Akademik Zərifə Əliyeva adına lisey yeni tədris ilindən layihə məktəbinə keçir


Akademik Zərifə Əliyeva adına lisey 2008-ci ildən fəaliyyət göstərsə də, 11 ilə sığışmayan böyük uğurlara imza atıb. Verdiyi təhsilin keyfiyyəti, müəllimlərinin təcrübə və savadı ilə üstünlüyünü göstərən lisey artıq şagirdlərinin nəticələri ilə də öyünür. Məsələn, AMEA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun keçirdiyi “Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsində 9 şagird sentyabrda keçiriləcək final turuna keçid hüququ qazanıb.

 

Ötən ay Tbilisidə keçirilən “World schoolar”s Cup” (WSC) beynəlxalq olimpiadasında iştirak edən liseyin şagirdləri müxtəlif ölkələrin 100 komandası arasında ikinci yerə layiq görülüblər. Ayrı-ayrı nominasiya üzrə 3 kubok, 25 qızıl, 45 gümüş medalla təltif olunublar. Bu, qazanılanların sadəcə bir qismidir. 2018-2019-cu tədris ilinin yekunlarına görə, liseyin 631 şagirdindən 181 nəfəri məzun oldu. Amma lisey, sadəcə məzunları ilə deyil, bütün şagirdləri ilə birlikdə daha bir tədris ilinə yekun vurur.

 

Liseyin son bir ilinin uğurlarında payı olan şagirdlərini saymağa barmaq yetmir.

 

 

Liseyin qalib məzunları

 

 

Ölkə əhəmiyyətli yarışlarda lisey şagirdləri fəal iştirak edirlər. Uğurlu məzunlarından biri “Ədəbiyyat biliciləri” müsabiqəsində fərqlənib. XI sinif şagirdi Nəzrin Məmmədova bu yarışda I yerə layiq görülüb: “Daha çox müəllimimin təkidi ilə müsabiqəyə qatıldım. Ancaq yaxşı ki, də qatıldım.

 

Təhsil ili ərzində çox oxuya bilmirəm. Ancaq il ərzində kitabları alıb yığır, yay tətilində oxuyuram. İl ərzində aldığım kitabları avqust ayına qədər bitirib yenidən kitab almalı oluram. Oxumağı da, öyrətməyi də çox sevirəm. Ona görə də Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsil almaq və müəllim olmaq istəyirəm”.

 

 

 

 

 

“Daim rəqabət mühiti var”

 

 

İsmayıl Məmmədli 308 nömrəli məktəbdə kimya, akademik Zərifə Əliyeva adına liseydə isə fizika üzrə uğurlar qazanıb. Respublika fənn olimpiadasında fizika üzrə bürünc medala layiq görülüb. Ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqənin yaz imtahanlarında 645 bal toplayıb. Müsabiqədənkənar qəbul olunmaq şansı olsa da, arzuladığı ixtisas üzrə təhsil almaq üçün imtahan verib. Ancaq yay imtahanlarına da qatılacaq. 700 bal toplaması mümkün olmasa da, daha yüksək nəticə əldə etmək istəyir. Buraxılış imtahanında 270 bal toplayıb.

 

Toğrul Hacızadə də artıq məzundur. Coğrafiya fənni üzrə iki dəfə respublika fənn olimpiadalarının qalibi olub. Bu il lisey şagirdləri arasında coğrafiya üzrə o, medal qazanıb. Ali təhsil müəssisələrinə qəbul imtahanlarındakı nəticəsi isə nəinki məktəb üzrə, bütövlükdə ölkə üzrə seçilir. Belə ki, o, ikinci ixtisas qrupu üzrə 692 bal toplayaraq yaz imtahanının birincisidir.

