Son illər ölkəmizin təhsil sistemində aparılan məqsədyönlü islahatlar bir sıra keyfiyyət dəyişikliklərinin baş verməsi ilə müşayiət olunmaqdadır. Ölkənin paytaxtı ilə yanaşı regionlarda da inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi müsbət ənənəyə çevrilib. Artıq üçüncü dəfədir ki, keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələri ümumtəhsil məktəbləri və müəllimlərin bu sahədə xüsusi fəallığına səbəb olub. Məktəblərimizə, müəllimlərimizə uğur gətirən bu layihələrin təhsilimizə innovasiyalar, kreativ yanaşmalar vəd etməsi şübhəsizdir. Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant layihəsinin bir neçə qalibi ilə söhbətimizdə də buna əminlik hiss etmək mümkün oldu.
“Bütün layihələrin rəhbərlərini, məktəblərin kollektivlərini təbrik edirəm”
Danılmaz faktdır ki, hər hansı ümumtəhsil müəssisəsinin uğurlu fəaliyyəti həm də məktəbdaxili fəaliyyət strategiyasının düzgün qurulması və həyata keçirilməsindən çox asılıdır. Uğurlu təhsil mühitlərində bu məsələ daha çox gözəçarpandır və məqsədyönlü hesab olunur. Bakıdakı 147 nömrəli Texniki-humanitar liseyin ümumi təhsil kateqoriyasi üzrə müsabiqəyə təqdim etdiyi “Məktəblər üçün onlayn sorğu platforması” layihəsi də perspektiv hədəflərə yönəlib. Məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru, layihənin rəhbəri Arif Əsədov:
- Təhsil sistemi, pedaqoji proses, təlim-tərbiyə haqqında hər hansı bir qərar verilərkən və ya islahat həyata keçirilərkən müxtəlif təhsil obyekt və subyektləri üzərində ciddi araşdırmalar aparılmalı, zəruri məlumatlar toplanılmalı, tədqiqatların nəticələri təhlil olunmalı və ehtiyaclar müəyyənləşdirilməlidir. Bu yanaşma eyni ilə məktəb mühitinə də şamil edilməlidir. Həmin zərurəti anlayaraq məktəbimiz Təhsil Nazirliyi tərəfindən elan olunmuş təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə yenidən qoşulmağa qərar verdi. Və artıq nəticələr bəllidir. Bütün aidiyyəti şəxslərə şəffaf və dürüst seçimə görə həm öz adımdan, həm də liseyimizin kollektivi adından təşəkkürümü bildirirəm.
Bu, bizim təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində ikinci iştirakımızdır. Bundan əvvəlki II qrant müsabiqəsinə lisey olaraq qatılsaq da, qalib gələ bilməmişdik. Bu dəfə layihə ilə bağlı ciddi təhlil və araşdırmalar apardıq, daha uğurlu və zərurət gördüyümüz məqamlarla bağlı layihə hazırladıq. Nəticə də göz qabağındadır.
Bildirmək istəyirəm ki, sorğuların məqsədi real problemi, ehtiyacları müəyyənləşdirmək, prosesləri düzgün qiymətləndirmək və sorğu nəticələrinin təhlilinə əsasən düzgün planlar qurmaqdır. Sorğu suallarının uyğun formada hazırlanması vacib şərt olsa da, onun hansı formada təşkili də əsas məsələlərdən biridir. Belə ki, kağız daşıyıcılardan istifadə olunan sorğuları təhlil etmək üçün daha çox sayda işçi tələb olunur ki, həmin sorğuda iştirak edən şəxslərin cavabları təhlil üçün uyğun formaya gətirilsin və daha sonra əlavə olaraq mütəxəssis tərəfindən müvafiq təhlillər aparılsın. Bu da öz növbəsində daha çox zaman itkisi ilə nəticələnir. Əlavə işçi qüvvəsi və ya mütəxəssislərin cəlb olunması mümkün olmadığı üçün bu prosesin məktəblərdə rahat formada və faydalı nəticə ilə yekunlaşması çox çətin, bəzi hallarda isə qeyri-real olur.
