Təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyanın paytaxtı Buxarest şəhərində təlim səfərində olub.

 

Təhsil nazirinin müşaviri Həsən Həsənli və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifovun da daxil olduğu nümayəndə heyəti Rumıniya Texniki və Peşə Təhsili Mərkəzini ziyarət edib, Rumıniya Təhsil Nazirliyinin Dövlət Katibi Florin Lixandru və Rumıniya Universitet Öncəsi Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin prezidenti Serban İosifescu ilə görüşlər keçirib. Görüşlər zamanı informal və qeyri-formal bacarıqların tanınması prosesi ilə bağlı Rumıniya təcrübəsi öyrənilib və bu sahədə akkreditasiya qurumlarının, sertifikasiya mərkəzlərinin və peşə təhsili müəssisələrinin rolu müzakirə olunub.

 

Təlimin sonuncu günü Azərbaycan nümayəndə heyətinin Tarqovişte İqtisadi Kollecinə  və Qiymətləndirmə Mərkəzinə səfəri təşkil edilıb. Səfər çərçivəsində informal və qeyri-formal bacarıqların tanınması ilə bağlı qiymətləndirmə prosesinin praktik səviyyədə təşkili  ilə tanışlıq olub.

 

Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi və Təhsil Nazirliyinin əsas benefesiar olduğu “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsi çərçivəsində həyata keçirilib.