Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatıb
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.
İyulun 5-dən 20-dək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ali təhsil müəssisələrindən köçürülmək üçün ümumilikdə 1535 nəfər müraciət edib.Onlardan 13 nəfəri magistratura səviyyəsi üzrə köçürülmək istəyənlərdir. Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan və köçürülmək istəyənlərin sayı 137 nəfərdir. Ölkə ərazisindəki ali təhsil müəssisələrindən köçürülmək və təhsil alma formasını dəyişmək üçün 1385 nəfər müraciət edib. Orta ixtisas təhsili müəssisələrindən köçürülmək istəyənlərin sayı isə 158 nəfər təşkil edir.
Hazırda köçürülmək və təhsil alma formasını dəyişmək istəyən tələbələrin müraciətlərinə baxılır. Nəticələrin sentyabrın əvvəlinədək açıqlanması nəzərdə tutulur.
Qeyd edək ki, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara müvafiq olaraq xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Xatırladaq ki, transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil. Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
Oruc MUSTAFAYEV