Eyni zamanda qənaətimiz budur ki, dövrümüzdə sorğular onlayn formada təşkil olunmalıdır ki, daha çox insanı əhatə edə bilsin. Respondentlərin sayının çox olması vacib olduğu kimi, suallara verilən cavabların obyektivliyi də daha vacibdir. Bu baxımdan onlayn sorğular respondentlərə daha rahat formada uyğun cavablar yazmağa imkan verir. Əsas məsələlərdən biri də budur ki, obyektiv cavablar əsasında hazırlanmış təhlillər rəhbərliyin strateji planlarına daha çox töhfə verə bilər.
Düşünürük ki, məktəbimizin qalib gəldiyi vahid onlayn sorğu platformasının yaradılması və hər bir seqment üçün nümunə onlayn sorğu formanın hazırlanması məktəblərdə bu işin səmərəli təşkil olunmasını təmin edəcək. Sorğu nəticələrinin hazırlanacaq sistem tərəfindən təhlili və statistik hesabatların avtomatik təqdim olunması nəticə etibarilə məktəblərin uyğun strateji planlama aparmasına dəstək olacaq, məktəb rəhbərliyinin ehtiyacları vaxtında müəyyən edərək düzgün qərarlar verməsinə imkan yaradacaq.
Onlayn sorğu platformasının əsas məqsədi məktəbin bütün kontingentini əhatə edərək real ehtiyacları müəyyən etmək, sorğuların nəticəyönlü olmasını təmin etmək və sorğuların avtomatik təhlili nəticəsində məktəb rəhbərliyinin səmərəli strateji plan tərtib etməsinə dəstək göstərməkdir.
Sorğuların əsas məqsədlərindən biri də şəffaf idarəçiliyin təmin olunmasıdır. Hər bir məktəb rəhbərliyi bu kimi sorğuları təşkil edərək məktəb daxilində olan problemləri, problemlərin mənbəyini müəyyənləşdirərək effektiv idarəetməni təmin edəcək.
Rayon üzrə müəyyən olunmuş məktəblər, hər bir məktəbin valideynləri, şagirdləri və müəllimləri layihənin əsas komponentləridir. Bu səbəbdən əsas əməkdaşlıq bu subyektlər üzərində qurulub. Təbii ki, valideynlərin və şagirdlərin məktəbin idarəedilməsinə cəlb olunması kifayət qədər vacib məsələdir. Bu səbəbdən burada əsas hədəf bu əməkdaşlığı təmin etməkdir.
Və sonda qalib gəlmiş bütün layihələrin rəhbərlərini, məktəblərin kollektivlərini təbrik edirəm.
