ADPU-da III Respublika oxuları keçirilib
Məlumdur ki, müasir təhsil sistemi qarşısında duran ən mühüm vəzifələrdən biri hərtərəfli inkişaf edən, milli-mənəvi dəyərlərə sadiq, yüksək əxlaqlı vətəndaşlar yetişdirilməsidir. Son illər ölkəmizdə təhsilin məzmununun müasirləşdirilməsi istiqamətində ardıcıl layihələr, tədbirlər keçirilir ki, bu da qarşıda duran hədəflərə çatmaq üçün həyati əhəmiyyət kəsb edir.
Bu mənada iyunun 29-da ölkəmizdə pedaqoji müəllim hazırlığında xüsusi rolu olan Azərbaycan Dövlət Pedaqoji Universiteti və Respublika Humanist Pedaqogika Mərkəzinin birgə təşkil etdiyi "Saf düşüncə möcüzə yaradır" mövzusunda Humanist pedaqogika üzrə III Respublika oxuları müəllimlərimiz, pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılandı.
"Mənəviyyat dünyasına baş vurmaq"
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri açaraq qeyd edib ki, müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlara malik müəllimlərin yetişdirilməsi təhsilimizin qarşısında duran başlıca vəzifə kimi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda xüsusi olaraq qeyd olunmuşdur. Dövlət strategiyasında ikinci istiqamət olaraq təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi nəzərdə tutulur. Bu istiqamət innovativ təlim metodlarının tətbiq olunmasına, təhsilin məzmununun səmərəliliyinin mənimsənilməsini təbliğ edən səriştəli təhsilverənlərin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsini, təhsilalanların uğurlarının qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulması, şagirdlərin istedadlarının aşkar olunması və inkişafı ilə bağlı, xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodlarının yaradılmasını ehtiva edir.
Rektor qeyd edib ki, Humanist pedaqogika üzrə oxuların keçirilməsində məqsəd də təhsilin, təlim-tərbiyənin nəzəri-metodoloji əsaslarını, innovativ texnologiyaları, təhsilin yeni məzmununu, ailə və cəmiyyətin digər sosial institutların tərbiyə prosesində rolunun artırılması yollarını pedaqoji kadrlara aşılamaqdır. Hədəflərdən biri də təhsilin yeni məzmununun reallaşdırılmasında mənəvi-əxlaqi dəyərlərin aşılanmasıdır. İstər müasir dünyada, istərsə də müasir təhsildə humanist pedaqogika ideyalarının əhəmiyyəti danılmazdır.
Rektor məlumat üçün bildirib ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 67, sərbəst şəkildə Bakıdan 125, Sumqayıt Şəhər Təhsil İdarəsindən 35, Abşeron Rayon Təhsil İdarəsi tərəfindən 35, Qobustandan bir neçə, Pedaqoji Universitetin Şamaxı filalından 25 nəfər olmaqla toplam 300 nəfər iştirak edir. Bu vaxta qədər ADPU-da keçirilmiş humanist pedaqogikaya həsr olunmuş tədbirləri xatırladan rektor qeyd edib ki, "bu görüşlərin çox böyük faydası var. Bu görüşlər hər birimiz üçün mənəviyyat dünyasına baş vurmaqdır".
Təhsildə mərkəzdə kim dayanır?
AMEA-nın müxbir üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev ölkədə təhsil sistemində aparılan islahatların uğurlu nəticələrindən danışıb. O qeyd edib ki, artıq silsilə xarakteri daşıyan bu tədbirlərin Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilməsi olduqca böyük əhəmiyyətə malikdir. Müstəqil dövlətimizdə yeni təhsil sisteminin yaradılması, islahatların aparılması və bu işdə yeni nəsil müəllimlərin hazırlığı işinin düzgün istiqamətə yönləndirilməsi ADPU-nun bu sahədə respublikanın əsas elm və metodiki bir mərkəzə çevrilməsinə yönəlib. Bu sahədə universitetin əldə etdiyi gözəl nəticələr var, yanaşmalar var. Bütün bunlar isə təhsil sahəsində müəyyən nailiyyətlərin əldə olunmasında və eyni zamanda bizim, bütövlükdə cəmiyyətimizdə bu məsələyə münasibətin dəyişməsinə öz təsirini göstərməkdədir. "Təhsildə mərkəzdə kim dayanır? Tarix boyu bu məsələdə fərqli fikirlər bir-birini əvəzləyib. Amma əvəzolunmaz bir məsələ var ki, cəmiyyətin tərəqqisi, inkişafı təhsillə bağlıdır. Təhsil olmadan cəmiyyətin tərəqqisinə nail olmaq mümkün deyil. Məhz ona görə də Azərbaycan dövləti hər zaman, xüsusilə də bu gün ölkədə təhsilin inkişafına xüsusi önəm verir. Artıq təhsillə bağlı qanunvericilik bazasının tam möhkəmləndirilməsinə nail olmuşuq". Bəxtiyar Əliyev vurğulayıb ki, qanunvericilikdə istər məktəbəqədər təhsil, istər orta, istər peşə təhsili və bütövlükdə təhsil sistemimizdə qırmızı xətlə bir fikir keçir - təhsilalan təhsilin əsasında dayanır və elə bir fikir formalaşmamalıdır ki, müəllimin rolu ikinci plana keçir. Müəllimin rolu daha da artır, müəllim peşəsinə verilən dəyəri daha da gücləndirir. Ali məktəblərə qəbul imtahanlarında 500-dən artıq bal toplayaraq müəllimlik ixtisasını seçənlərin sayı getdikcə artmaqdadır. Bu cəmiyyətin müəllimə verdiyi qiymət, müəllim nüfuzunun artması və cəmiyyət üçün bu peşənin nə qədər vacib və əhəmiyyətli olduğunu bir daha göstərir.
