ABŞ-da hər il keçirilən "Genius" Olimpiadasında “Kaspi” liseyinin şagirdləri növbəti uğura imza atıblar.

 

79 ölkə və ABŞ-ın 40 əyalətindən olan 1400-dən çox şagirdin iştirakı ilə keçirilən olimpiadada "Kaspi" liseyini 6 nəfərdən ibarət 2 komanda təmsil edirdi.

 

Olimpiadada uğurla iştirak edən X sinif şagirdləri Əzizağa Hüseynov, Əli Quluzadə  və VIII sinif şagirdi Əbülfəz Rəsulzadə qızıl medal qazanıb. Liseyin VIII sinif şagirdləri Hüseyn Nadirov, Fərhad Süleymanzdə  və IX sinif şagirdi Hüseyn Rəsulzadə  isə bürünc medala layiq görülüblər. Beləliklə, “Kaspi” liseyini təmsil edən hər iki komanda 3 qızıl, 3 bürünc olmaqla, ümumilikdə 6 medal qazanıb.

 

Bununla da “Kaspi” liseyinin beynəlxalq olimpiadalarda qazandığı medalların sayı 100-ə çatıb.

 

Hər il Nyu-York Dövlət Universitetinin ev sahibliyi etdiyi və Osveqo şəhərində keçirilən "Genius” olimpiadası ABŞ-ın ən böyük elm sərgisi hesab olunur. Yarış iştirakçıları beş fərqli kateqoriya olmaqla, ekologiya və ətraf mühit problemlərinin həlli istiqamətində müxtəlif layihələrlə çıxış edirlər.