“Layihəmiz ölkə üzrə bütün məktəbliləri əhatə edəcək”
Məlumdur ki, məktəblilərin mütaliə vərdişlərinin gücləndirilməsi məqsədilə hər il şagirdlərimizin iştirakı ilə bir-birindən maraqlı, yaddaqalan layihələr keçirilir. “Oxu günləri” və “Hərəyə bir kitab” layihələri də bu silsilədəndir. Ancaq Bakının Xəzər rayonu 216 nömrəli tam orta məktəbin 3-cü qrant layihəsinə təqdim etdiyi “Dünya Uşaq Ədəbiyyatının Səsli Kitabxanası” layihəsi də xeyli fərqlidir. Məktəbin direktoru Elnur Bayramov:
- “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması, sosial inteqrasiyası ölkəmizin təhsil siyasətinin vacib istiqamətlərindən biri kimi qeyd edilir. Bütün dünyada xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması müasir dövrün əsas problemlərindən biri hesab olunur və bu istiqamətdə müxtəlif metodlar tətbiq edilir. Əsas məqsəd onların sosial adaptasiyası üçün optimal inklüziv təhsil modellərinin yaradılmasıdır. Müxtəlif kateqoriyadan olan fiziki imkanları məhdud şagirdlər üçün təhsilin əlçatan olması, eləcə də onlar üçün müasir texnologiyaların əsasında müxtəlif resursların yaradılması dövrümüzün əsas tələblərindən biridir. Təklif etdiyimiz “Dünya Uşaq Ədəbiyyatının Səsli Kitabxanası” layihəsi məhz sağlamlıq imkanları məhdud şagirdlərin, xüsusən də görmə imkanları məhdud olan uşaq və gənclərin təhsil imkanlarını genşləndirəcək, onların cəmiyyətə inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb edəcək. Bu layihə nəinki görmə imkanları, eyni zamanda ölkə üzrə bütün məktəbliləri əhatə edəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” müvafiq sərəncamı ilə bədii və elmi ədəbiyyata ehtiyacın ödənilməsi istiqamətində mühüm addım atıldı. Azərbaycan və dünya ədəbiyyatının müxtəlif nümunələri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşr olunaraq oxucuların ixtiyarına verildi. Nəzərdə tutulan bu layihə isə həmin layihənin məntiqi davamı olaraq kitabları səsli formada məktəblilərin istifadəsinə verəcək. Belə ki, çoxcildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”nın ilkin mərhələdə seçilən 5 cildinin professional qiraətçilər tərəfindən studiya şəraitində səsləndirilməsi və yaradılacaq www.seslikitabxana.az saytında yerləşdirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli Fərmanında ölkənin bütün ərazisini əhatə edəcək mütərəqqi kitabxana sisteminin yaradılması informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması tapşırığı öz əksini tapıb. Nəzərdə tutulan bu innovativ layihə müasir standartlara cavab verən bir model kimi fərmanın tələbləri ilə də tam uzlaşır. Layihənin məqsədi, həmçinin İKT-nin imkanlarından istifadə etməklə innovativ texnologiyalar əsasında telefon, planşet və kompüter vasitəsi ilə xeyli sayda kitabları səsli formatda görmə imkanları məhdud şagirdlərə təqdim edərək yeni nəsil kitabxana yaratmaqdır. Hesab edirik ki, bu innovativ yol şagirdlərdə səlis danışıq, natiqlik bacarığını inkişaf etdirəcək.
Layihə çərçivəsində yaradılacaq səsli kitabxana görmə imkanları məhdud olan uşaqların, eyni zamanda ölkədəki ümumtəhsil məktəblərinin şagirdlərinin böyük marağına səbəb olacaq. Görmə imkanları məhdud şagirdlər və onların valideynləri üçün asanlığı təmin edəcək. Şagirdlərin bədii zövqünün və nitq qabiliyyətinin inkişafına müsbət təsir göstərəcək, mütaliə mədəniyyətinin formalaşmasında yeni innovativ metodla sinifdənxaric oxuya olan ehtiyaclarını ödəyəcək. Yaradılacaq sayt vasitəsi ilə məkandan asılı olmayaraq hər bir şagird dünya uşaq ədəbiyyatına aid olan və Təhsil Nazirliyinin tövsiyə etdiyi kitabları səsli formada dinləmək imkanı əldə edəcək. Eyni zamanda, fiziki imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş kitabxanalara getmədən gələcəkdə istədikləri kitabları bu sayt vasitəsilə əldə edə biləcəklər. Bu layihə bütün ölkəni əhatə edərək görmə məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyası baxımından da müstəsna rol oynayacaq. Belə bir elektron resursların cəmləndiyi portalın ölkəmizdə olmadığını nəzərə alsaq, əminliklə deyə bilərik ki, xeyli sayda insan yaradılacaq www.seslikitabxana.az saytının imkanlarından geniş faydalanacaq.
