Biz təhsilsiz yavaş-yavaş mənasız mövcudluğa doğru yuvarlanarıq
“Əgər biz uğurlu olmaq istəyiriksə, daima, həyatımız boyunca intellektimizi inkişaf etdirməliyik. Bir çoxlarında bu proses təhsil başa çatdıqdan sonra dayanır. Əgər bizə lazım olan məhdud dairəli peşəkar maraqlarımız, əyləncəli ədəbiyyat və saysız-hesabsız televerilişlərdən savayı heç nə ilə maraqlanmasaq, intellektimiz sadəcə olaraq tükənməyə başlayacaq”. Dünyaca məşhur natiq, rəhbərlik, həyatın idarə edilməsi, idarəetmənin təşkili üzrə ekspert və sadəcə müəllim Stiven Kovinin bestsellerə çevrilmiş “Yüksək effektli insanların 7 bacarığı” kitabı bu tezis üzərində bərqərar olub. Həyatda, biznesdə, idarəetmədə davamlı təhsil. Kovinin fikrincə, insanın hər bir sahədəki uğurlarının başlıca səbəbi təhsil və təkmilləşmədir.
Stiven Kovi kimdir?
1932-ci ildə Solt-Leyk-Sitidə anadan olan Kovinin uşaqlığı elə burada, 3 bacısı və bir qardaşının əhatəsində keçib. Stiven gənc yaşlarından idmana ciddi maraq göstərsə də, həkimlərin qoyduqları diaqnoz (sümük toxuması çatışmazlığı) ona idmançı olmaq yolunda maneəyə çevrilir. Kovi diqqətini təhsilə yönəldir və tezliklə özündə oratorluğa maraq hiss edir. 16 yaşında Yuta Universitetinə daxil olur, “Biznesin idarəolunması” fakültəsini bitirir, ardınca isə Harvardda magistr dərəcəsinə, Briqam Yanqın dini universitetində isə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülür. Həyatı boyu oxuyan və təkmilləşən S.Kovi onlarla doktorluq dərəcələri və nüfuzlu adlar qazanmağa müvəffəq olub. Natiqlik fəaliyyəti və dərs deməklə məşğul olan Kovi paralel olaraq kitablar yazır və dünyanı gəzərək dini mövzuda mühazirələr oxuyurdu. Stiven mormon ailəsində həyata gəldiyindən ötən əsrin 60-cı illərində İngiltərə və İrlandiyada mormon din xadimi kimi də fəaliyyət göstərib.
Kovinin yuxarıda adını çəkdiyimiz kitabı artıq uzaq 1989-cu ildə işıq üzü görsə də, biznes və idarəetmə sahəsində bütün dövrlərin ən yaxşı əsərlərindən hesab olunur. “Yüksək effektli insanların 7 bacarığı” dünyanın 40 dilinə tərcümə edilib, 25 milyon tirajla çap olunub, sonradan 1,5 milyon ədəd də surəti işıq üzü görüb. Bu, dünyada ilk kitabdır ki, oxucularına həm də audio formatda təqdim olunub.
S.Kovi ideal ailə başçısı, 9 övlad atası idi. O, 16 iyul 2012-ci ildə Yuta ştatının Povo şəhərciyində velosiped sürərkən yıxılıb, başından aldığı ciddi zədə nəticəsində dünyasını dəyişib.
Kovi həyatı boyu aktiv təhsil fəaliyyəti ilə məşğul olub. Bu fəaliyyətin bəhrəsi kimi onun 2008-ci ildə “Liderlik məndə: məktəblər və valideynlər bütün dünyada uşaqlara necə kömək edirlər” adlı kitabı işıq üzü görüb. 2010-cu ildə Kovi Yuta Universitetinin nəzdindəki Con Hantesman adına Biznes məktəbində professor vəzifəsinə təyin olunur. Kovi tək mühazirə oxumur, həm də müxtəlif araşdırmalarda yaxından iştirak edirdi.
Onun dəstəyi və təşkilatçılığı ilə məktəbdə “Stephen R. Covey Center for Leadership”in (Stiven Kovinin Liderlik mərkəzi) əsası qoyulub. Mərkəz liderlik və rəhbərlik problemlərinin araşdırılması ilə məşğuldur. 2010-cu ildə Kovi “Bizim uşaqlar və təhsilin böhranı” adlı bloqu işə salıb. Tezliklə bloq bütün dünyada sayılıb-seçilən internet-resurslardan birinə çevrilib. “Franklin Covey” şirkəti “Liderlik məndə” konsepsiyası çərçivəsində orta və ilkin məktəblərin müəllimləri üçün konfranslar və seminarlar keçirir.
