Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.
“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.
II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün isə bu kitabçalar imtahanın nəticələri elan edildikdən sonra işıq üzü görəcək.
Mərkəzdən o da bildirilib ki, abituriyentlər ixtisas seçimini iyulun 24-dən avqustun 6-dək olan müddətdə həyata keçirməlidirlər. İxtisasların siyahısı “Abituriyent” jurnalının 4 saylı buraxılışında verilib. Jurnalda, həmçinin ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisasların kodları, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu əks olunub.
2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları da “Abituriyent” jurnalının 2019-cu il 2-ci nömrəsində və “2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış KEÇİD BALLARI” xüsusi buraxılışında dərc edilib.
Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.
“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” kitabçalarının elektron versiyasını da (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).