BDU-da təlim-konfrans keçirilib


İyulun  16-da Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyinin təşəbbüsü ilə “Ali təhsil müəssisələrində PR: strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları” mövzusunda təlim-konfrans keçirilib. Ali məktəbin Heydər Əliyev lektoriyasında keçirilən təlim-konfrasda ölkənin bir sıra ali məktəblərinin mətbuat xidmətlərinin rəhbərləri iştirak edib. BDU-nun rektoru Elçin Babayev beş il əvvəl Təhsil Nazirliyinin təşəbbüsü ilə başlanan təlim-konfransın ilk iclasının Bakı Dövlət Universitetində keçirildiyini və ötən müddət ərzində bütün ali təhsil müəssisələrini əhatə etdiyini bildirib. E.Babayev tədbirin əlamətdar vaxta təsadüf etdiyini diqqətə çatdıraraq bir neçə gün əvvəl ali məktəbdə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyinin qeyd olunduğunu bildirib. O qeyd edib ki, məhz ulu öndərin ideyalarının reallaşdırılması və bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə davamlı inkişaf gedir, o cümlədən də mətbuat azadlığı, söz azadlığı, demokratik fikirlərin yayılması və bunların ictimaiyyətə çatdırılması sahəsində çox böyük uğurlar var. Rektor  əldə olunan uğurların ictimaiyyətə çatdırılması, əlçatan olması, eyni zamanda qarşıya çıxan problemlərin həllində birgə vasitələrdən istifadə etməklə məsləhətləşmələrin aparılmasının, görüşlərin, media turların təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini  deyərək bu təşəbbüsə görə Təhsil Nazirliyinə minnətdarlığını bildirib.
 

Tədbirin keçirilməsində əsas məqsədin ali təhsil ocaqları arasında əlaqə yaratmaq, vahid informasiya siyasəti qurmaq olduğunu bildirən Elçin Babayev mətbuat xidməti rəhbərlərinin bu sahədə bacarıq və peşəkarlıqlarının artırılması ilə bağlı müxtəlif mövzuların müzakirə olunduğunu da diqqətə çatdırıb. Rektor konfransın yaddaqalan, öyrədici və faydalı olacağına əminliyini ifadə edərək tədbir iştirakçılarını 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib.

 

Təlim-konfransda çıxış edən Təhsil nazirinin müşaviri Elnur Məmmədov tədbirin təşkilinə görə BDU rəhbərliyinə minnətdarlıq edərək tədbirin keçirilməsinin əsas məqsədləri barədə geniş məlumat verib. O qeyd edib ki, təhsil sahəsində son illərdə bir sıra uğurlu islahatlar həyata keçirilir. Buna görə də  mediada bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsinə çox böyük zərurət var.  
 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sayca 7-ci dəfə keçirilən bu kimi tədbirlərin keçirilməsində yeni mərhələnin başlandığını, bundan sonra təlimlərin ali təhsil müəssisələrinin rəhbərliyi ilə keçiriləcəyini bildirib. Cəsarət Valehovun moderatorluğu ilə davam edən konfransda BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın “PR: strukturun və media ilə işin düzgün qurulması… Hədəf auditoriyası kimdir?” mövzusunda təqdimatı dinlənilib. Təqdimat auditoriya ilə interaktiv iş rejimində aparılıb, mətbuat katibləri hədəf auditoriyasının müəyyənləşdirilməsi, daxili PR-da yaşanan problemlər barədə danışıblar və təkliflər irəli sürüblər.
 

Daha sonra təlim-konfransda “Alibayov” Kommunikasiya & Konsaltinq şirkətinin baş direktoru Vəli Əlibəyov “Ali təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyətinin strategiyası və taktikası” mövzusunda təqdimat edib. Təqdimatda universitetlərin PR xidmətinin təşkili məsələlərindən bəhs olunub.  Qeyd olunub ki,  PR strategiya qurumun ümumi strategiyasının ictimaiyyətə tanıdılması və onun dəstəklənməsinin təmin edilməsinə yönəlik fəaliyyət planıdır.

 

Təqdimatlar ətrafında müzakirələr aparılıb və təlim-konfrans işini çıxışlarla yekunlaşdırıb.
 

Oruc MUSTAFAYEV