“Müsabiqəyə arzumu reallaşdırmaq üçün şans kimi baxdım”
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin qaliblərindən biri də Şəmkir rayonu Düyərli kənd 2 nömrəli tam orta məktəbin gənc müəllimi Aysel Alızadədir. O, “Kənd məktəblilərinin musiqi festivalı” layihəsi ilə müsabiqənin qaliblərindən olub. Ayselin kənd məktəbində ibtidai sinifdə yaratdığı tədris mühiti, dərslərinə yanaşma tərzi xeyli fərqli və təqdirəlayiq hesab oluna bilər. Onu 3-cü qrant müsabiqəsinin qalibi edən layihəsi də tədrisə fərqli yanaşmanın məhsuludur. O, layihəsi barədə düşüncələrini belə bölüşür:
- İlk növbədə, bu müsabiqəyə necə qatılmağımdan danışmaq istəyərdim. Təhsil Nazirliyinin rəsmi saytında bu qrant layihə ilə bağlı xəbəri gördüm və diqqətimi çəkdi. Düzünü desəm, bu vaxta kimi bu müsabiqədən xəbərsiz idim. Araşdırma apardım, əvvəlki illərdə həyata keçirilən layihələrlə tanış oldum və bu layihələrin hər bir müəllimin həyatında, peşəkarlıq səviyyəsinin artmasında böyük rol oynadığının şahidi oldum. Mənim hər zaman ən böyük arzularımdan biri istedadlı uşaqların vaxtında aşkar olunması və onların istedadlarının mütəxəssislər tərəfindən daha da mükəmməlləşdirilməsi olub. Bəzən bütün istiqamət yalnız təhsilə yönəlir və istedadı olan uşaqlar diqqətdən kənarda qalır. Ancaq hər kəsə məlumdur ki, bayrağımızı xarici ölkələrdə ən çox dalğalandıran məhz idmançılarımız və musiqiçilərimizdir. Və bu müsabiqəyə arzumu reallaşdırmaq üçün şans kimi baxdım və layihəmi yazmağa başladım. "İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi” istiqamətini seçdim. Əsas məqsədim Şəmkirin kənd məktəblərində musiqi sahəsində xüsusi istedadı olan şagirdləri aşkar etmək, onların bir neçə ay peşəkar musiqi müəllimlərindən dərs alması və sonda həmin şagirdlərin musiqi festivalını təşkil etməkdir. Əlbəttə, kəndlərdəki şagirdləri seçməyim təsadüfi deyil, çünki şəhərdən fərqli olaraq kəndlərdə bu sahəyə həvəsi olanlar üçün şərait, musiqi məktəbi yoxdur. Bəlkə də, mənim layihəmdə seçilən şagirdlərdən kimlərsə gələcəkdə çox peşəkar, tanınmış musiqiçi olacaq.Və bu layihəmin onlar üçün istedadlarını göstərmək baxımından şans olacağını düşünürəm. Layihəmin davamlı olması üçün də əlimdən gələni edəcəyəm ki, belə festivallar digər rayon və şəhərlərdə də həyata keçirilsin və istedadlı şəxslərimizi elə məktəb vaxtında özümüz aşkar edək ki, onlar bunun üçün başqa ölkələrə üz tutmasınlar. Gələcəyin Üzeyir Hacıbəylilərini, Rəşid Behbudovlarını yetişdirməyə çalışaq!