Yüksək intellektə doğru üç yol
Kovi yazır ki, insanın öz intellektual səviyyəsini artırması üçün üç işi görməsi lazımdır: təhsil, fikirlərinin izah olunması və planlaşdırma. Kovi hesab edirdi ki, TƏHSİL bizi inkişaf, ağlımızı məşq etdirir və dünyagörüşümüzü artırır. Ancaq bir şərtlə: insan həyatı boyu oxumalıdır, yeni nəsə öyrənməlidir. “Bu o demək deyil ki, biz “daimi” tələbəyə çevrilməliyik. Yaxud həmişə hansısa kurslara getməliyik. Müstəqil, proaktiv və təşəbbüskar insanın intellektinin inkişafı üçün çox gözəl vasitə - özünütəhsil var”. S.Kovinin fikrincə, insanın özünü təkmilləşdirməsinin ən yaxşı yollarından biri dövri nəşrlər və ciddi ədəbiyyatı oxumasıdır. Bu, bizə dünyagörüşümüzü genişləndirmək və ən müxtəlif sahələrdə yeni informasiya əldə etməyimizə şərait yaradır. Güclü özünütəhsil vasitələrindən biri də internet ola bilər, ancaq o şərtlə ki, qlobal şəbəkəni müxtəlif növ əyləncə və oyunlar deyil, tutaq ki, məsafəli təhsil məqsədilə istifadə edəsən. “Unutmayın ki, tərtib etdiyiniz özünütəhsil proqramı sizin dəyərləriniz, məqsəd və məramlarınızdan irəli gəlməli, dayanmadan sizin həyat kredonuza istinad etməlidir. Hər hansı biliyin arxasında ali məqsəd durmursa, onu əldə etməyin mənası yoxdur”, - deyə Kovi kitabında yazır.
Onun qənaətinə görə, təkmilləşmənin ikinci yolu - FİKİRLƏRİN İZAH OLUNMASI bacarığını hər gün məşq etmək lazımdır. Bu, imkan verir ki, düşüncə tərzimiz aydın və dəqiq olsun, analitik qabiliyyətlərimiz inkişaf etsin. “Yaxşısı budur fikirlərinizi yazılı şəkildə izah edin. Bunun üçün gündəlik tərtib edə bilərsiniz. Yaxud məktublar yazın. Çalışın fikirlərinizi qısa və konkret izah edin, gün ərzində yaşadıqlarınıza dair səthi məlumatdan vaz keçin, baş verənlərə analitik yanaşın, sadəcə ən dərin ideyalarınızı, düşüncələrinizi, yeniliklərinizi yazın” - deyə Kovi kitabında qeyd edir.
Nəhayət, intellektin inkişafı üçün Kovi tərəfindən göstərilən üçüncü yol - PLANLAŞDIRMA barədə. Müəllifin fikrincə, fəaliyyətimizin təşkili, məqsədlərimizə çatmaq üçün keçəcəyimiz yolun müəyyən edilməsinin ən sadə yolu planlaşdırmadır: “Ola bilsin ki, siz dərhal hər şeyi təsəvvür edə bilməyəcəksiniz. İlk addımı atın, ardınca digər addımları. Beləliklə, siz təxəyyül və analitik düşüncə üçün cığır açmış, daha intizamlı və təşkilatlanmış olacaqsınız. Planlaşdırma anlayışına eyni zamanda uğura inam, niyyətdən pozitiv gözləntilər də daxildir. Bütün bunların hesabına sizin uğur qazanma ehtimalınız daha yüksək olacaq”.