 

Məktəbli Olimpiadalarda iştirak və uğur qazanmağında akademik Zərifə Əliyeva adına liseyin mühitinin rolunu qeyd edir: “Daim rəqabət mühiti var. Hamı fərqlənməyə çalışır. Belə bir mühitdə insan oxumadan dayana bilməz. Adam daim öyrənmək,  cəhd etmək istəyir. Düşünürsən ki, niyə mən də yoxlamayım özümü”.

 

 

Elə həkim olacaq ki...

 

 

Tərlan Alışanlı olimpiadalara VIII sinifdən maraq göstərib. Kimya fənni üzrə ilk dəfə olimpiadaya qatılıb və ikincilik əldə edib. Bu uğur onu fənn üzrə istedadı olduğuna inandırıb. Sonradan layihə üzrə olimpiadalara qatılmağa qərar verib. Layihəsi “Sabahın alimləri” müsabiqəsində uğur qazanmayıb. Ancaq eyni layihə ilə Türkiyədə keçirilən  “MEF Təhsil qurumları, Araşdırmalar” layihə müsabiqəsində iştirak edib və 3-cü yerə layiq görülüb. O, X sinif şagirdi Məryəm Hacıyeva ilə birlikdə təqdim etdiyi bu layihə ilə 750 layihə arasında seçilib və fərqləndirilib: “Olimpiada mütəmadi oxumaq, öz üzərində işləmək tələb edir. Bir fəndən olimpiada qalibi olmaq üçün başqa fənləri də bilməlisən. Məsələn, riyaziyyatı bilmədən kimya üzrə olimpiada qalibi ola bilməzsən. Fənləri oxumaqla da kifayətlənmirəm. Əlavə olaraq alman dilini də öyrənirəm. Həkim olmaq istəyirəm. Neyrocərrahiyyə üzrə xaricdə təhsil alacağam. Məqsədim odur ki, ölkəmizdə bu sahəni elə bir səviyyəyə çatdırım ki, heç kim müalicə üçün xaricə getməsin”.

 

Liseyin daha bir məzunu Xaqani Məmmədli bu il respublika fənn olimpiadasında gümüş medal qazanıb: “Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi idim. Orada fikir ayrılığı yaşayırdım. Xüsusən, müəllimlərlə fikirlərim üst-üstə düşmürdü. Bir qohumum akademik Zərifə Əliyeva adına liseyin heç bir təhsil müəssisəsindən geri qalmadığını, yaxşı təhsil verdiyini dedi. Mən də imtahan verib birinci oldum və liseyə qəbul edildim”.

 

Xaqani respublika fənn olimpiadasının qaliblərindən biri olaraq müsabiqədənkənar qəbul şansından istifadə etməyəcək. Ali təhsil müəssisələrinə qəbul müsabiqəsinin yaz imtahanlarında 640 bal toplayıb. Yay imtahanlarında da iştirak edərək daha yüksək bal toplamağı hədəfləyib. Tibb üzrə yaxşı mütəxəssis olaraq insan genetikasını araşdıracaq.

 

 

Robototexnikada bir komandada

 

 

Akademik Zərifə Əliyeva adına liseydə tədrisin bir komponenti də robototexnikadır. Təhsil müəssisəsinin müəllimləri öz şagirdlərini mühəndislik və texnologiya istiqamətində düşünməyə təşviq edir və bu, onlarda çox yaxşı alınır. İnformatika və robototexnika müəllimi Kəmalə Rəsullu son tədris ilində bu sahədə uğurlarının əvvəlki illə müqayisədə artdığını deyir: “Mən də, liseyimizin direktoru da yenilikləri ilk tətbiq edən təhsil müəssisələrindən olmaqda maraqlıyıq. İsrail təcrübəsinin Azərbaycana gətirilməsi ilə bağlı “STEM-Təhsil” sahəsində 3 müəllim iştirak etdik. Bu layihənin də liseydə təhsilə öz töhfəsini verəcəyinə inanırıq”.