“Layihəmizin məqsədi dünya trendlərini şagirdlərə çatdırmaqdır”
Öz dərslərini xeyli dərəcədə fərqli quran, yenilikçi müəllimlərimizdən olan Həbib Əlizadə Astara rayonu Qapıçıməhəllə Ə.Əliyev adına kənd ümumi orta məktəbində çalışır. O, artıq neçə ildir ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində iştirak edir. Onun 3-cü qrant müsabiqəsinə təqdim etdiyi layihə belə adlanır - “Voltran” Robototexnika üzrə yay məktəbi”. Həbib müəllim layihəsi barədə bunları dedi:
- Layihənin əsas məqsədi Astara rayonunda şagirdlərə robototexnikanın əhəmiyyətini anlatmaq, robototexnika sahəsində bilik və bacarıqlarını artırmaq, dünyada və ölkəmizdə bu sahənin sürətli inkişafını və peşəkar kadrlara ehtiyac olduğunu, dünya trendlərini çatdırmaqdır. Müasir texnologiyalar telefon, kompüter və s. formada artıq bütün evlərə daxil olub. Ancaq, təəssüflər olsun ki, həm valideynlərin, həm də uşaqların bundan daha faydalı və geniş məqsədli istifadə bacarıqları bəsitdir. Məhz biz bu layihəni həyata keçirərək şagirdlər üçün bu faydalılığı artırmağı hədəfləyirik. İnanırıq ki, onlar həm də öz ailələrinə, ətraflarına bu faydanı verəcəklər. Və bugünkü şagirdlərin müasir texnologiya və texnikaya marağını da nəzərə alsaq, onda bu layihənin uğurlu olacağını və faydalılığının davam edə biləcəyini düşünmək olar.
Bir çox bölgələrdə olduğu kimi, layihənin həyata keçirilməsi nəzərdə tutulan Astara rayonunda da şagirdlərin İKT, xüsusən robototexnika sahəsində bilik və bacarıqları olduqca azdır. Bir çox məktəblərə kompüter və digər elektron cihazlar verilsə də, şagirdlərin İKT biliyi çox məhdud və bəsitdir.
Nəzərə alsaq ki, müasir dövrdə robototexnikanın əhəmiyyəti olduqca çoxdur, onda bu layihənin də faydalı ola biləcəyini düşünmək olar. Bütün dünyada, həmçinin ölkəmizdə elektronlaşdırılma, avtomatlaşdırılmanın artdığı bir zamanda bölgələrin bundan kənarda qalması xoş mənzərə deyil.
Hazırda ölkəmizdə məktəbli uşaqların robototexnika bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bir çox işlər, olimpiada və yarışlar keçirilsə də, bütün bunlar daha çox paytaxt Bakı şəhərində edilir. Bölgələrdə də bu tipli fəaliyyətlərin edilməsi, şagirdlərin lego hazırlamanı, proqramlaşdırmanı, robototexnika sahəsini öyrənməsi, onların bu sahədə bilik və bacarıqlarının artırılmasına çox ehtiyac var.
Astara rayonundan bu istiqamət üzrə respublika və beynəlxalq olimpiadalarda iştirak edən, demək olar ki, heç bir şagird yoxdur. Məsələn, ölkəmizdə keçirilən “Sabahın alimləri” müsabiqəsində rayonumuzdan heç bir şagird iştirakçı olmayıb. Biz bu layihəni həyata keçirərək həm də bu sahə üzrə müsabiqələrə uşaqları təşviq edəcəyik və istiqamət verib dəstək olacağıq.
Bakı şəhərindən bu sahə üzrə peşəkar mütəxəssis qrupu Astara rayonuna dəvət ediləcək. Layihənin həyata keçirilməsi üçün Astara rayonu Qapıçıməhəllə kənd ümumi orta məktəbində mərkəz yaradılacaq. Həmin məktəbdə şagirdlər lazımi maddi-texnika baza, kompüter otaqları, internet və robototexnika avadanlıqlarla təmin olunacaq.
Ümid edirik və inanırıq ki, Astara məktəblilərinin, xüsusən kənd məktəblərində təhsil alan şagirdlərin İKT, robototexnika, legoyığma, avtomatlaşdırma sahəsində bilik və bacarıqları artacaq. Onları bu sahədə qazandıqları bilik və təcrübələri məktəb yoldaşları ilə paylaşmaları üçün təşviq edəcəyik. Gələcəkdə bu sahədə peşəkar olmaları üçün lazımi istiqamətlər veriləcək və dünyadakı İKT, robototexnika sahəsində yeniliklər onlara çatdırılacaq.
Oruc MUSTAFAYEV