Özünəyatırım
Kovi məsləhət görürdü ki, insan fiziki mövcudluğu, mənəvi durumu və intellektual bacarığı naminə gün ərzində heç olmasa bir saat mütaliə ilə məşğul olmalıdır. Dayanmadan. “Uğurlu olmamız üçün bizə resurslar lazımdır. Resurs deyərkən biz adətən pul, iş alətləri, əmlak, vaxt - bir sözlə, özümüzdən başqa hər nəyi desən başa düşürük. Bu arada isə bizim ən böyük resursumuz özümüzük. Özü də tək resurs yox, ən böyük dəyər” - yazan Kovi hesab edirdi ki, əgər biz sağlam, iş qabiliyyətliyiksə, yaxşı işləyən intellektə malikiksə, inkişaf etmiş emosional sferamız varsa, digər insanlarla normal ünsiyyət qura biliriksə və həyatdan zövq alırıqsa, qalanları düzələndir, sadəcə, istəmək yetərlidir. Uğur da gələcək, rifah da, arzular da gerçəkləşəcək, həyati vacib tələbatlar da təmin olunacaq.
“İnsan başlıca resursu - özünüinkişaf və təkmilləşdirmək istəyirsə, mahiyyətinin dörd ölçüsünü unutmamalıdır: fiziki, mənəvi, intellektual və sosial-emosional. Onların hər birinin qayğısına qalmaq lazımdır. Çalışmalıyıq ki, onlar arasındakı tarazlıq da pozulmasın”. Bu sözlərin müəllifi olan Koviyə görə, insan həyatını pul qazanmağa, karyeraya, uğura həsr edir, ancaq özünü unudur: “Bir kişi ağacı mişarla kəsərkən çox yorulur. Yoldan keçən bir nəfər ondan soruşur: sən niyə dayanıb bir az dincəlmir və mişarını itiləmirsən? Axı bu halda işin daha asan gedər? Ağac kəsən kişi belə cavab verir: mişarı itiləməyə vaxt yoxdur, ağacı mişarlamaq lazımdır!”.
S.Kovi özünütəkmilləşdirmənin 4 yolunu göstərir:
1. Analiz bacarıqları və informasiya sintezi bacarıqlarının təkmilləşdirilməsi. Həm əqli əmək işçiləri, həm də istehsalçılar informasiyanın toplanması, analizi və sintezi sahəsində bacarıqlarını daima yüksəltməlidirlər. Bu bacarıqlar müasir həyatımızda ən çox tələb olunanlardır;
2. Şəxsi oxu proqramı. Orta və ali məktəbdə əldə edilmiş məlumatlar keçmişdə qaldı və yetərli deyil. Dünyada hazırda nə baş verir? Bax, bunlardan xəbərdar olmaq lazımdır. Dövri mətbuat, ciddi jurnallar, elm və incəsənət, siyasət və iqtisadiyyata həsr olunmuş nəşrləri oxumaq vacibdir.
3. Klassik ədəbiyyatın öyrənilməsi. Şəxsi oxu proqramının mühüm bir qolu da klassik ədəbiyyatdır. “Mən hələ də tələbəlik illərimdə nələri itirdiyimi hiss edirəm və çalışıram indi bunları kompensasiya edim”, - deyə Kovi yazırdı.
4. Şəxsi universitet. Müasir dünyada proaktiv insan təhsili və professional inkişafına görə məsuliyyət daşıyır. Məhz buna görə də hər birimizin şəxsi universiteti olmalıdır, onu özümüz yaratmalıyıq.
Biz tez-tez əmək fəaliyyəti kontekstində fasiləsiz təhsildən danışırıq. Ancaq fasiləsiz təhsilin bizim ən vacib həyat prinsiplərindən biri olduğunu unuduruq. Əslində isə təhsil həyatımızın ayrılmaz hissəsidir, biz təhsilsiz yavaş-yavaş mənasız mövcudluğa doğru yuvarlanarıq. S.Kovi düşünürdü ki, həyatımız boyu oxumağımızın işlədiyimiz şirkətlər və dövlət qurumlarında keçdiyimiz seminar və proqramlar, aldığımız diplom və akademik dərəcələrlə çox az əlaqəsi var.
Bu yolla bizim təhsilimiz yalnız bir neçə seminar, yaxud tədris sessiyaları ilə məhdudlaşır. Aktual biliklər əldə etmək və təkmilləşmək üçün insan dayanmadan oxumalı və öyrənməlidir: “Fasiləsiz təhsilin açarı tarazlıq prinsipinə riayət etməkdədir. Şəxsi və təşkilati inkişaf, professional təhsillə ümumi təhsil arasında tarazlığı qoruyun. Əsas odur ki, sistemli yanaşmaya əməl edəsiniz. Nəzəriyyə ilə təcrübə, incəsənətlə elm arasında balans olmalıdır”.
Rüstəm QARAXANLI