Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda konfrans keçirilib.

 

Konfransda BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, hər iki qurumun əməkdaşları, Xəzər və Pirallahı rayonlarının ümumi təhsil məktəblərinin direktorları,təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər.

 

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyindən, onların dini radikalizm və ekstremizmin zərərli təsirlərindən qorunması üçün aparılan maarifləndirmə işlərindən danışıb.

 

Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Müdir müavini gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunaraq hər bir gəncin vətənpərvərlik ruhunda formalaşmasının vacibliyini vurğulayıb.

 

Hüseyn Əsgərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə dini maarifləndirmə sahəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətindən danışıb və komitənin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. Müdir müavini Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, paytaxt məktəblərində tədris ili ərzində müvafiq tədbirlərin keçirildiyini də bildirib.