rəhbərliyini məlumatlandırmalıdır. Əgər mövcud dərsliklər hesabına çatışmazlıq aradan qaldırıla bilmirsə, məktəb tərəfindən əlavə dərslik tələbatına dair müraciət dərhal müvafiq instansiyalara ötürülməli və tədris ili başlananadək çatışmazlığın aradan qaldırılmasına nail olunmalıdır. Bununla bağlı müraciətləri derslik@edu.gov.az elektron poçt ünvanına göndərmək olar.

 

 

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün dərsliklər

 

 

 

2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda  168148 nüsxə dərslik və metodik vəsait çap ediləcək.

 

 

Dərslik layihələrinə dair ictimai rəy öyrənilir

 

 

2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik layihələrinə dair ictimai rəy öyrənilib. Təkmilləşdirilən və yeni hazırlanan dərsliklər cari ilin aprel ayından iyul ayına qədər  ictimai müzakirəyə çıxarılıb.

 

Qeyd edək ki, bundan sonra da dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsində iştirak etmək istəyənlər www.trims.edu.az  saytının “İctimai müzakirədə olanlar” bölməsinə daxil olmaqla yerləşdirilən istənilən layihəni oxuya, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri  yazaraq prosesə öz töhfələrini verə bilərlər. İrad və təkliflər derslik@edu.gov.az  elektron poçtuna göndərilməklə də bildirilə bilər.

 

Təhsil Nazirliyi gələcəkdə də alimləri, təhsil işçilərini, ziyalıları, valideynləri, bir sözlə, bütün vətəndaşları müzakirəyə çıxarılacaq dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.

 

 

Niyazi RƏHİMOV