İlk dərs ilində mərkəzə 400 tələbə qəbul olunacaq
2019-2020-ci təhsil ilindən yeni peşə məktəbi fəaliyyətə başlayır. Belə ki, iyulun 9-dan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə tələbə qəbuluna start verilib. İlk dərs ilində Mərkəzə 400 tələbənin qəbulu planlaşdırılıb. 240 tələbə dövlət sifarişli yerlərdə, 160 tələbə isə ödənişli əsaslarla təhsil alacaq. Layihədə məqsəd əmək bazarının tələblərinə cavab verə biləcək kadrların, bacarıqlı ustaların yetişdirilməsidir.
Mərkəz böyük bir kompleks olacaq
Məlumat üçün qeyd edək ki, Koreya peşə təhsilinin inkişaf etdiyi ilk üç ölkədən biridir.
Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına cavab verə biləcək, rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb.
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tikintisi də məhz Koreyanın inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulan krediti əsasında həyata keçirilir. Maliyyə ikitərəflidir. Uzunmüddətli kredit sazişi əsasında icra olunan layihənin dəyəri 40 milyon dollar məbləğində müəyyən edilib. Vəsaitin yarısını Koreya, yarısını isə Azərbaycan təmin edəcək. Koreya modelinə uyğun öncül peşə mərkəzini qurmaq məqsədi ilə həyata keçirilən layihədə peşə mərkəzinin binasının tikilməsi, texniki təchizatı, kurikulumların yaradılması və bu məqsədlə koreyalı mütəxəssislərin prosesə cəlb edilməsi Koreyanın üzərinə düşür.
“Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin rəhbəri Heo Yo Sydonio layihənin iki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivəsində reallaşdırıldığını deyir. Onun sözlərinə görə, 2017-ci ilin dekabr ayında başlayan tikinti üzərində 2 il ərzində Koreyadan gələn mütəxəssislər çalışıblar. Mərkəzin tikintisinə yerli tikinti şirkətləri cəlb olunub. 800 adda 4303 avadanlıq quraşdırılıb. Layihə çərçivəsində iyulun 20-dək texniki təchizatın tamamilə bitəcəyi nəzərdə tutulsa da, bu iş avqustun əvvəllərinədək uzanacaq.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi böyük bir kompleks olacaq. Burada 2 əsas korpus, 2 emalatxana binası və 2 tələbə yataqxanası nəzərdə tutulub. Yataqxanalardan biri artıq hazırdır. 90 nəfərlik həmin yataqxana sentyabr ayından Mərkəzin tələbələrinin istifadəsinə veriləcək. Peşə Mərkəzinin regionlardan olan tələbələri yataqxanada yerləşdiriləcək.
Koreya təhsil proqramı tətbiq ediləcək
Mərkəzin tədris meneceri Rəşad Xanlarovun fikrincə, Peşə Təhsil Mərkəzində həyata keçiriləcək tədrisin əsasını təşkil edən Koreya modelinin beynəlxalq arenada qəbul edilən böyük nailiyyətləri var: “Bu modeli Azərbaycana gətirərkən də Koreya kurikulumunun tətbiqini qarşımıza məqsəd qoymuşduq. Təhsil Mərkəzində hazırlığı həyata keçiriləcək 8 ixtisasın hər birində Koreya təhsil proqramı tətbiq ediləcək”.
Tam orta təhsilini tamamlayan hər kəs oxuya biləcək
Mərkəzdə “Torna və frezer dəzgahların operatoru”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Veb dizayner və proqram təminatçısı” və “Avtomatika üzrə usta” adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş yeni Peşə Təhsil Mərkəzinə tam orta təhsilini tamamlayan hər kəs müraciət edə bilər.
Koreya təhsil standartları əsasında fəaliyyət göstərəcək Peşə Təhsil Mərkəzinə qəbul elektron qaydada aparılır. Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən şəxslər bu təhsil müəssisəsinin rəsmi saytı vasitəsilə (http://bsiic.edu.az) elektron qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi iyulun 25-dək davam edəcək.
Texniki fənlər üzrə göstəricilər nəzərə alınacaq
Müraciət edənlərin orta təhsil haqqında sənədində texniki fənlər üzrə göstəriciləri nəzərə alınacaq. Həmin fənlər üzrə yüksək qiymət alanlara üstünlük veriləcək. İkinci mərhələyə qatılmaq üçün namizədlər şəxsiyyət vəsiqəsi və tam orta təhsil haqqında sənədi təqdim edəcəklər. Bu mərhələdə namizədlərə seçdikləri ixtisas üzrə tapşırıqlar təqdim ediləcək və onların tapşırığı yerinə yetirmə səviyyəsi qiymətləndiriləcək.
Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir.
Qeydiyyatdan keçən namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra tələblərə (tam orta təhsil və texniki fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcəklər. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə tapşırıqlar təqdim ediləcək. Müsabiqənin yekun nəticələri avqustun 14-də elan ediləcək.
Peşə Tədris Mərkəzində təcrübə əsas olacaq
Qəbul başa çatdıqdan sonra Tədris Mərkəzi fəaliyyətə başlayacaq. İlk tədris ilindən etibarən burada tələbələrə həm nəzəri məlumatlar veriləcək, həm də emalatxanalarda işləmək imkanı yaradılacaq. “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin rəhbəri Heo Yo Sydonionun sözlərinə görə, Peşə Tədris Mərkəzində təhsil müddəti 1 il olan ixtisaslara hazırlıqda 20 faiz nəzəri hissə, 80 faiz praktika olacaq. Təhsil müddəti 3 il olan ixtisaslar üzrə hazırlığın 25 faizini nəzəri hissə, 75 faizini isə təcrübə təşkil edəcək.
Müəllimləri xüsusi seçilib
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bazarda müxtəlif texniki tələbata uyğun ustalar yetişdiriləcək, müxtəlif multifunksional vərdişlər hesabına yeni sahələr yaradılacaq. Bu kadrları yetişdirəcək müəllimlər də elə burada hazırlanacaq. İlk tədris ilində dərs deyəcək müəllimlər artıq seçilib də, hazırlanıb da. Mərkəzdə tələbələrə istiqamət verib bələdçilik edəcək müəllimlər əvvəlcə Koreyada təlim keçib, sonra isə Bakıda. Hazırda Bakıda təlimlərin davam etdiyini deyən Heo Yo Sydonio ölkə daxilində və beynəlxalq səviyyələrdə keçirilən olimpiadalarda mərkəzin tələbələrinin və müəllimlərinin iştirakının təmin ediləcəyinin də əsas hədəflərdən olduğunu deyib.
O, ayrı-ayrı peşə təhsili üzrə müəllimlərin ixtiaslaşdırılması zərurətini də qeyd edib. Bundan başqa, sənaye bazarında olan ustaların tədrisə cəlb edilməsi hazırlanan mütəxəssislərin peşəkarlığının artırılması baxımından önəmli hesab olunur.
Reallaşdırılacaq başlıca məsələlərdən biri də tədris proqramları ilə bağlıdır. Belə ki, yaradılan kurikulumların bazarın dəyişən tələbatına uyğun olaraq mütəmadi dəyişdirilməsi, yenilənməsi nəzərdə tutulur.
Məzunlar iş yerləri ilə təmin ediləcək
Peşə təhsilində inkişafa nail olmaq, gələcək planları reallaşdırmaq üçün isə peşə təhsilinə yanaşma dəyişməlidir. Layihə rəhbəri hesab edir ki, bunun üçün də hökumət tərəfindən prosesə ciddi nəzarət olunmalıdır: “Xüsusən, layihənin maliyyə vəsaiti ilə təminatı çox önəmlidir. Çünki 3 il istifadə olunan avadanlıqların bütövlükdə və ya hər hansı hissəsinin dəyişdirilməsi üçün maliyyə önəmlidir”.
Heo Yo Sydonio dövlətin dəstəyini həm də məzunların iş tapması baxımından önəmli hesab edir. Onun fikrincə, yerli şirkətlər, sənaye obyektləri ilə əməkdaşlıq, məzunların iş yeri ilə təmin edilməsi və həmin şirkətlərin mütəxəssislərinin tədris prosesinə cəlb olunması zərurətdir. Mərkəzin meneceri R.Xanalarov isə qətiyyətlə deyir: “Əməkdaşlıq etdiyimiz şirkətlərdə məzunlarımız iş yerləri ilə təmin ediləcək”.
Odur ki, Azərbaycanda olan müəssisələrlə davamlı intensiv əlaqələr nəzərdə tutulub. Tanınmış beynəlxalq şirkətlərin siyahısında Koreya şirkətləri də var. Peşə Tədris Mərkəzinin məzunlarına həmin şirkətlərin sertifikatları təqdim ediləcək. Bu da həmin beynəlxalq şirkətlər tərəfindən Peşə Mərkəzinin diplomunun tanınması deməkdır.
Ruhiyyə DAŞSALAHLI