İyunun 27-də Təhsil nazirinin müavini Firudin Qurbanov Qax rayonunun Əlibəyli və Tasmalı kəndlərində yeni məktəb binalarının tikinti işləri ilə tanış olub. 

 

Bildirilib ki, rayonun Tasmalı kəndində 264, Əlibəyli kəndində isə 216 şagird yerlik yeni tədris binaları inşa olunur. Hər iki məktəb binasının 2019-2020-ci tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

 

Nazir müavini təlim gürcü dilində olan Əlibəyli kənd tam orta məktəbinin müəllimləri ilə də görüşüb və onlarla söhbət edib. Görüşdə nazir müavini ölkə Prezidentinin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, əldə olunan nailiyyətlər barədə məlumat  verib.

 

Firudin Qurbanov həmçinin Uşaq-Gənclər Şahmat İdman Məktəbindəki şəraitlə də tanış olub. Nazir müavini məktəbdənkənar müəssisənin nəzdində fəaliyyət göstərən qruplara cəlb olunan şagirdlər və onların müəllimləri ilə görüşüb, öz tövsiyələrini verib.