Yeni müəllimin formalaşması məsələsinin humanist pedaqogikada tənqidi təfəkürə malik təhsilin yaradıcı imkanlarının aşkar olunması və inkişafında mühüm əhəmiyyət kəsb etdiyini deyən natiq tədbirin işinə uğurlar arzulayıb.
Təhsildə dəyişikliklər labüddür
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev çıxışında təhsil sistemində tətbiq olunan yeniliklərdən bəhs edib. Tədbirə dəvət olunduğun görə təşəkkürünu çatdıran E. Əmrullayev çıxışında təhsilə dair müzakirələrin hər zaman maraqlı olduğunu deyib. Onun sözlərinə görə, son 20-30 il ərzində texnologiyaların həyatımıza sürətli müdaxiləsi baş verib. Texnologiyalar həyatımızda sürətli dəyişikliklər yaradıb. Buna baxmayaraq, "2019-cu ilin sinif otaqları ilə ötən əsrin 70-90-cı illərinin sinif otaqları arasında böyük fərqi görməyəcəksiniz. Bunlar o deməkdir ki, təhsildə baş verən dəyişikliklər, təəssüflər ki, texnologiyalar sahəsində baş verən dəyişikliklərdən əsaslı şəkildə geridə qalır. Sual belədir: hər şey belə sürətlə dəyişirsə, təhsil niyə belə sürətlə dəyişməməlidir və dəyişikliyə qarşı niyə müqavimət göstərməliyik?. Burada müqavimət sözü əsaslı sözlərdən biridir". E.Əmrullayev bildirib ki, təhsildə dəyişikliklər labüddür, hansı ölkələr, sistemlər bu dəyişikliyə daha açıq olacaqsa məhz onların iqtisadiyyatları daha davamlı olacaq. "Deməyim odur ki, təhsildə baş verənləri müzakirə etmək və onlara qarşı açıq olmaq hər bir təhsil işçisinə həmin sürəti tutmaq baxımından çox vacibdir. İkinci məsələ odur ki, Azərbaycan PISA qiymətləndirməsində iştirak edir. Tədqiqatda dünyanın əsasən iqtisadiyyatları inkişaf edən ölkələrinin iştirakı məcburidir. Digər tərəfdaş ölkələr isə bu tədqiqatda könüllülük əsasında iştirak edə bilir. Tədqiqatda cəmi 80-ə yaxın ölkə iştirak edir, Azərbaycan da o ölkələrin arasındadır. Bizim nəticələr o siyahının yuxarısında deyil, biz bunu bilirik. Amma tədqiqatda niyə iştirak edirik? Çünki dünya təhsilinin bir hissəsi olmaq istəyirik, harada olmasından asılı olmayaraq". Şöbə müdiri qeyd edib ki, tədqiqata cəlb olunan ölkələr üçün mühüm sual "Nəyi ölçürük" məsələsidir. "Bir sıra ölkələri maraqlandıran əsas məqam hansı məktəbin şagirdinin riyaziyyatı daha yaxşı bilir deyil, hansı şagird özünü məktəbdə xoşbəxt hiss edir sualının cavabını axtarmaqdır. Yəni, öyrədənin yox, öyrənənin xoşbəxtliyi daha vacibdir. Öyrədən nə qədər çalışsa da, əgər öyrənən bunu istəmirsə, onda öyrənmə baş vermir. Təhsilin əsas mahiyyəti öyrənmənin baş verməsidir. Əgər bu baş verirsə, deməli, təhsil var, baş vermirsə, demək təhsil də yoxdur. Ona görə də məktəb mühiti və məktəbdə şagirdlərin özünü necə hiss etməsi təlimin qarşısında duran əsas vəzifələrdəndir. Biz başa düşməliyik ki, çox şeylər, xüsusilə də müəllimlərlə bağlı məsələlər əsaslı şəkildə dəyişir".