 

Uşaqların mühəndislik, proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək, onları komanda ilə işləməyə alışdırmaq istəyirlər. Kəmalə müəllim deyir ki, təcrübəsi az olsa da, robototexnika sahəsində bacarıqlı uşaqları seçməkdə yanılmır. İş prosesində məsuliyyəti də onlarla yarıbayarı bölüşür: “Texnologiya elə bir sahədir ki, burada uşaqlarla iş təxminən yarı-yarıyadır. Şagirdlərimlə rolları 50-50-yə bölüşürəm. Biz bir komandayıq. Seçərkən isə daha çox yarışa getmək istəyən, daha çox özünü inkişaf etdirməkdə maraqlı olan, dərsdən sonra qalıb işləyən, daha çox sual verib çox şey öyrənmək istəyənlərə üstünlük verir, onlarla çox işləyirik”. 

 

Kəmalə müəllimin sözlərinə görə, apardıqları işin nəticəsidir ki, şagirdləri arasında bacarıqlı mühəndislər yetişir. Bu da onlar.

 

Oktyabr ayında keçirilən Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf  Mərkəzinin təşkilatçılığı ilə keçirilən II Robot Olimpiadasında şagirdləri Naim Xuduzadə və Ruslan Bayramov III yerə layiq görülüblər.

 

 

Uğur qazana-qazana təcrübə topladım

 

 

Naim Xuduzadə X sinif şagirdidir. Deyir ki, uşaqlıqda əlinə keçəni sındırıb: “Sonra da özümə lazım olduğu üçün onu düzəltmək məcburiyyətində qalırdım. Daha sonra evdə sınan başqa alətləri də düzəltməyə başladım. Ailədə bu marağımı fərq edib mənə leqo alırdılar. Sonra isə bu marağımdan istifadə etməyə başladılar. Mən də daha mürəkkəb leqolar üçün qarşıma qoyulan vəzifələrin öhdəsindən gəlməyə çalışırdım. Getdikcə bu marağım daha da gücləndi. Hətta akademik Zərifə Əliyeva adına liseyə də buradakı konstruksiyalarla işləmək həvəsi ilə qəbul olundum. Burada Elvin Bilalovla birgə işlədik. Qərbi Kaspi Universitetində keçirilən məktəblilər arasında LEGO Sumo robototexnika olimpiadasında birinci yeri tutdum. Ondan sonra Elvinlə birgə qatıldığımız Rumıniyada keçirilən İNFİMATRİX  yarışında da qızıl medala layiq görüldüm. Daha sonra Dünya Robot Olimpiadasında bürünc medal qazandım”.

 

Naim deyir ki, akademik Zərifə Əliyeva adına lisey ona yarışlarda qalib olmaqdan daha çətin bir işin öhdəsindən gəlməyi də öyrədib: “Yarışlarda uğur qazana-qazana həm də təcrübə topladım. Ancaq ən böyük təcrübə mənim üçün birgə iş oldu. Liseydə yaratdığımız komanda bizim bu günə qədər qazandığımız ən böyük uğur oldu. Həmişə tək işlədiyimizdən komanda işi bizə çox çətin gəldi. Komanda ilə qatıldığımız ilk yarışda hər hansı mükafata layiq görülməsək də, komanda şəklində işləməyin əsasını qoyduq. Bunun gələcəkdə bizə indikindən daha çox xeyri olacağını düşünürəm”.

 

2018-2019-cu dərs il Naim üçün komanda ilə işləmək, daha yuxarı pillələrdə yarışmaq demək olub. Yaxşı bir universitetin tələbəsi, ürəyincə olan bir ixtisas üzrə kadr olmaq şansı yaradıb: “Qazandığım medallar istədiyim universitetdə təhsil almaq imkanı deməkdir. Bu, nəinki ölkəmizin, hətta dünyanın ən yaxşı universitetlərindən dəvət deməkdir”.

