Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. Bu gün imtahanların üçüncü günüdür. Rus dili və informatika müəllimi olmaq istəyən namizədlərin iştirak etdiyi imtahanlarda artıq yüksək nəticə göstərilib. Belə ki, informatika fənni üzrə test imtahanlarına qatılan Gülbəniz İsrafilova 57 bal toplayaraq ilk seansda iştirak edən namizədlər arasında maksimum nəticə qazanıb.
G.İsrafilova Bakı Dövlət Universitetiinin (BDU) Tətbiqi riyaziyyat fakültəsinin məzunudur. Hazırda Şəki şəhər M.Füzuli adına 3 nömrəli tam orta məktəbdə riyaziyyat və informatika müəllimidir. Biliyini yoxlamaq və 60 balı hədəfləyərək test imtahanına qatıldığını bildirir. O, 2017-ci ildə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında isə Şəki rayonu üzrə müəllimlər arasında riyaziyyat fənnindən maksimum nəticə əldə edərək 58 bal toplayıb.
Xatırladaq ki, imtahanlar iyulun 24-dək davam edəcək.
Test imtahanına gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.
Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.