Azərbaycan-Fransız Universitetinin (UFAZ) I kurs tələbələri arasında ilk dəfə "Kangourou" beynəlxalq riyaziyyat müsabiqəsi keçirilib. Müsabiqədə iştirak edən 35 tələbəyə 50 dəqiqə ərzində məntiq və riyaziyyat üzrə test tapşırıqları verilib.
Reytinqlərin nəticələrinə əsasən, UFAZ-ın 10 tələbəsi Fransa üzrə 500-dən çox iştirakçı arasında ilk 100-lükdə yer alıb. Kimya mühəndisliyi ixtisası üzrə I kurs tələbəsi Ləman Cəlilova 4-cü yeri tutaraq qızlar arasında ən yaxşı nəticəni göstərib. Ləman Cəlilova, həmçinin UFAZ-ın neft-qaz mühəndisliyi ixtisası üzrə I kurs tələbəsi Rövşən Ələskərov 11-18 iyul tarixlərində Fransada təşkil olunacaq “Kangourou” beynəlxalq yay riyaziyyat düşərgəsində iştirak edəcəklər.
1994-cü ildən etibarən "Kangourou Sans Frontières" (Sərhədsiz Kenquru) Assosiasiyası hər il "Kangourou" beynəlxalq riyaziyyat müsabiqəsini dünyanın dörd bir tərəfində 6 milyondan çox iştirakçı üçün təşkil edir. Bu müsabiqə ilk dəfə 1991-ci ildə fransalı iki müəllim André Deledicq və Jean Pierre Boudine tərəfindən Fransada "Kangaroo" adı altında keçirilib.
İlk dəfə müsabiqəyə 120 min iştirakçı qatılıb. Müsabiqə 21 Avropa ölkəsində "Kangaroo without borders" adı altında keçirilir.