 

Naimin planı keyfiyyətli təhsil alıb öz ölkəsinə xidmət etməkdir. Deyir xəyalları çox genişdir: “Babam deyib ki, süpürgəçi olsan da, milyoner olmağı xəyallarında saxlamalısan. Mən də buna əməl edəcəyəm. Harda olmağımdan asılı olmayaraq, xəyalımdakı Naimi yaratmaq üçün cəhdlərimi davam etdirəcəyəm”.

 

Naimin komanda yoldaşı Elvin Bilalov da X sinif şagirdidir. Robototexnikaya marağı Rumıniyada keçirilən yarışda II yeri tutandan sonra başlayıb: “Uşaqlığımdan söküb-yığmağı sevirəm. Mənə alınan hər şeyi əvvəlcə söküb içinə baxmışam, sonra yığıb istifadə etmişəm. Hətta velosipedimi belə söküb-yığandan sonra sürməyə başladım. VII-VIII siniflərdə elektrotexnikaya marağım artdı. Akademik Zərifə Əliyeva adına liseyə qəbul olunandan sonra bu marağım daha da inkişaf etdi. Müəllimlərimin bu məsələdə rolu əvəzsizdir. Qərbi Kaspi Universitetində keçirilən məktəblilər arasında LEGO Sumo robototexnika olimpiadası iştirak etdiyim ilk müsabiqə oldu və bu iştirakım məni həvəsləndirdi. Qalib ola bilməsəm də, bu, məni həvəsdən salmadı. Əksinə, bütün yarışlara qatılmağa başladım. Bu il öz ideyamla hazırladığım təcili yardım və yanğınsöndürən maşınlarım ikinci yerə layiq görüldü”.

 

Rumıniyada keçirilən İNFOMATRİX  yarışında qazandığı bu uğur təsadüfi deyil. Elvin hesab edir ki, onun üçün öz ideyası ilə hər hansı məhsul ortaya qoymaq çətin deyil, nəinki başqasının fikirlərini icra etmək: “İstəyirəm, özüm bir şey fikirləşim və onu reallaşdırım”.

 

Gələcək ilə bağlı qərarında isə tərəddüd edir. Olmağına mühəndis olacaq, ancaq hansı sahə üzrə, bax, buna hələ qərar verməyib: “Sadə yerlərdən başlayacağam. Əvvəlcə, böyük təcrübə toplamalıyam. Təcrübəyə bəlkə aviasiya üzrə, bəlkə də gəmi üzrə mühəndis olaraq başlaya bilərəm. Hələlik qəti qərar verməmişəm. Yalnız onu bilirəm ki, öz işimi qurmaq istəyirəm”.

 

 

Layihə müsabiqəsinin medalçıları

 

 

Qeyd edək ki, Rumıniyada keçirilən “İNFOMATRİX”  layihə müsabiqəsində  liseyin bir qızıl, iki gümüş medalı var. Liseyə bu medalları Qasım Qasımzadə, Yusif Qasımzadə və Nəcəf Məmmədov gətirib.

 

Qızıl medal qazanan  Qasım Qasımzadə deyir ki, robototexnikaya marağı uşaqlıqdan var: “Uşaqlıqdan leqo yığıram. Olimpiada barədə müəllimimiz Kəmalə xanım məlumat verdi və iştirak etməyi tövsiyə etdi. Mən də qatıldım. Bu olimpiadada iştirak və uğur qazanmağım məni daha da həvəsləndirdi. Artıq gələcəyimlə bağlı düşünərkən, planlar qurarkən özümü bu sahənin mütəxəssisi kimi Amerikada görürəm”.

