“Son 3-4 ildə Azərbaycanlı şagirdlər beynəlxalq bilik yarışlarında 160-dan çox medal qazanıb. Təəssüf ki, şagirdlərimizin informatika üzrə nailiyyətləri elə də yüksək deyil. 30 ildir keçirilən bu olimpiadalarda Azərbaycan ilk dəfə 1994-cü ildə iştirak edib. Sonuncu nailiyyətimiz isə 2011-ci ildə qeydə alınıb”.
Bunu Təhsil televiziyasının “Təməl” verilişində canlı yayıma qatılan Təhsil nazirinin müavini Firudin Qurbanov avqustun 4-dən 11-dək Bakıda keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) haqqında danışarkən deyib. Onun sözlərinə görə, indiyədək informatika üzrə yarışlarda 1 gümüş 4 bürünc medal əldə edilib: “8 ildi bu beynəlxalq yarışda heç bir medal qazanmamışıq. Odur ki, Bakıda keçiriləcək olimpiadadan böyük gözləntilərimiz var. Hesab edirəm ki, bu yarışda medal qazanmaq üçün şansımız çoxdur. Çünki üçü X sinif şagirdi və biri XI sinif şagirdi olan komanda üzvləri çox hazırlıqlıdırlar. Onlar Fizika Riyaziyyat və İnformatika təmayüllü respublika liseyi və akademik Zərifə Əliyeva adına liseyin şagirdləridirlər. Xüsusən, Fizika Riyaziyyat və İnformatika təmayüllü respublika liseyi və akademik Zərifə Əliyeva adına liseyin şagirdi Abutalıb Namazova çox böyük ümidlərimiz var”.
Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanmağın asan olmayacağını da vurğulayan nazir müavini bunu güclü rəqabət mühiti ilə izah edib: “Ancaq onu da qeyd etməliyəm ki, bu yarışda çox böyük rəqabət olacaq. Dünyanın 88 ölkəsindən təqribən 311 şagirdin iştirak edəcəyi yarışda ABŞ, Çin, Rusiya Federasiyası, Cənubi və Şimali Koreyanın şagirdləri hər il çox yüksək nticələr göstərirlər. Yaponiyada da çinli şagirdlərin çox böyük uğurları oldu”.