İlk dəfə olaraq tələbələr məcburi köçkün məktəblərində təcrübə keçəcəklər
Fevralın 15-də Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci tədris ilində bakalavr ali təhsil pilləsində təhsillərini başa vuran tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunan konfrans keçirilib.
Konfransda çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tələbələri pedaqoji təcrübəyə yollanmaları münasibəti ilə təbrik edib. Rektor ilk dəfə olaraq tələbələrin bir qisminin ölkəmizin müxtəlif rayonlarında yerləşən məcburi köçkün məktəblərində pedaqoji təcrübə keçəcəklərini diqqətə çatdıraraq bu fədakar və nəcib işin həm universitet, həm də məktəblər üçün öz bəhrəsini verəcəyini vurğulayıb. K.Abdullanın sözlərinə görə, artıq universitetin əməkdaşları tələbələrin göndərilməsi nəzərdə tutulan məktəblərə baş çəkərək vəziyyətlə yerindəcə tanış olublar. O, qeyd edib ki, rayonlarda tələbə və metodistlərin normal yaşayışı üçün lazım olan hər cür şərait yaradılacaq və onların ezamiyyət xərcləri universitet tərəfindən ödəniləcək. Rektor K.Abdulla bildirib ki, şagirdlərlə bu yaxınlarda nəşr olunan “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitab, azərbaycançılıq ideologiyasının təbliği və s. məsələlərlə bağlı müzakirələr aparılması da zəruridir. Dərsdənkənar fəaliyyətin son dərəcə vacib olduğunu diqqətə çatdıran K.Abdulla tələbələrə universitetdə olan atmosferi məcburi köçkün məktəblərində də yaşatmaq və ADU haqqında təəssürat yaratmaq istiqamətində işlər görülməsini, eləcə də məktəblərin daxili nizam-intizam qaydalarına riayət etməyi tövsiyə edib.
ADU-nun Təcrübə, professional inkişaf və karyera şöbəsinin müdiri, universitet üzrə pedaqoji təcrübənin rəhbəri Məmməd İsmayılov təcrübəni tələbələrin ilk əmək fəaliyyəti kimi xarakterizə edib və buna görə də onlara təbriklərini ünvanlayıb. O, bildirib ki, 2018-ci ilin fevral ayının 16-dan başlayan pedaqoji təcrübə əyani şöbədə 14 həftə, qiyabi şöbədə isə 5 həftə davam edəcək. Pedaqoji təcrübəyə yollanan tələbələr Bakının 64 məktəb-liseyində və Binəqədi rayonunda yerləşən Zəngilan məcburi köçkün məktəbində, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Gəncə, Bərdə, Mingəçevir şəhərlərində yerləşən məcburi köçkün məktəblərində təcrübə keçəcəklər. M.İsmayılov əlavə edib ki, istehsalat təcrübəsinə cəlb edilən tələbələr isə müxtəlif təşkilatlarda 14 həftə müddətində təcrübədə olacaqlar.
M.İsmayılov daha sonra pedaqoji və istehsalat təcrübəsinə tətbiq edilən yeniliklərdən danışıb, qiymətləndirmə prosesi barədə məlumat verib.
Görüş iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, ADU-nun qaçqın və məcburi köçkünlərə dövlət qayğısına öz töhfəsini vermək üçün könüllü şəkildə həyata keçirdiyi bu layihə genişmiqyaslı xarakter daşıyır. Belə ki, universitetlə orta məktəb əlaqələri təkcə təcrübə müddətində deyil, sonra da davam edəcək və sistemli xarakter daşıyacaq. Daha sonra təcrübənin miqyasının genişləndirilərək kəndləri əhatə etməsi, universitetin orta məktəblərin xarici dil müəllimləri ilə əlaqələrinin yaradılması nəzərdə tutulur.