 

Nəcəf Məmmədov isə robototexnikanı özü üçün liseyə gələndən sonra “kəşf” etdiyini deyir: “Leqoya marağım uşaqlıqdan olub. Ailəm də mənim bu həvəsimi stimullaşdırıb. Qarşıma müxtəlif məqsədlər qoyaraq öhdəsindən gəldiyim təqdirdə mənə quraşdırmaq üçün müxtəlif səviyyəli konstruksiyalar alacaqlarına söz verirdilər. Sonra liseydə yüksək səviyyəli müəllim kollektivi və yaşca məndən böyük olan, bu sahə üzrə bacarıqlı şagirdlər mənə kömək etdilər. Elvinlə, Cabirlə birgə işləyə-işləyə çox şey öyrəndim. Məni bu sahəyə həvəsləndirən məhz şagirdlər oldu. Gördüm ki, ətrafımda hamı işləyir, özünü inkişaf etdirir. Mən də onlardan geri qalmaq istəmədim”.

 

IX sinif şagirdi Nəcəfin xəyalları yox, planları var: “Məqsədlərim var. Plan qurarkən daha qısa müddət üçün olmasına diqqət edirəm. Bir neçə ay ərzində nail ola biləcəyim hədəflər qoyuram. Düşünürəm ki, hədəf uzunmüddətli olarsa, məqsədə gedən yolda dolaşa bilərəm.  Ona görə də, qısa müddət üçün kiçik planlar quraraq daha böyük məqsədlərə çatmağı hədəfləyirəm”.

 

 

Əsas hədəfi ölkəsidir

 

 

III Robot Olimpiadasında  isə Ruslan Bayramov, Elvin Bilalov, Cabir Tahirov II yerə layiq görülüblər. Robot  Olimpiadası qaliblərindən biri olan X sinif şagirdi Cabir Tahirov atası kimi mühəndis olmaq istəyir. Robototexnika ilə hələ “İstək” liseyində oxuduğu vaxtdan maraqlanır. Bu həvəsini akademik Zərifə Əliyeva adına liseydə daha da inkişaf etdirib. Cabir deyir ki, təhsilini tamamlayıb Azərbaycanın inkişafına xidmət etmək istəyir: “Atam deyir ki, insan öz ölkəsini, öz xalqını sevməlidir. Odur ki, əsas hədəfim ölkəmə xidmət etməkdir”.

 

 

Respublika fənn olimpiadalarının “qəhrəman”ları

 

 

Liseyin 16 şagirdi respublika fənn olimpiadalarında  yer tutaraq 1 qızıl, 9 gümüş, 6 bürünc medala layiq görülüb. Onların arasından 4 şagird beynəlxalq komandaya düşüb.

 

Abbas Abbaslı 3 ildir ki, fizika üzrə olimpiadalarda iştirak edir. Artıq liseydən məzun olur: “Fizika fənnini keçməyə başlayandan ona marağım yarandı. VIII sinifdən yay məktəblərinə qoşulmuşam. Bu məktəblərin də hazırlığımda çox böyük rolu oldu. Rəşad müəllimin fizikaya olan marağımın getdikcə artmağında və fənni daha yaxşı mənimsəməyimdə rolu çox böyük oldu. Bu da məni fizikaya daha da meyilləndirdi. Növbəti hədəfim universitetdir. Cənubi Koreyada Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutuna qəbul olunmuşam. Burada fizika ixtisası üzrə təhsil alacağam. Alim olmaq istəyirəm”.

 

Rəvan Abusəmədov isə Qusar rayonundandır. Uşaqlıqdan riyaziyyatı sevir. X sinif şagirdi akademik Zərifə Əliyeva adına liseyə yüksək balla daxil olub. Artıq 2 ildir ki, liseydə oxuyur. Qusarda riyaziyyat üzrə ölkə birincisi olan Rəvan artıq kimya fənni üzrə yarışlarda uğur qazanır. Beynəlxalq Kimya Olimpiadasına qatılmaq istəyir: “Həkim olmaq istəyirəm. Həkimə də kimya daha çox lazımdır. Üstəlik, kimya daha maraqlıdır”.

