İyulun 25-də Təhsil Nazirliyində müəllimlərin işə qəbulu üzrə test imtahanlarının yekunu ilə bağlı mətbuat konfransı keçirilib.
Mətbuat konfransında iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, 8-24 iyul 2019-cu il tarixlərində müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi təşkil olunub. Müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 namizəd imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Bu mərhələnin ilkin nəticələrinə əsasən, imtahanda iştirak etmiş namizədlərdən 18 881 namizəd (46 faiz) uğur qazanaraq müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Onlar arasında 3 nəfər imtahanlarda maksimal nəticə göstərib (60 bal).
Nazir müavini deyib ki, bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar iştirak edib. Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan verib. Təkrar iştirak edən namizədlərin əksəriyyəti ötənilki nəticələrindən daha yüksək nəticə qazanmağa nail olub. Ötən il əldə edilmiş nəticənin 2 il müddətində qüvvədə olduğu nəzərə alınaraq, namizədlər builki vakansiya seçimi mərhələsində hər bir fənn üzrə keçən il və ya bu il əldə etdiyi nəticələrdən birini seçməklə iştirak edə biləcəklər.
Daha sonra hər fənn üzrə nəticələr təqdim edilib:
Fənnin adı |
Növbəti mərhələyə vəsiqə qazanan namizədlərin sayı
|
Alman dili |
66 |
Azərbaycan dili |
11 |
Azərbaycan dili və ədəbiyyatı |
3997 |
Biologiya |
701 |
Coğrafiya |
979 |
Fizika |
565 |
Fiziki tərbiyə |
865 |
Fransız dili |
120 |
İbtidai sinif |
4471 |
İnformatika |
647 |
İngilis dili |
1528 |
Kimya |
610 |
Musiqi |
318 |
Riyaziyyat |
1563 |
Rus dili (xarici dil) |
200 |
Rus dili və ədəbiyyatı |
73 |
Tarix |
1167 |
Təsviri incəsənət |
401 |
Texnologiya |
599 |
Mətbuat konfransında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələrinə məlumat verib ki, imtahanlar zamanı 19 ixtisas fənni, habelə metodika və məntiq üzrə ümumilikdə 5 340 sualdan istifadə edilib. Sualların yoxlanması zamanı ekspertlər tərəfindən ümumilikdə Azərbaycan bölməsində 20, rus bölməsində isə 9 sualda texniki qüsur müəyyən edilib. Bu suallar ümumi sualların 0.54 faiz təşkil edib. Texniki qüsur olan suallar dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual), eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur. İmtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınıbsa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq və namizədin balının hesablanmasında nəzərə alınacaq. Bununla yanaşı, texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və onlarda olan qüsurlar izah ediləcək.
İyulun 26-da namizədlərin şəxsi səhifəsinə hər bir suala verdikləri düz və səhv cavabları əks etdirən cədvəl və texniki qüsuru olan suallara görə əlavə edilmiş bal (bu suallara verilmiş cavab imtahan zamanı səhv və ya cavablandırılmamış kimi qeydə alınmışdırsa) nəzərə alınmaqla yekun nəticə göndəriləcək.
İyulun 27-dən isə hər bir namizəd öz şəxsi səhifəsi üzərindən apelyasiya qaydasında müraciət edə bilər. Belə müraciətlər iyulun 29-dək qeydiyyata alınacaq. Apelyasiya müraciətinin məqsədi imtahana aid məzmun və ya texniki məsələlərlə bağlı əsaslandırıla bilən tələbləri təqdim etmək, habelə imtahanın təşkili ilə bağlı rəy və təklifləri bildirməkdir. Apelyasiya müraciətlərinə müvafiq ekspert komissiyaları tərəfindən baxılacaq və nəticəsi barədə məlumat avqustun 6-dək namizədin şəxsi səhifəsinə göndəriləcək.
Müsabiqənin vakansiya seçimi mərhələsi avqustun 7-dən açıq elan ediləcək. Bu il müsabiqəyə ölkənin ümumtəhsil müəssisələrində ilkin olaraq təxminən 7 000 vakant iş yerinin çıxarılması gözlənilir.
Daha sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.