Stajı 10 ildən çox olan və 3 ildən az bir müddətdə işdən ayrılan müəllimlərə işə qəbul müsabiqəsində güzəşt nəzərdə tutulub. Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov jurnalistlərə aşıqlamasında deyib ki, bu, ötən il müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişiklikdən sonra mümkünləşib. Dəyişikliyə uyğun olaraq müəllimlərin test imtahanlarında göstərdiyi nəticələr 2 il müddətində qüvvədə qalır. Şöbə müdiri qeyd edib ki, ötən il müsabiqədə iştirak etmiş namizəd işə qəbul imtahanlarında təkrar iştirak edəcəyi təqdirdə onun son, yəni cari ilin nəticəsi nəzərə alınacaq: “2018-ci ildə müsabiqəyə qatılan şəxs bu il yenidən müsabiqəyə qatılsa, onun bu il topladığı nəticə nəzərə alınacaq. Onun əvvəlki nəticəsi ləğv olunacaq”.

 

E.Bağırov bildirib ki, 2014-cü ildən başlayan müəllimlərin diaqnostik qiymətləndirməsi 2018-ci ildə bütün ölkəni əhatə edib: "Demək olar ki, bütün müəllimlərin nəticələri artıq Təhsil Nazirliyində toplanıb. Buna görə də stajı 10 ildən çox olan və 3 ildən az bir müddətdə işdən ayrılmış şəxslər üçün güzəşt olacaq. Onlar artıq test imtahanına təkrar iştirak etməyərək yalnız əvvəl topladıqları nəticəyə görə vakansiya seçimində iştirak edəcəklər. Bu da stajı çox olan təcrübəli müəllimlər üçün bir əlavə imkan kimi qiymətləndirilməlidir".

 

Ruhiyyə