 

Hüseyn Hacıyev də kompüterdə işləməyi sevir. Ölkəmizdə keçirilən fənn olimpiadalarında həm gümüş, həm də bürünc medal qazanıb. Özünü beynəlxalq səviyyəli bilik yarışlarında da sınamaq istəyir: “Gələn il mənim müsabiqədənkənar ali məktəblərə qəbul müsabiqəsinə qatılmaq imkanım var. Bu, məni arxayınlaşdırmır, hətta daha böyük hədəflər uğrunda mübarizə aparmağa sövq edir. Fikrimcə, mənim belə bir şansımın olması və onun reallaşması başqalarını olimpiada və başqa bilik yarışlarında iştirak etməyə həvəsləndirəcək”.

 

Mahir Sadıqov IX sinifdə oxuyur. RFO-da riyaziyyat üzrə bürünc medal qazanıb.Dediyinə görə, müəllimləri ilə yanaşı sinif yoldaşları da ona kömək edib: “Məncə, şagirdin uğurlarında məktəbin rolu 60 faizdir. Məktəb mühiti, şagirdlər insana təsir edir. Ətrafımda hamının oxumağa maraqlı olması məni də həvəsləndirib. Növbəti tədris ilində riyaziyyat üzrə respublika fənn olimpiadasının qızıl medalını almaq istəyirəm. Riyaziyyat üzrə beynəlxalq olimpiadanın qalibi olmaq ən böyük arzumdur”.

 

Mahir gələcəkdə neft mühəndisi olmaq istəyir. Bakı Ali Neft Məktəbində yaxşı mütəxəssis kimi yetişəcəyinə inanır. 

 

Respublika fənn olimpiadasının daha bir qalibi Hikmət Güləliyevdir. IX sinif şagirdi kimyaya maraqlı olsa da, onu liseydəki fizika müəllimi öz fikrindən yayındırıb. Fizikanı Hikmətə elə sevdirib ki, olimpiada qalibi belə olub: “Bu il fizika üzrə respublika fənn olimpiadasının gümüş medalını qazandım. Hədəfim beynəlxalq olimpiadalardır. Fizika üzrə beynəlxalq olimpiada qalibi olmaq istəyirəm. Fizika mənə, düşüncələrimə daha yaxındır. Burada bir qaydadan yox, qaydaların birləşməsindən daha çox istifadə olunur. Adam fizika ilə çox məşğul olduqca hər yerdə  fizikanı görməyə başlayır. Hər şeyin səbəbi barədə düşünməyə başlayır. Gələcəyimi fizika ilə bağlamaq istəyirəm. Öyrətmə bacarığım aşağı səviyyədə olduğu üçün bir alim ola bilməyəcəyəm. Odur ki, fizika üzrə yaxşı mütəxəssis olmağı düşünürəm”.

 

İslam Əliyev IX sinif şagirdi olsa da, artıq olimpiada iştirakçısı və qalibidir. Kimyaya marağı tədrisə başladığı birinci ildən yaranıb. Mütəmadi olaraq olimpiadalara qatılıb. Finala qədər gəlsə də, qalib ola bilməyib. O da çıxış yolu olaraq bu liseyi seçib: “Düşünürdüm ki, lisey mənim qələbəyə gedən yolumu qısaldacaq. Elə də oldu və bu il bürünc medal qazandım. Gələcəyə baxıram və bu nəticəni artıracağımı düşünürəm. Olimpiadaya hazırlıq mərkəzlərində məşğələlərə qatılıram və gələcəkdə beynəlxalq yarışlarda yer tutmaq istəyirəm”.   

 

 

Məqsəd milli təhsil brendi olmaqdır

 

 

Akademik Zərifə Əliyeva adına liseyin yeni hədəfləri var.