E.Əmrullayev qeyd edib ki, müəllimin müqəddəsliyi qalır, çünki bu dəyər məsələsidir. O, Sinqapur təhsil sistemini örnək kimi göstərib. Sinqapurun təhsil standartları, kurikulumlarının əsasında dəyərlər durur, bu dəyərlər aşağı siniflərdən formalaşdırılır. Bu ölkə məhz humanist dəyərlərdən irəli gələrək təhsilini qurmaqdadır. Buna görə də dəyərlər ətrafında müzakirələr aparılmalıdır.
Texnoloji inkişaf təhsilin önündə gedir
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, dosent Qulu Novruzov qeyd edib ki, hələ 5 il əvvəl respublikada humanist pedaqogikaya dair fərqli fikirlər, fərqli baxışlar, yanaşmalar, hətta buna sekta kimi baxanlar da var idi. Əslində isə humanist pedaqogika çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlər nəticəsində pedaqoji ictimaiyyət humanist pedaqogika ideyaları ilə tanış ola biliblər. Azərbaycan çox intensiv islahatlar dövrünü yaşayır. Bu, dünyada təhsil sahəsində gedən dəyişikliklərə adekvat olaraq verilən bir reaksiyadır. Təəssüflər olsun ki, dünyada texnoloji dəyişikliklər təhsil prosesinin önündə gedir. Bu, təkcə Azərbaycanla bağlı olan proses deyil. Hətta ən inkişaf etmiş ölkələrdə belə texnoloji inkişaf təhsilin önündə gedir. "Təhsil elm və innovasiyaların yaradıcısıdır. Amma təəssüflər olsun ki, bəlkə də anormaldır, artıq böyük təhsil tədqiqatçıları kitablar yazır, ali məktəbin rolunu arxa plana çəkirlər. Bəziləri mükəmməl təhsil almanın bəlkə də o qədər əhəmiyyətli olmadığına dair birmənalı qarşılana bilməyən fikirlər səsləndirirlər. Lakin təhsilin fərqli bir missiyası da var". Bu da dəyərlərə söykənən yeni nəsil hazırlığıdır. Ona görə də ərazisinin 20 faizi işğal altında olan ölkənin vətəndaşları olaraq bizi "Bizim yetişdirdiyimiz nəsil hansı dəyərlərə sahib olmalıdırlar" sualı düşündürməlidir. 2014-cü ildə keçirilən ilk pedaqoji oxuda akademik, humanist pedaqogikanın banisi Ş.Amonaşvili 12 yaşlı işaqları göstərərək deyirdi ki, bu uşaqlar çox fərqli uşaqlardır, 5 il keçib, indi o uşaqlar ali məktəblərdə oxuyurlar.
Q.Novruzov qeyd edib ki, əsas vəzifə cəmiyyət üçün yetkin, mənəvi, əxlaqi dəyərlərə, milli və ümumbəşəri dəyərlərə sahib vətəndaş hazırlamaqdır. Bu cür tədbirlər isə məhz yetkin şəxsiyyətin formalaşmasına xidmət edir.
Tədbirdə Azərbaycanda Humanist pedaqogikanın tarixinə dair 5 illik (2014-2019) xronikaya həsr olunmuş videoçarx nümayiş olundu.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun "Sosiologiya və sosial psixologiya" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor, Əməkdar elm xadimi Rəfiqə Əzimova, Humanist Pedaqogika üzrə Təhsil Müəssisələrinin Beynəlxalq Assosiasiyasının prezidenti, Əməkdar müəllim Asif Cahangirov çıxış edərək tədbirin əhəmiyyətindən danışdılar.
Daha sonra ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmovun "Düzgün düşünmək böyük kəşf qədər əhəmiyyətlidir", Təhsil İnstitutunun Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri, professor Elxan Bəylərovun " Dəyərlərin dilemması", ADPU-nun professoru Buludxan Xəlilovun "Ülvi düşüncənin formalaşmasında ədəbi-bədii materialların rolu", professor Asif Cahangirovun "Müqəddəs Qurani-Kərim və humanist pedaqogika", Bakı Humanitar Kollecin direktor müavini Afaq Əliyevanın "Uşaqlara töhfəmiz, intellekt, ürək və düşüncə", Respublika Humanist Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilovun "Düşüncə kosmik fenomen kimi", BDU-nun professoru Mətanət Abdullayevanın "Şagirdi saf düşüncəyə necə yönləndirək?" mövzularında mühazirələri dinlənildi.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.
Oruc MUSTAFAYEV