 

Liseyin direktoru Mehriban Vəliyeva deyir ki, növbəti tədris ilindən layihə məktəbinə keçmək niyyətindədirlər: “Uşaqlarımız çox bacarıqlıdırlar. Bütün yarış və müsabiqələrə maraq göstərirlər.“Sabahın alimləri” müsabiqəsində liseyin şagirdləri 7 layihə ilə  iştirak edib, 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazandılar. Sadəcə ölkə miqyasında deyil, dünyanın ayrı-ayrı yerlərində müxtəlif kateqoriyalı yarışlara qatılaraq liseyin adını, nüfuzunu qaldırırlar. Məsələn, Amerikada keçirilən İntel İSEF  beynəlxalq yarışda 3 layihə ilə təmsil olunan lisey şagirdləri Aydan Qədirzadə Ricoh şirkətinin sertifikatına, IX sinif şagirdi Nihad Həmidli və XI sinif şagirdi Nofəl Qədimli isə Yale Elmi və Mühəndislik Birliyinin 2019-cu il mükafatına layiq görülüblər”.

 

M.Vəliyeva deyir ki, başa çatan tədris ilində şagirdləri çox böyük uğurlar qazanıblar. Bakı Mühəndislik Universitetinin keçirdiyi tələbə və şagirdlərin qatıldığı IV Qış Elm Festifalında Nofəl Qədimli və Zəhra Qədimzadə “Clik Enerji” layihəsi ilə II yerə layiq görülüblər. X sinif şagirdi Arif Qəhrəmanlı Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “İdeya var” II Ümumrespublika elm-yaradıcılıq müsabiqəsində III yerdə qərar tutub. Arifin bu layihəsi “Climatelaunchpad” Azərbaycan-2018 startap proqramının ölkə finalına keçən 13 layihədən biri olub. IX sinif şagirdləri Cəmilə Əlizadə və Ələsgər Tarverdiyev Avrasiya Patent Təşkilatının keçirdiyi yarışda layihələri ilə I yerə layiq görülüblər.

 

İyun ayında “İnno FestVillage” çərçivəsində keçirilən “pit-chig” müsabiqəsində də lisey şagirdləri ciddi uğura imza atıblar. ABŞ səfirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən “TechFest Baku” müsabiqəsində Aydan Qədirzadə öz layihəsi ilə I, Nofəl Qədimov və Zəhra Qasımzadə III yerə layiq görülüblər.

 

Ruslan Bayramov və Naim Xuduzadənin uğurlarına diqqət çəkən M.Vəliyevanın sözlərinə görə, Ruslan artıq Amerikada keçirilən İntel İSEF müsabiqəsində yer tutmağı hədəfləyib: “Ruslanın çox gözəl ideyaları var. Biz onu mütəxəssislərlə görüşdürməyi düşünürük ki, çətinlikləri olmasın”.

 

Liseydə əsas istiqamətlərdən biri beynəlxalq təcrübədir. Direktor deyir ki, qloballaşan dünyada şagirdlərini beynəlxalq təhsil təcrübəsi ilə tanış etmək onlar üçün önəmlidir: “İstəyirik ki, özlərini dünyanın müxtəlif ölkələrindən olan şagirdlərin iştirak etdiyi müsabiqələrdə  sınasınlar. Yanvar ayında Qətərdə Beynəlxalq “MUN” konfransında 13 şagird, 3 müəllim, aprel ayında isə Türkiyədə “Robert College İnternational Model United Nations” konfransında 2 müəllim və 15 şagird iştirak etdi. Şagirdlər bütün dünyadan 300-dən çox şagirdin iştirak etdiyi illik beynəlxalq toplantıya qatıldılar. Bütün bunlar onlar üçün maraqlı beynəlxalq təcrübədir”.

 

Lisey direktoru  rəhbərlik etdiyi təhsil müəssisəsinin uğurlarının Azərbaycanla məhdudlaşmağını istəmir: “Beynəlxalq təhsil arenasında milli təhsil brendi olmağı məqsəd seçmişik. Amalımız təhsilimizdən aldığımız güclə qlobal miqyasda tanınmaqdır”.

 

 

Ruhiyyə DAŞSALAHLI